2023-cü il 23 aprel tarixində Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi quruldu. Bu hadisə dövlətimizin öz əraziləri üzərində suverenliyinin növbəti təsdiqidir.
Ermənistan 2 ildən çoxdur ki rəsmi Bakının sülh müqaviləsi üzrə təkliflərinə cavab vermir, məntiqsiz və arqumentsiz açıqlamaları ilə danışıqlar prosesinə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquqa zidd müddəalar daxil etməyə cəhdlər göstərir və müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra da Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə öz təcavüzkar fəaliyyətini həyata keçirməkdə davam edirdi. Bəyanatın müddəalarına zidd olaraq Ermənistan və qanunsuz erməni hərbi birləşmələri Laçın-Xankəndi yolundan hərbi məqsədlərlə istifadə edir, xarici terrorçu qüvvələri bölgəyə gətirirdi. Ermənistan bilavasitə “sülhməramlı”ların himayəsi altında bölgəni hərbiləşdirir, qanunsuz daşımalar həyata keçirirdi. 2022-ci ilin avqustundan etibarən Ermənistandan Laçın yolu vasitəsilə Azərbaycan ərazisinə 2700-dən artıq piyada əleyhinə minalar gətirilib və onların hamısı 2021-ci ildə Ermənistanda istehsal edilib. Bütün bu faktlar Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında bağlanmış üçtərəfli müqavilədən sonra reallaşıb. Ötən il dekabrın 12-dən etibarən Azərbaycan vətəndaş cəmiyyəti fəallarının həmin yolda keçirdiyi ardıcıl aksiyalar Ermənistana oradan minaları keçirərək, Azərbaycan ərazisində yerləşdirmək imkanını məhdudlaşdırdığından gizli yollardan istifadə edilib. Onların bu cəhdləri mütəmadi olaraq Azərbaycan Müdafiə Nazirliyinin apardığı video çəkilişlərlə qeydə alınmış və xəbərdarlıq olunmuşdur. Aprelin 22-də Azərbaycan Ordusunun üç hərbçisi elə Ermənistandan Xankəndinə göndərilmiş minalara düşdülər. Belə ki, Şuşa rayonunun Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Azərbaycan tərəfinin Ermənistana və Rusiya sülhməramlılarına iki il yarım ərzində bəyannamənin müddəalarına əməl etməklə bağlı çoxsaylı iradları və çağırışları lazımi nəticə vermədi. Buna görə də, Azərbaycan özünün suveren hüququndan çıxış edərək və bölgədəki əhalinin hüquqları və təhlükəsizliyini təmin etməklə bağlı beynəlxalq öhdəliklərinə uyğun olaraq Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurdu. Məlumdur ki, Azərbaycan tezliklə Laçın daxil olmaqla, azad edilmiş digər ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışını təmin edəcək. Ermənilərin Laçın yolundan sui-istifadə etmələri vətəndaşlarımız üçün təhlükə yaradır və Azərbaycan, ilk növbədə, öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün çalışır. Ermənistan isə öz fəaliyyəti ilə həm buradakı dinc ermənilərin, həm də azərbaycanlıların həyat və təhlükəsizliyini risklə üz-üzə qoyurdu. Belə ki, bu, Qarabağda yaşayan mülki ermənilərin də hüquq və təhlükəsizliyinin təmin edilməsinə yönələn bir addımdır. Bu baxımdan, Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsini yaratması Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın və əmin-amanlığın təməlinin qoyulması istiqamətində mühüm bir qərardır. Son zamanlar xaricdə ölkəmizə qarşı aparılan çirkin təbliğatın əsas iddialarından biri odur ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin edə bilməz. Həmçinin Bakının məqsədi guya ki, burada etnik təmizləmə həyata keçirməkdir. Bu təbliğata uyan bəzi erməni himayəçiləri də yersiz olaraq öz çıxışlarında və bəyanatlarında Azərbaycanı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin etməyə çağırırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır, ancaq cinayətkar qüvvələr 30 il burada yaşayan insanları girov saxlamaqdadır. Sülh danışıqları gündəmə gəlincə, sərhəddə Ermənistanın siyasi-hərbi hakimiyyətinin birbaşa tapşırığı ilə təxribatlarla qarşılaşırıq. Götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyən Ermənistandan fərqli olaraq Azərbaycanın açdığı humanitar dəhlizdən rəsmi İrəvan öz çirkin məqsədləri üçün istifadə etməklə davamlı şəkildə gərginlik yaradır. Bununla yanaşı, mina terroru, ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı erməni vəhşiliyinin mahiyyətini göstərir. Bütün bunların fonunda rəsmi Bakının Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan - Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini təsis etməsində qeyri-adi heç nə yoxdur. Buna görə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatından “narahat” olan qüvvələr Laçın yolunda DSX postunun qoyulmasını dəstəkləməlidirlər. Çünki bu ilk növbədə vətəndaşların, - təbii ki, burada söhbət Qarabağda yaşayan ermənilərdən də gedir -, təhlükəsizliyi üçün atılmış addımdır. Bu Azərbaycanın legitim, konstitusion haqqıdır.
Azərbaycanlı ekofəallar Xankəndi-Şuşa yolunda etiraza başlayanda erməni təbliğatçıları “guya Xankəndidə humanitar fəlakət yaradılır” kimi saxta iddialar səsləndirdikləri kimi, indi də erməni tərəfi və onun havadarları eyni təbliğatı həyata keçirirlər. Dövlətimiz rəsmi bəyan edib ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yalnız Azərbaycan Bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilərlər. Separatizmə meyilli olan şəxslər isə özləri üçün başqa yer tapıb yaşamaq barədə qərar qəbul etməlidirlər.
Yeni sərhəd-buraxılış məntəqəsinin açılması Azərbaycan ərazilərinə Ermənistan tərəfindən daxil olan istənilən yüklərin qanun çərçivəsində yoxlanılmasına imkan verəcək. Bu da ərazilərimizdəki qanunsuz separatçı birləşmələrin silahlanmasına imkan verməyəcək. Birincisi, bu, ölkəmizin suveren hüququdur. İkincisi, rəsmi Bakının bu qərarı sülh prosesinə töhfə vermiş olacaq. Azərbaycanın atdığı addım məhz beynəlxalq hüquq baxımından mübahisəsiz və müzakirəsiz bir qərardır. Təəssüf ki, biz yenə də ikili standartların şahidi oluruq və haqlı qərarımız beynəlxalq təzyiqlərlə qarşılanır. 30 il ərzində torpaqlarımızın işğalı faktına səsini çıxarmayan ABŞ və Avropa İttifaqının bəzi ölkələri bu hadisədən narahat olduqlarını, təəssüfləndiklərini vurğulayırlar, bəzi ölkələr və beynəlxalq təşkilatlarsa açıq şəkildə narazılıqlarını bildirirlər. Fransanın mövqeyi isə bacısı Ermənistanla tam eynidir. İrəvanla Paris Həkəri çayının sahilindəki nəzarət-buraxılış məntəqəmizin dərhal ləğv edilməsini, Dövlət Sərhəd Xidmətinin hərbçilərinin "Laçın dəhlizindən təcili çıxarılmasını" tələb edirlər.
Xankəndində təcili toplanmış qondarma "Təhlükəsizlik Şurası" da bəyanat qəbul edərək "aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması qarabağlı ermənilərin birmənalı olaraq Azərbaycanın girovuna çevrilməsi deməkdir" kimi sərsəm fikirlə çıxış ediblər. "Qarabağlı ermənilərin üzləşdikləri təhlükəsizlik və humanitar problemlərin həlli üçün ən qısa zamanda effektiv addımların atılmasını gözləyirik. Belə addımdar atılmazsa biz bundan sonra nə etmək gərəkdiyini düşünməli olacağıq", - deyə bəyanatda deyilir.
Maraqlıdır ki, bu aqressiv bəyanatıyla qondarma rejim hansı cürətlə Azərbaycanı hədələyir? Göründüyü kimi, Xankəndindəki oyuncaq rejim açıq şəkildə ultimatum göndərir və hədələyir. Ancaq bizimlə hədə dili ilə danışmaq olmaz. Yaxşı olar ki, erməni separatçıları 44 günlük Vətən müharibəsində sülh üçün necə yalvardıqlarını xatırlasınlar.
Hər bir dövlətin öz sərhədləri daxilində nəzarət-buraxılış, yoxlama və ya baxış məntəqələri, yaxud postları yaratması onun suveren hüququdur. Rəsmi Bakı faktiki olaraq vətəndaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirib. Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Mülki ermənilər Laçın-Xankəndi yolundan hər iki istiqamətdə rahat, asudə şəkildə istifadə edə bilərlər. Bundan sonra Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinin təklifini qəbul edərək reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, yerli erməni əhalisinin həyat tərzi bir o qədər yaxşılaşar. Rusiya Sülhməramlı Kontingenti, eyni zamanda kənardan Ermənistanı revanşizmlə alovlandıran qüvvələr bu prosesə maneə olmamalı, sabitliyin qorunmasına xidmət etməlidir. Biz fəaliyyətimizlə sübut edirik ki, heç kimdən, heç nədən qorxmuruq və sona qədər də öz suveren hüquqlarımızın bərpası üçün çalışacağıq, mübarizəmizdən əl çəkməyəcəyik.
Nailə Tağızadə