2023-cü il 11 aprel tarixində sərhəddə baş vermiş erməni təxribatının ardınca 13 apreldə əsgərimizin işgəncə videosunun yayılması ilə ürəyi soyumayan ermənilər14 aprel tarixində bütün dünyanın gözü qarşısında ənənəvi siyasətlərinə sadiq qalaraq Azərbaycana qarşı daha bir vandallıq aktı törətdilər. İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Bayrağı yandırılıb. İdman-konsert kompleksində təşkil olunan təntənəli açılış mərasiminin gedişində tədbirin dizayneri Aram Nikolyan Azərbaycan Bayrağını idmançımızın əlindən qaparaq ona od vurub və qaçaraq zaldan çıxarıb. Qardaş Türkiyənin bayrağı gətirilən zaman isə ermənilər zalda fit çalıblar. Təkilatçılığına və təhlükəsizliyinə görə rəsmi İrəvanın birbaşa məsuliyyət daşıdığı beynəlxalq idman tədbirində törədilən bu vandallıq aksiyasını dünyanın 40 ölkəsindən 389 idmançı canlı, milyonlarla tamaşaçı vizual izlədi. Bu hadisə döyüş meydanında deyil, beynəlxalq idman tədbirində, yəni siyasətə heç bir aidiyyatı olmayan müstəvidə baş verdi.
Bu vandalizmə, idmançılarımıza qarşı nümayiş etdirilən qeyri-insani davranışa görə Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır. Bu şou əvvəlcədən planlaşdırılmış və razılaşdırılmışdı. Bayrağımızı yandıran şəxs zalda oturan hansısa siravi bir erməni deyildi, tədbirin təşkilatçılarından biri idi. Ermənistan mediasının yazdığına görə, 2013-cü ildən İctimai televiziyanın əməkdaşı olan Nikoyan yarışın açılış mərasiminə “mütəxəssis” qismində dəvət olunub. Zaldan uzaqlaşdırılan Nikoyanın əvvəlcədən hazırladığı bu şousunda “cinayət tərkibi olmadığından” istintaq təcridxanasından sərbəst buraxıldı. Sonra da “qəhrəmancasına” canlı efirə çıxaraq bunları deyib: “Mən İrəvanda Azərbaycan Bayrağının dalğalanmasını istəmirdim. Və heç kim fikirləşməməlidir ki, ermənilərə hansısa şəraitə uyğunlaşmağı öyrədə bilər”. Ermənilərə lazımi şəraitə nə cür uyğunlaşa bilmələrini 44 gün ərzində biz göstərdik, əgər hansısa fikir ayrılığı yaşanarsa yenidən göstərməyə hazırıq. 44 gün ərzində ordusu fərrarilik edən, qadınlarını qabağa verən erməni “kişiləri” indi bu cılız dizaynerin vandallığını “qəhrəmanlaşdırır”.
Ermənilərin vandal şoularından sonra ölkəmizin Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yaydılar. Sənəddə: “Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, “Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür”. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edildiyi” – deyə bildirilirdi. Bəyanatda: “Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq. Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir” – deyə vurğulanırdı. Azərbaycan yığması üçün gecə saat 2.55-də İrəvan–Antalya aviareysinə əvvəlcədən biletlər sifariş verilsə də, haylar “təhlükəsizlik” bəhanəsilə idmançılarımızı qaldıqları oteldən buraxmadılar. Yəni, yarışda iştirakdan imtinaya görə yığmamızın üzvləri faktiki olaraq girov saxlanıldı. Bir neçə saatlıq girovluqdan sonra nəhayət ki, idmançılarımız İrəvanı tərk edə bildi. Bütün dünya ictimaiyyəti qarşısında biabır olan, belə beynəlxalq tədbirləri keçirmək mədəniyyətinə və etikasına qadir olmadığını göstərən Ermənistan rəsmiləri bundan sonra arsızca bütün idmançıların təhlükəsizliyinin qorunduğu barədə bəyanatlar verdilər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı məsələyə yaydığı məlumatda deyilir: “Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik.
Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq”.
Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan bu faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək. “Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır”, - deyə məlumatda qeyd edilib.
Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman aprelin 9-dan itkin düşüblər. Yalnız üç gündən sonra - aprelin 12-də Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçilərin bu ölkədə saxlandığını boynuna alıb. Yenə də erməni hiyləgərliyi və saxtakarlığını işə salan Paşinyan öz ordularında yaşadıqları çətinlikləri Azərbaycana şamil etməyə çalışıb, guya qalib Azərbaycan ordusunda əsgərlərin bir-birini incitdiyi, döydüyü, ona görə də A.Bəbirov və H.Axundovun “Ermənistana sığındığı” ilə bağlı absurd bir ssenari paylaşıb.
Ermənistanın Müdafiə Nazirliyi də aprelin 13-də azərbaycanlı hərbçilərin bu ölkədə saxlandığını təsdiqlədi. Bundan bir qədər sonra isə işgəncə və qeyri-insani rəftarla bağlı görüntülər yayıldı. Ermənilər tərəfindən fiziki və mənəvi işgəncəyə məruz qalan H.Axundovun fotosu yayılandan sonra Ermənistan hökumətinə bağlı təbliğat kanalları, KİV-i və hüquq mühafizə orqanları başqa bir yalanı uydurdular. Guya azərbaycanlı əsgər Zəngəzur Mis-Molibden Kombinatının gözətçisini öldürüb, cib telefonunu götürüb və s.bu kimi ənənəvi erməni yalanları işə düşdü. Əslində isə bu ölkənin KİV-i hadisədən bir müddət əvvəl Zəngəzur Mis-Molibden Kombinatının gözətçisinin şəxsi zəmində öldürüldüyünə dair xəbər vermişdi. Əsgərimizə qarşı işgəncə fotosu və videosu yayılandan sonra bu hadisəni azərbaycanlı əsgərin adına yazdılar. Beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışan Ermənistan hakimiyyəti az qalır ki, ölkədə son günlərdə baş verən bütün cinayətləri azərbaycanlı hərbçilərin üzərinə ata. Halbuki bu əsgərlər peşəkar hərbçi deyillər. Onlar müddətli hərbi xidmətə çağırılıblar və cəmi 19 yaşları var. İşgəncə görüntüləri yayılan əsgərimiz H. Axundov isə sakit, mədəni və zəhmətkeş bir ailənin övladıdır.
1949-cu il avqustun 12-də qəbul edilən “Əsir hərbçilərlə davranış haqqında Cenevrə konvensiyası”nın 17, 18, 19, və 20-ci maddələri hərbi əsirlərə fiziki və ya mənəvi işgəncə, yaxud başqa məcburetmə tədbirlərindən qoruyur. Konvensiyaya əsasən cavab verməkdən boyun qaçıran hərbi əsirlər təhdid edilməməli, təhqir olunmamalı və hər hansı təqib və ya məhdudiyyətlərə məruz qalmamalıdırlar. Hərbi əsirlərin dindirilməsi onların başa düşdüyü dildə aparılmalıdır. 17 aprel tarixində Ermənistan Baş Prokurorluğu əsir saxlanılan Azərbaycan hərbçilərinin həbs olunduqlarını açıqladı. Belə ki, əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundova qarşı əsassız cinayət işi açılıb və onlar həbs ediliblər: “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar”. Azərbaycanın rəsmi dövlət qurumları onların hüquqlarının qorunması və geri qaytarılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan əsgərə qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb. Yenə də beynəlxalq ictimaiyyət bu qədər faktlara rəğmən Ermənistana lazımi dərsi vermir, özbaşınalıqlarına son verməyə çağırmır.
Daim humanizm prinsiplərini əsas götürən Azərbaycanda təşkil olunan beynəlxalq yarışlarda erməni idmançılara qarşı heç vaxt belə vandal münasibət göstərilməyib. 2015-ci ildə keçirilmiş I Avropa Oyunları buna ən yaxşı nümunədir. O vaxt Prezident İlham Əliyev fəxri kürsüdə yer almış Ukrayna dövlətini təmsil edən erməni əsilli idmançının əlini sıxmış, ona medal təqdim etmiş, habelə, əl hərəkətləri ilə zaldakı ajiotajı sakitləşdirərək erməni idmançının da alqışlanmasını təmin etmişdi. Ermənistan idmançıları bu yarışda iştirak etmiş, təhlükəsizlikləri ən yüksək səviyyədə qorunmuş, heç bir problemlə qarşılaşmamışdılar. Bununla Azərbaycan bütün dünyaya idmanla siyasətin qarışdırılmamasının örnəyini göstərmişdi. Bizim erməni əsirlərlə necə davrandığımız da göz önündədir. Hətta Vətən müharibəsi dövründə əsir düşən, yaxud təslim olan yaralı erməni hərbçilərə ilkin tibbi yardımı əsgərlərimiz özləri edirdi. Budur bizim ermənilərdən fərqimiz. Erməni körpəsini beşikdən türkə düşmən ruhda böyüdür, biz isə tolerantlıq və multikultural dəyərlərdən danışırıq və təbliğ edirik.
16 apreldə İrəvanda davam edən Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı daha bir təxribat törədildi. Belə ki, Karen Dəmirçyan adına idman-sərgi kompleksindəki arenada beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin dövlət bayraqları bir neçə hissəyə parçalanmış şəkildə asılmışdı. Görünür, bayrağımızın yandırılmasından sonra cəzasız qalan ermənilər beynəlxalq normaları pozmaqda davam edirlər. Daha sonra isə ermənilər Azərbaycan bayrağını ümumiyyətlə sıralamadan çıxarıblar və yerinə yalnız Türkiyə Bayrağı asılıb.
Ermənilər neynəsələr də türkün gücü ilə hesablaşmağa və bu bayraqları yüksəkdə görməyə məhkumdurlar. Ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaş və gümüş medal sahibi Qamze Altun qədim tür torpağı olan İrəvanda ermənilərə bir daha dərs keçdi. Türkiyə bayrağının İrəvanda dalğalanması elə Azərbaycan bayrağının dalğalanması deməkdir. Atletlər həmçinin qələbələrini Azərbaycana həsr etdiklərini bildirdilər. Bu bir daha türkün gücünü, qələbə əzmini, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını göstərdi. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə idmançıları – İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaşa və gümüş medal sahibi Qamze Altuna təbrik məktubu göndəriblər. “Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.
Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür. Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”, - deyə təbrik məktubunda bildirilib.
Xocalı kimi əsrin faciəsini törədən, körpələrə, yaşlılara, qadınlara belə ən amansız işgəncələri verməkdən çəkinməyən, utanmadan “qürurla” bu barədə kitablar yazan və hələ də buna görə beynəlxalq məhkəmə qarşısında cavab verməyən bir millətdən hər cür vəhşilik gözləmək olar. Silahsız əsgərə işgəncə vermək, sonra onu işlətmədiyi cinayətdə ittiham etmək, daha sonra isə əsassız şəkildə ittiham edərək həbs etmək ermənilərə xas barbarlığın, faşıstliyin göstəricisidir. İstər 19 yaşlı əsgərimizə işgəncə verərək onun foto və videosunu “fəxarətlə” yaymaq, istərsə də ev sahibliyi etdiyi beynəlxalq bir tədbirdə bayrağımızı yandırmaq erməni xislətinin əsl üzüdür. Bunu biz demirik, bu bizim təbliğatımız deyil. Bunu ermənilər özləri çəkinmədən bütün dünyaya bəyan edirlər, antierməni təbliğatını özləri aparırlar. Bununla da Ermənistan hakimiyyəti və ictimaiyyəti humanistlikdən uzaq olduğunu bir daha təsdiqləyir.
Ermənistanda beynəlxalq bir tədbirdə, dünyanın dörd bir yanından insanların canlı şəkildə izlədiyi bir vaxtda bayrağımızın yandırılması bu ölkədə Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin, irqçiliyin və ksenofobiyanın yüksək səviyyədə olmasının təsdiqidir. Ermənistan etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdiyini açıq şəkildə sübut edir. Bütün dünyanın gözü qarşısında baş vermiş bu cür vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbirin və yarışın keçirilməsi irqçiliyə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. Beynəlxalq qurumlar bu məsələyə ciddi şəkildə yanaşmalı, Ermənistan layiqli dərsini almalı, eyni zamanda Ermənistanda beynəlxalq və regional yarışların, tədbirlərin keçirilməsinə qadağa qoyulmalıdır. Bayraq sevgisi nədir bilməyən, tarixən özünə “vətən” gəzən ermənilərin yandırdığı o bayraq bu gün Ermənistanla sərhədimizdəki bütün yüksəkliklərdə, Qarabağımızda qürurla dalğalanır. Ermənilər neynəsələr də tarix boyu o bayrağı görəcəklər və o bayrağın əzəməti qarşısında baş əyməyə məcbur olacaqlar.
Nailə Tağızadə