Heydər Əliyev Fondunun uğurlu təhsil layihələri …

 

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Bu layihələr xeyirxahlıq və humanistlik, həmçinin mənəvi zənginlik baxımından da fərqlənir. 

Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Məhz 19 ili əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir. Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”  proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və digər sahələrdə çoxlu sayda uğurlar qazanılıb. Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır. Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib. 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.

Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Belə ki, Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT-nin İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan böyük əhəmiyyət kəsb edir. Həmin sazişə əsasən Azərbaycanda kor və görmə qabiliyyəti zəif olanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitəsi ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğun artırılmasına, ümumən bu insanların yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Həmin saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk uğurlu nəticəsidir.

Heydər Əliyev Fondunun təhsillə bağlı daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də Azərbaycanda mövcud olan internat məktəblərinə və uşaq evlərinə qayğının artırılmasıdır. Fond bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, həm də kimsəsiz uşaqlara mənəvi dayaq olmağa, onlara bir növ ailə mühiti yaratmağa çalışır. "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində fondun nümayəndələri Bakıda və Abşeronda olan uşaq evi və internat məktəblərinə getmişlər və həmin məktəblərin mövcud problemlərinin həlli üçün müzakirələrdən sonra dörd prioritet istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq.  “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində çoxlu sayda körpələr evi, bağça Fond tərəfindən əsaslı təmir olunub.

Fondun “Təhsilə dəstək” layihəsi yalnız Azərbaycan hüdudlarıyla çərçivələnməmişdir. Belə ki, Fondun dəstəyilə Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir. 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin şagirdləri dərslərini çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qaldıqları bir vaxtda Heydər Əliyev Fondu təşəbbüslə çıxış edib. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə müasir tələblərə cavab verən yeni təhsil ocağı fəaliyyətini bərpa edib. Fond Gürcüstanda yaşayan azərbaycanlıları da unutmayıb, hər sahədə olduğu kimi, təhsil sahəsində də müsbət irəliləyişə nail olmaları üçün dəstək və yardımını əsirgəməyib. Azərbaycanlıların yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsində uzun illər təmir olunmamış bir neçə məktəb binası Fondun dəstəyi ilə əsaslı surətdə yenidən qurulub.

Təhsil millətin, dövlətin və bəşəriyyətin gələcəyidir. Prezident İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər təhsil sahəsinin inkişafına yönəldilib. Bu gün ölkəmizdə təhsilin sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsində Heydər Əliyev Fondunun rolu danılmazdır. Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur.

                                                                                                         Nailə Tağızadə

2023-09-15 / 20:14
Facebook