30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə öz adını yazdırdı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.
Son dövrlərdə cəbhə xəttində artan erməni təxribatları belə deməyə əsas verir ki, Ermənistan 44 günlük müharibənin nəticələrindən hələ də dərs çıxarmayıb. 2 ildən artıq müddətdir ki, sülh danışıqlarını hər vəchlə pozmağa çalışan Ermənistan hökuməti hələ də revanş hissləri ilə yaşayır. Ermənistan torpaqlarımızda separatçıların tör-töküntüləri vasitəsilə gərginliyi qoruyub saxlamaqda davam edir. Vətən müharibəsi və müharibədən sonrakı dövrlərdə Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycan əsgərinin igidliyindən, mərdliyindən danışaraq müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olduğunu vurğulayıb. Dövlət başçımız bu il martın 19-da Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində isə dedi: “Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir”. Maraqlıdır bu qədər fərarisi olan dövlət yeni müharibə üçün nəyə, yaxud kimlərə arxalanır?
Ermənistanda fərarilik faktını təkzib etməyə çalışan qüvvələr olsa da, rəsmi dairələrdə belə bu faktı təsdiqləyənlər çoxdur. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın etirafları da həqiqətləri bir daha gün üzünə çıxardı. Belə ki, işğalçı ölkənin mətbuat vasitələrinə istinadən qeyd olunur ki, son müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Akopyan 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayını 11 min nəfər təşkil etdiyini təsdiqləyib: “Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit... Bu isə ordumuzun 25 faizi deməkdir. Biz müharibədə Davidi və onun kimi daha 4 000 əsgəri itirdik, çünki çoxları cəbhəyə getmədi, müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”.
44 günlük Vətən müharibəsində fərarilik sayının artmaması üçün ermənilər öz hərbçilərini səngərlərə zəncirləməkdən belə çəkinməmişdilər. Erməni hərbçilər bilirdilər ki, özgə torpaqlarında, işğalçılıq müharibəsində iştirak edirlər. Yerli televiziya kanallarının çəkilişi zamanı da ermənilərin qurduğu səngərlərdə, postlarda, hərbi maşınlarda aşkarlanan zəncirlər bütün dünyaya nümayiş etdirilmişdi. Azərbaycanda isə müharibə vaxtı 1 nəfər belə fərari yox idi.
44 gündə erməni hərbçilərinin dörddəbirinin fərarilik etdiyini dövlət rəsmilərinin belə etiraf etməsi Ermənistanın revanş və ya yeni müharibələr barədə düşünməsinin nə dərəcədə absurd və gülünc olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, sülhün və ölkələrarası normal münasibətlərin qurulmasına əngəl törədən, Ermənistanı bu qisas fikirləri ilə “həvəsləndirən” dövlətlərin erməni hakimiyyəti üzərində böyük təsirləri hiss olunur. Bu dövlətlərdən birincisi, cənub qonşumuz İrandır. Ermənistanı özünün qan qardaşı hesab edən, Ermənistanın təhlükəsizliyini öz qırmızı xətti hesab edən İran son dövrlər sərhədboyu uğursuz və gülünc təlimləri, Azərbaycan əleyhinə səsləndirdiyi iftiralar ilə illərdir gizlətməyə çalışdığı Azərbaycan qorxusunu açıq şəkildə biruzə verir. Bunun üçün terrordan belə çəkinməyən molla rejimi hər vəchlə iki dövlət arasında münasibətlərin normallaşması prosesinə mane olmağa çalışır, Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxır, ümumilikdə Azərbaycanın güclənməsini öz müstəqilliyinə təhdid olaraq görür. Təəssüf ki, İslam dəyərlərinə qarşı xain siyasət yürüdən İranın din xadimlərinin Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməsi İslamın əxlaq kodeksinə zidd bir əməldir. Tarix göstərir ki, İranın molla hakimiyyəti İslam dəyərlərinə, həmrəyliyinə, birliyinə ən böyük zərbə vuran hakimiyyətdir. Maraqlıdır ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğala məruz qoyduğu 30 il müddətində mahiyyətcə terrorçu bir ölkə işğalçılıq siyasəti yürütdükdə İran bir dəfə də olsun hərbi təlim keçirmədi. Amma indi açıq şəkildə təxribatlara əl atır, müharibədən sonra Azərbaycan sərhədinə qoşun yığır, “hərbi təlim” adı ilə Azərbaycana hədə-qorxu gəlir, Qafanda tələsik yarıtikili bir binada Baş konsulluq açmaqla “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün buradayıq” kimi bəyanatlar səsləndirir.
Ermənistanı özünə bacı elan edən digər bir dövlət isə dünyaya demokratiya dərsi keçməyə çalışan, ancaq heç bir demokratik dəyər və ənənələri aşılamayan Fransadır. Fransa Ermənistanın simasında birbaşa təcavüzü və terroru dəstəkləyir. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın Ermənistan işğalına qədər beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanıyır. Fransa rəsmilərinin ermənipərəst mövqe sərgiləməsi, vaxtaşırı qondarma rejimin nümayəndələri ilə görüşləri, dəstəkləri əslində Fransanın beynəlxalq hüquq əxlaqı ilə uyğunlaşmır.
Bu yaxınlarda Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye İrəvanda qondarma rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşündə təxribatçı fikirlər səsləndirib. Loran Vokye bildirib ki, təmsil etdiyi regionun dəstəyi və Fransadakı erməni icmasının təşkilatçılığı ilə Xankəndiyə “humanitar yardım” aparacaq. O, bu konvoyu Laçın yolundan keçirəcəyini bildirib.
Loran Vokyenin bu açıqlaması rəsmi Bakının sərt etirazına səbəb olub. Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə Loran Vokyenin məlum açıqlamasını ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi dəyərləndirib. L.Vokyenin “humanitar karvanı”nı ekoaksiyaçıların nəzarətində olan Laçın yolu ilə Xankəndiyə aparmaq niyyəti, bu niyyətin açıq şəkildə elanı və buna əminliyi Fransanın beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir. Birincisi, bizim torpaqlarımızda yaşayan vətəndaşlarımıza dövlətimiz hərtərəfli yardımı göstərir. Dəfələrlə bəyan etmişik ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların problemi ilə ancaq biz məşğul ola bilərik. Fransa humanitar yardım məsələsini hansısa tanınmayan qurumun yalançı xarici işlər naziri ilə deyil, bizimlə müzakirə etməlidir. İkincisi, Laçın yolu ekofəallarımızın aylardır davam edən aksiyası nəticəsində nəzarətimizdədir. Fransanın göndərməyi planlaşdırdığı yardımın isə humanitar adı altında həyata keçiriləcəyi, ancaq heç bir humanist mahiyyət daşımayacağı məlumdur. Beynəlxalq qanunvericiliklə də Fransanın planlaşdırdığı bu yardım terrorizmə birbaşa dəstəkdir. Azərbaycan heç bir halda öz ərazisində terror şəbəkəsinin genişlənməsinə imkan verməyəcək.
Xüsusi vurğulanmalıdır ki, Aİ-nin Ermənistanda missiyasının fəaliyyətə başlaması ilə Ermənistanın revanşist addımları daha da genişləndi. Azərbaycan Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini dəfələrlə bildirib. Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, missiyada iştirak edən 100 nəfərdən 50-nin “silahsız müşahidəçi” olduğunu etiraf edib. Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu fakt, hətta erməni ictimaiyyəti üçün də gözlənilməz olub. Ermənistan rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizli saxlayıb. Xarici İşlər naziri Ceyhun Bayramov aprelin 3-də Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubellə görüşündə bu məsələyə toxunaraq bildirdi ki: “Son dövrlərdə İrəvan tərəfindən hərbi-siyasi təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsi ciddi narahatlıq doğurur”.
Ermənistan 10 noyabr bəyanatında irəli sürülən müddəaları yerinə yetirməlidir. 2 ildən çox müddət keçməsinə baxmayaraq Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Ermənistan tərəfindən eyni cavabı hələ də görmürük. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu gün də revanşist hisslərlə yaşayan, vaxtaşırı baş qaldırmağa çalışan erməni cəmiyyəti və hakim dairələri bilməlidir ki: Dəmir yumruq yerindədir! İndiyədək ordumuz tərəfindən erməni separatçılarının fəaliyyətinin qarşısı necə fəallıqla alınıbsa, bundan sonra da alınacaq. Ermənistan boş vədlərə aldanmamalı, reallığı qiymətləndirməli, sülh üçün addım atmalıdır.
Nailə Tağızadə