“Dəmir yumruq” yerindədir; ermənilərin növbəti təxribatlarına cavab ...

 

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Rəsmi məlumata görə, qarşı tərəfin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfi isə 4 erməni hərbçisinin öldüyünü, 6 hərbçinin isə yaralandığını bildirib. Lakin erməni tərəfində itkilərin daha çox olduğu deyilir. Əvvəllər olduğu kimi  yenə də Ermənistan çoxsaylı itkilərini tədricən etiraf edəcək. Ermənistan KİV-in məlumatına görə, Ermənistanın xüsusi ordu korpusunun komandiri Armen Gözəlyan yaralanıb. Onun durumu ağırdır.

Son dövrlər Ermənistanın aktivləşən pozuculuq fəaliyyəti deməyə imkan verir ki, öz havadarlarına arxalanan İrəvan hakimiyyəti sülh istəmir.  Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin ölkənin xarici işlər naziri Ararat Mirzoyan, təhlükəsizlik şurasının sədri Armen Qriqoryan, parlamentin spikeri Alen Simonyan müxtəlif beynəlxalq toplantılardakı çıxışlarında, ayrı-ayrı görüşlərində Azərbaycanı aqressiv davranışlarda ittiham edir, dünya ictimaiyyətində yalnış rəy formalaşdırmağa çalışır, sərsəm bəyanatlar səsləndirirlər. Ermənistan hakimiyyəti və ayrı-ayrı siyasi dairələri Azərbaycana qarşı hərbi ritorikanı gücləndiriblər və mövcud xüsusda, hətta, təhqiramiz fikirlər də gündəmə gətirməkdədirlər. Belə nəticə hasil olur ki, İrəvan daxili ictimai rəyi sülhə deyil, yeni müharibəyə hazırlamaq yolu tutur, mövcud olan, aradan qalxmayan düşmənçilik münasibətlərini daha da alovlandırır, sülh perspektivini əngəlləyir. Ermənistanın anti-sülh fəaliyyəti və revanşist bəyanatları yeni təxribatların və insidentlərin qaçılmaz olacağını göstərirdi.

Xüsusi vurğulanmalıdır ki, Aİ-nin Ermənistanda missiyasının fəaliyyətə başlaması ilə Ermənistanın revanşist addımları daha da genişləndi. Sanki erməni hakim dairələri bu missiyanın fəaliyyətə başlaması ilə daha da “cəsarətləndi”. Azərbaycan Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini dəfələrlə bildirib. Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, missiyada iştirak edən 100 nəfərdən 50-nin “silahsız müşahidəçi” olduğunu etiraf edib. Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu səbəbdən də, ermənilər Aİ missiyasının sərhədlərində olmasını öz iddialarını gerçəkləşdirmək üçün zəmin hesab edirlər. Son aylarda Azərbaycan tərəfinin dəfələrlə etirazına və xəbərdarlığına baxmayaraq ermənilər Ermənistan-Azərbaycan dövlət sərhədində mühəndis-istehkam işləri həyata keçirirdi. Bu isə açıq-aşkar Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığını göstərirdi. Tarixən yazıq obrazına girərək kimlərəsə sığınmağa çalışan ermənilər Aİ missiyası ilə kifayətlənməyərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatı (KTMT) missiyasını da Ermənistana cəlb etməyə çalışırlar. Məlumdur ki, Vətən müharibəsi dövründə ermənilər KTMT-ni də müharibəyə cəlb etmək üçün üçün çox vay-şüvənlik çıxardılar, siyasi şoular hazırladılar, ancaq istəklərinə nail ola bilmədilər.

Vətən müharibəsindən sonra  zamanla Azərbaycan Ordusu Laçın istiqamətində bir neçə vacib yüksəkliyi nəzarətinə götürmüşdü. Bu yaxınlarda aparılan əməliyyatlar zamanı isə Silahlı Qüvvələrimiz Laçın yolu ərazisində bir neçə strateji yüksəkliyi də nəzarətə götürdü. Bu baxımdan Ermənistanın Laçın istiqamətində müəyyən təxribatlar törədərək mövqeyini gücləndirməyə çalışacağı gözlənilən idi.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən erməni təxribatı ilə əlaqədar bildirildi ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda, siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanmalıdır. “Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə XİN-in açıqlamasında bildirilib.

Eyni zamanda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribat cəhdinin pislənilməsinə dair açıqlama yaydı. “Regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl çəkmədiyini bir daha sübut edir. Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə törətməkdədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) olaraq bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın hərbi təxribatlarına son qoyulması və sülhün bərpası istiqamətində qəti mövqe nümayiş etməyə çağırırıq”,- deyə açıqlamada bildirilir.

Prezident İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən 11 aprel tarixində Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib. Prezident Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycan tərəfindən Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndənin təyin olunduğunu və erməni sakinlərin Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın destruktiv mövqeyi nəticəsində birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”. C.Bayramov vurğulayıb ki, Ermənistanın qeyri-destruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir: “Biz yeni hərbi təxribatların da şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib. Dünən baş verən hadisə planlaşdırılmış təxribat idi. Həmin ərazidə Ermənistan hərbçilərinin olması onu göstərir ki, düşünülmüş plan var idi”. Ceyhun Bayramov qeyd edib ki, laçınlıların 2023-cü il ərzində Laçına qayıtmaları planlaşdırılır. Mina təhlükəsi və bu kimi addımlar onların qayıtmasını önləməyə yönəlib. Ermənistanın təxribatları davam edərsə cavabımız onlar üçün çox ağır olacaq. Sülh prosesinin alternativsiz olduğu Azərbaycan tərəfindən irəli sürülüb.

Ermənistan hələ də biabırçı məğlubiyyətinə və kapitulyasiya aktına imza atmasına rəğmən təxribatçılıq fəaliyyətinə son qoymur. Öz havadarlarına arxalanan erməni separatçılarının məqsədi münaqişəni yenidən alovlandırmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bu da Ermənistan və onun Qarabağdakı tör-töküntüləri üçün yaxşı heç nə vəd etmir. Növbəti təxribat da Ermənistan üçün rüsvayçılıqla nəticələndi. İtkilərə məruz qalan düşmən ordusu qaçmağa məcbur oldu. Qərb və Rusiya arasında get-gəl edən Ermənistan hökuməti ağlını başına toplamalıdır. Rəsmi İrəvan son təxribatlarından nəticə çıxarmalıdır. Əgər yenə də nəticə çıxarmayacaqsa, bu, Cənubi Qafqazda yeni hərbi toqquşmaların yaranmasına gətirib çıxara bilər.  Azərbaycan tərəfindən zəruri əks addımların atılması, antiterror əməliyyatının həyata keçirilməsi qaçılmaz reallığa çevriləcəkdir. Buna cavabdehlik, tamamilə, Ermənistanın siyasi rəhbərliyinin üzərindədir. Dünya birliyi də Ermənistanın bitmək bilməyən siyasi və hərbi təxribatlarına göz yummamalı, təzyiq göstərməlidir. Bizim səbrimizin də bir həddi vardır. Azərbaycan dövlətinin səbrinin tükənməz olmadığını, gücünü və qüdrətini Ermənistan 44 günlük Vətən müharibəsi zamanı yaxşı gördü. Ermənistan 44 günlük müharibənin nəticələrindən dərs çıxarmalı, hansısa vasitəçilərin yalan vədlərinə inanmamalı, sülh prosesinin reallaşması üçün səy göstərməlidir. Əks halda ordumuz yenə də artıqlaması ilə hərbi yolla hər bir müdaxiləyə cavab verməyə hazırdır.

                                                                                                         Nailə Tağızadə

2023-04-12 / 16:22
Facebook