Azərbaycanın növbəti diplomatik uğuru; beşinci Brüssel görüşü …

 

2023-cü il 14 may tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. Dörd saata yaxın davam edən görüş danışıqların detallı şəkildə aparıldığının göstəricisidir. Görüş bu formatda təşkil olunmuş əvvəlki görüşlər (14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il, 22 may 2022-ci il tarixli, 31 avqust 2022-ci il) kimi Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan oldu. Xüsusi vurğulanmalıdır ki, 14 may görüşü ilə danışıqlarda Brüssel formatı yenidən bərpa olundu. 2022-ci ilin avqustunda Brüsseldə keçirilmiş sonuncu üçtərəfli görüşdən sonra bu formatda danışıqlar aparılmamışdı. Belə ki, ötən ilin oktyabrında Praqada keçirilmiş görüşdən sonra bəzi problemlər meydana çıxmış, bu problemlərin yaranmasında baş rolu isə Fransa oynamışdı. Praqada keçirilən görüşdən sonra Fransa Ermənistanın da istəyi ilə özünü danışıqlar prosesinə qoşmağa cəhd göstərir, hətta bunu İrəvanın dili ilə əsas şərt kimi irəli sürürdü. Bu səbəbdən də ötən il dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti Əliyev-Paşinyan görüşü baş tutmamışdı.

Qeyd edək ki, danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılır. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rəsmi Bakının İrəvana təqdim etdiyi təkliflər aşağıdakılardır:

  • Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
  • Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
  • Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
  • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Üçtərəfli görüşün nəticələrinə dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlama verdi. Şarl Mişelin bəyanatında tərəflərin hansı mövzular istiqamətində müzakirələr apardığı aydın olur. Şarl Mişel bildirdi ki, tərəflərlə sərhəd məsələlərində irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. Bu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etmiş oldu.

Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə etdi. Görüşdə ermənilərin daim iddia etdiyi status məsələsi yenə də qaldırılmadı, hətta dövlətlər arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət belə açılmadı. Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd etdi. Digər maraqlı məqam isə bəyanatda  Laçın yolu və Laçın yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin (NBM) qoyulmasına dair heç qeyd yoxdur. Bu isə belə deməyə əsas verir ki, Azərbaycanın NBM-i öz suveren ərazisində yaratması hər kəs tərəfindən anlayışla qarşılanır, yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Ermənilərin yalançı blokada çağırışları artıq beynəlxalq aləm tərəfindən ciddiyə alınmır.

Mişelin bəyanatında yalnız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə vurğu etməsi, Bakının bu qrup insanla açıq dialoqundan danışması göstərir ki, artıq Qarabağdakı erməni əhali nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan vətəndaşları sayılır. Buna uyğun olaraq da heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən belə söhbət gedə bilməz. İndi əsas odur ki, Qarabağdakı erməni əhali, nəhayət, bunu anlayıb, müvafiq addımlar atsın.

Əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də humanitar məsələlərə - itkin düşmüş insanların taleyinə, mina probleminə toxunuldu. Həmçinin Şarl Mişel bidlrdi ki, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunmasının davam etdirilməsi müzakirə olunmuş məsələlər arasındadır. Kommunikasiya məsələlərinə gəlincə, Şarl Mişel bildirdi ki, nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr nəzərdən keçirildi. Şarl Mişelin bildirdiyinə görə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Ümumilikdə, beşinci Brüssel görüşünü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Normallaşma istiqamətində proseslər Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Ermənistan tərəfinin əvvəlki 4 görüş üzrə razılaşmaların icrasında maraqlı olmamasına,  müqavimət göstərməsinə rəğmən, əldə olunan nəticələr ortadadır. Davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan yenə də bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq sülh razılaşması barədə öhdəlik götürdü. Azərbaycanın tarixi hərbi qələbəsi, uğurlu və çevik xarici strategiyası və Aİ-nin normallaşma prosesində real vasitəçiliyi bu nəticələrin təməlidir. Bu görüş bir daha göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasına maraq göstərir. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan Aİ regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır.           

                                                                                                         Nailə Tağızadə

2023-05-15 / 15:47
Facebook