30 ilə yaxın işğaldan sonra azad edilən Qarabağda genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını və məcburi köçkün və qaçqınların öz doğma kəndlərinə, qəsəbələrinə və şəhərlərinə geri qaytarılmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramına start verildi. Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir. Son 3 ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 6,6 milyard ABŞ dollarından çox vəsait sərf edib.
2 may 2023-cü il tarixində Prezident İlham Əliyevin həyata keçirilən yenidənqurma və bərpa işləri ilə bağlı Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutdu. Ağdamdan başlayan səfər çərçivəsində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə bir sıra vacib obyektlərin təməlqoyma mərasimində iştirak etdi. İlk öncə dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoydu. Qeyd edək ki, bu müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlinin qoyulması mərasimində də iştirak etdilər. Ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır. Ümumi sahəsi 17 hektara yaxın olan 3-cü yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi isə çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak etdilər. Zirzəmi və beş mərtəbədən ibarət olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.
Prezidentin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Ağdama səfəri çərçivəsində dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə də tanış oldu. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir və elektrikləşdirilməyib. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib. Bildirildi ki, dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platforma, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılıb. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir. Dövlətimizin başçısına Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi barədə də məlumat verildi. Bildirildi ki, kompleks vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur.
4 may tarixində isə dövlət başçısının Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına səfəri reallaşdı. Prezident Laçın rayonunun Güləbird kəndinin təməlqoyma mərasimində iştirak etdi. Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
Qubadlı rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, Qubadlı şəhərində tikiləcək inzibati binanın, Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının, 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimlərində iştirak etdi. Həmçinin dövlət başçısı Qubadlı rayonunun Xanlıq, Mahruzlu, Zilanlı kəndlərinin təməllərinin qoyulması mərasimində iştirak etdi. Qeyd edək ki, Xanlıq kəndinin layihələndirilən ərazisi elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin (1024 ailə) məskunlaşdırılması planlaşdırılıb. Mahruzlu kəndinin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Zilanlı kəndinin layihələndirilən ümumi ərazisi isə 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.
Zəngilana səfəri çərçivəsində dövlət başçısı Zəngilan Konqres Mərkəzinin, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, Zəngilan şəhərində inzibati binanın, otel kompleksinin, Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimlərində iştirak edib. İlham Əliyev Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlini qoydu. Qeyd olundu ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.
Cəbrayıl rayonuna səfəri çərçivəsində dövlət başçısı Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak etdi. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək. İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını etdi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış oldu, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoydu. Mayın 4-də Prezident Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinin təməlini qoydu. Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Kəndin layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib. Horovlu kəndinin layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Dövlət başçısı Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə də tanış oldu. 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.
Mayın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd və Füzuli rayonlarında səfərdə oldular. Dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoydu. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış oldu, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etdilər. Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, “Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını etdi.
Füzuli rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak etdilər. Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını etdi, Dədəli kəndinin təməlini qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olaraq Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak etdilər. Dövlətimizin başçısına və birinci xanıma Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə məlumat verildi. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışını etdi. Dövlətimizin başçısı və birinci xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Prezident İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoydu.
Göründüyü kimi, dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına növbəti səfəri yenə məhsuldar oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqlarının yenidənqurma, bərpa işlərinə start verilib və quruculuq işləri sürətlə davam etdirilir. Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağımız özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş ərazilərimizdə həyat yenidən başlayır.
Nailə Tağızadə