Azərbaycan-İsrail əməkdaşlığında yeni mərhələ ...

 

Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir.

Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri İsrail olmuşdur. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıdı, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə quruldu. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.

2009-cu ilin may ayında paytaxt Təl-Əvivdə qarşılıqlı münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycan-İsrail biznes forumu keçirilmişdi. 2009-cu il 28-29 iyun tarixlərində İsrail Prezidenti Şımon Peresin Azərbaycana səfəri ilə dövlətlərarası əlaqələrin inkişafında yeni bir mərhələyə start vermişdir. Belə ki, İsrail-Azərbaycan münasibətlərinin tarixində ilk dəfə olaraq dövlət başçıları səviyyəsində səfər baş tutmuşdu. Səfər çərçivəsində kommunikasiya , təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilələr imzalanmışdır. 2010-cu il 15 fevral tarixində isə İsrailin Baş naziri Ehud Olmert ölkəmizə səfər etmişdir.

2016-cı il 13 dekabr tarixində İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri isə Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün uğurlu oldu. Səfər çərçivəsində “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” anlaşma memorandumu imzalandı. Birgə Komissiyanın fəaliyyətə başlaması ilə tərəflər arasında iqtisadi əməkdaş­lıq daha da dərin­ləşib.

2018-ci il may ayının 15–16-da Yerusəlimdə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 1-ci icla­sının keçirilməsi də iki dövlət arasında­kı münasibətlərin genişləndirilməsinə müsbət təsir göstərib. Sonrakı mər­hələdə dövlətlərin rəsmi strukturlarının əməkdaşlığı ilə bağlı bir sıra sənəd­lər–“Azərbaycan Respublikasının Hö­kuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılma­sı və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlərin imzalan­ması da iqtisadi əlaqələrin möhkəm­lənməsində əhəmiyyətli rol oynayıb. 

Bu gün iki dövlət arasında çox­şaxəli əlaqələr mövcuddur. Əvvəllər bu əmək­daşlıq əsasən, iqtisadiyyatın neft-qaz sektoruna yönəlmişdisə, hazırda kənd təsərrüfatı, yüksək texnologiyalar kimi sahələri də əhatə edir. Ticarət sahəsində Azərbaycan–İsrail əməkdaşlığı uğurla inkişaf edir və onun həcmi ildən-ilə artır.

Ümumilikdə, Azərbaycan Respub­likası ilə İsrail arasında müxtə­lif sahələrdə əməkdaşlıq haqqında 12 sənəd imzalanıb. Dövlətlər arasında genişlənən iqtisadi əməkdaşlıq Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsinin müvafiq şəkildə artmasını təmin edib. İsrail–Azərbaycan Ticarət-Sənaye Pa­latası da iqtisadi-ticari fəaliyyətin dina­mik şəkildə sürətlənməsini reallaşdırıb. Palatanın əsas əməkdaşlıq istiqamət­lərində informasiya texnologiyaları, telekommunikasiyalar və kibertəhlükə­sizlik kimi məsələlər də daim diqqətdə saxlanılıb. 

2023-cü ilin yan­var-fevral aylarında Azərbaycanla İs­rail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə döv­riyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib.

2022-ci ilin iyulunda Azər­baycanın investisiya şirkəti və İsrai­lin kraudfandinq kapitalı üzrə aparıcı qlobal platforma olan “OurCrowd” özəl qurumu tərəfindən birgə investisiya sazişi imzalanıb. Bu ilin fevralında isə Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi Azərbaycan tərəfindən, o cümlədən İsrailin sənaye məhsulla­rının hazırlanması üzrə ixtisaslaşmış “LARGIX” startapına artıq 1 milyon dol­lar dəyərində ilk investisiyaların həyata keçirildiyini bildirib. Qeyd edək ki, 2013-cü ildə quru­lan “OurCrowd” şirkəti İsrailin vençur investisiya şirkətidir. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi ma­liyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəq­liyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyu­luşu üzrə ixtisaslaşıb. Şirkət investor­lar və qurumlar üçün startaplara, ilkin mərhələli şirkətlərə və vençur fondlara sərmayə qoyuluşu məqsədilə yatı­rım platforması təklif edir. “OurCrowd” şirkətinin qurucusu və baş direkto­ru Jonathan Medved İsraildə yüksək texnologiyalar sahəsində tanınmış mütəxəssis və vençur investorudur.

İnnovasiyalar və İT sahəsində Azərbaycan–İsrail tərəfdaşlığı böyük potensiala malikdir və gələcəkdə eko­sistem startaplarının yaradılmasına, ixtisaslaşmış inkubasiya mərkəzləri­nin və texnologiya parklarının inkişafı­na, kibertəhlükəsizlik və bir çox digər sahələrə yönəlmiş birgə layihələr çər­çivəsində genişləndiriləcək.

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin uğurlu inki­şafının daha bir əsasını təşkil edir. İs­rail özünün neft tələbatının üçdə birini Azərbaycandan idxal hesabına qarşı­layır. Neft-qaz sahəsində böyük təc­rübəyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə bu sahənin inkişafına böyük töhfə verə bilər. Həmçinin, İsrail ilk dəfə olaraq, öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlıdır. İsrail qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin TANAP layihəsindən istifadə etməsi iki dövlət arasındakı enerji əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. Həmçinin enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. Bu da, əlbəttə ki, əzəli düşmənlərimiz üçün heç də ürəkaçan deyil.

“Yaşıl enerji” sahəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biridir və yaxın gələcəkdə hər iki ölkə diqqətini bu sahənin inkişafına cəm­ləyəcək. Bərpaolunan enerji sahəsində böyük təcrübəyə malik İsrail dəfələrlə Qarabağda və ya Azərbaycanın digər hissələrində yaşıl enerji layihələrinin reallaşdırılmasında iştirak etməyə ha­zır olduğunu bildirib.

Azərbaycan İsrailin hərbi müdafiə texnologiyalarına ciddi maraq göstərir və təhlükəsizliyini təmin etmək üçün onları alır. İsraillə nüdafiə sənayesi sahəsində də əməkdaşlıq genişlənir, İsrailin təcrübəsi öyrənilir. İsraildən alındığı güman edilən sonuncu nəsil dronlar aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində istifadə olundu, düşməndə qorxu və həyəcan yaratdı. Azərbaycan İsrail vasitəsilə bu texnologiyanı inkişaf etdirmək istəyir. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir. 29 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşü zamanı müdafiə sənayesi naziri Mədət Quliyev bildirmişdi ki, hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir.

2023-cü il 29 mart tarixində İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, yeni strateji səviyyəyə çatdırılmasına təkan verdi, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə gətirib çıxardı.  2023- cü il 18 aprel tarixində İsrailin xarici işlər naziri Eli Kohen İsraildə fəaliyyət göstərən 20 şirkətin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana səfərə gəldi.  Prezident İlham Əliyev aprelin 19-da İsrail dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul etdi. Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirərək Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirdi və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğuladı. Dövlətimizin başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd etdi, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirdi. Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən Prezident İlham Əliyev bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd etdi. Dövlət başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verərək İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu bildirdi. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulandı.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri isə səfirliyin açılmasına görə təşəkkürünü ifadə etdi. İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayan E. Kohen dostluq münasibətlərinin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirdi. Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirdi. Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edildi.

Xarici işlər naziri Ceyhun Bayramovla görüşdə də  ölkəmizin İsraildə səfirliyinin açılmasının son 30 ildə inkişaf edən və yeni keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycan-İsrail münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Tərəflər ikitərəfli münasibətlərin bütün istiqamətləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da inkişaf etdirilməsinə hazır olduqlarını ifadə etdilər. Səfər çərçivəsində nazirlər tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalandı.

Bakıda yəhudi icması ilə görüşən İsrailin xarici işlər naziri Eli Kohen tviter hesabındakı paylaşımında: “Bu gün mən Azərbaycanın paytaxtı Bakıda sinaqoqda oldum, yəhudi icmasının üzvləri ilə görüşdüm. Münasibətlərdə yeni mərhələnin rəmzi olan Azərbaycanın İsraildə səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə İsrailin hər zaman onların evi olacağını söylədim” – deyə bildirdi.

19 aprel tarixində Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlər açıqlandı. İsraillə enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar, infrastruktur, əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu qeyd edildi. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-İsrail biznes forumunda enerji, maliyyə, logistika, su təsərrüfatı, kimya sənayesi, kənd təsərrüfatı və digər sahələri təmsil edən şirkətlər iştirak edib.

Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov biznes forumun, həmçinin iş adamları arasında keçirilən müxtəlif görüş və tədbirlərin aktual məsələlərin müzakirə edilməsi, prioritet əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və işgüzar dairələr arasında yeni əlaqələrin qurulması baxımından önəmini vurğuladı. Qeyd olundu ki, ölkələrimiz arasında möhkəm ikitərəfli dostluq münasibətləri, yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın dinamik inkişafına əlverişli şərait yaradır.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının inkişafı baxımından əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı İsrail şirkətləri fəaliyyət göstərir, bir sıra önəmli layihələr həyata keçirilir. Tədbirdə israilli sahibkarların ölkəmizdə biznes təşəbbüslərinin yüksək qiymətləndirildiyi və dəstəkləndiyi bildirildi.

Birgə Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanda həyata keçirilən layihələr, ölkəmizin unikal coğrafi mövqeyi və iqtisadi sabitliyin İsrail şirkətləri üçün əhəmiyyətli əməkdaşlıq və investisiya mühiti yaratdığını vurğuladı. Qeyd olundu ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasına əlavə imkanlar yaradır. Tədbirdə Azərbaycan və İsrailin investisiya layihələri barədə təqdimatlar nümayiş etdirildi, B2B və B2G formatda görüşlər keçirildi.

Təbii ki, bu səfərə ən çox narahat olan dövlətlərdən biri, çox güman ki birincisi İsraildə səfirliyimizin açılmasını hələ də həzm edə bilməyən İran oldu. 30 ilə yaxın bir dövrdə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında bütün islami dəyərləri məhv etməsini, müsəlmanların məzarlarını şumlamasını, məscidlərini donuzxanaya çevirməsini görməzdən gələn, ermənilərə dəstəyini əsirgəməyən İran indi Azərbaycanı İsraillə əməkdaşlıqda, sionizmə xidmətdə ittihama başlayıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı ənənəvi davam edən aqressiv siyasətini açıq şəkildə nümayiş etdirməkdən çəkinməyən, hətta təhdidlərə, şantaja, terrora belə əl ataraq qorxu yaratmağa çalışan İran bir nəfər belə müsəlmanın yaşamadığı Qafanda konsulluq açanda heç bizim məsləhətimizi almadı. Müsəlman həmrəyliyindən ağız dolusu danışan İran nədənsə öz qonşuluğundakı Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmadı. Bir dəfə olsun haqq səsimizi müdafiə etmədi, işğalın sonlandırılması üçün hansısa bir fəaliyyətə cəhd etmədi. Azərbaycan bütün ölkələrlə münasibətini müstəqil şəkildə həyata keçirir. Bunun üçün hansısa dövlətin göstərişi, yaxud təhdidi nəzərə alınmır. Elə olsaydı ilk növbədə İrana Ermənistanla əməkdaşlığı davam etdirməmək barədə təhdid edən biz olmalıydıq. İrandan fərqli olaraq İsrail isə hər zaman açıq şəkildə Azərbaycana dəstəyini ifadə edib, ərazi bütövlüyümüzü tanıyıb. Hətta Ermənistanın İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün İranın təzyiqlərinə məhəl qoymadan səfirlik açması belə İsrailin Azərbaycanla mövcud olan dərin münasibətində dəyişiklik yarada bilmədi.

Azərbaycanın İsraillə yaxın əlaqələr qurması və bunu inkişaf etdirməsi digər ölkələri, xüsusilə də İranı narahat etməməlidir. Bu əlaqələr bögədə sülhə və sabitliyə xidmət edir. Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı  hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir. Bu tarixi əlaqələr həmçinin İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.

                                                                                                          Nailə Tağızadə

2023-04-20 / 17:19
Facebook