30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsindəki zəfərimizdən 3 il ötür. Bu zəfərlə Azərbaycan dünyaya səs saldı, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.
Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı.
Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün konkret faktlarla təcavüzkarı ifşa etdi. 2020-ci il 17 noyabr tarixində Füzuli şəhərində çıxışı zamanı Prezident xüsusi vurğulamışdı: "Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var".
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Müharibə dövründə Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.
Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır... Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən Kəlbəcər, Ağdam və Laçın rayonlarını işğalçılardan təmizləməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirdi. Böyük siyasi, diplomatik, hərbi səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır məğlubiyyətinin ifadəsi idi.
Bu gün Qarabağ böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub, “Böyük Qayıdış” strategiyası icra olunur. İşğalçı qüvvələr Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın ediblər. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunmaqdadır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.
“Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. 2023-cü il sentyabrın 19-da başlanan cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı ilə Qarabağ bölgəsində yerləşən erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Bununla da Ermənistana layiq olduğu yer göstərildi. Ermənistan hakimiyyətinə reallığı qiymətləndirib, sülh danışıqlarını sürətləndirməsi üçün sonuncu dəfə şans verildi.
Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir və verməlidir. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü artıq 3 ildir ki, noyabrın 8-də təntənəli şəkildə qeyd edilir. Bu il Zəfər gününü daha da özəlləşdirən Xankəndində də ordumuzun hərbi paradının keçiriləcəyidir. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!
Nailə Tağızadə