Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir. Keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yer Quba rayonunda dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədir. Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. 2003-cü ildə açılmış məbəd Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən, mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olmuşdur. Təsadüfi deyildir ki, birinci Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılılığının bariz sübutudur.
2008-ci ildə Los-Anceles şəhərinin ən böyük ispandilli "La Opinion" qəzetinin redaktoru Qabriel Lerner Azərbaycana səfər etdikdən sonra "Los-Angeles Jewish Journal"- da "Azərbaycan yəhudiləri: əsrlərlə bir yerdə yaşamağın nümunəsi" adlı məqalə dərc etdirmişdi. Məqalədə digər ölkələrdən fərqli olaraq yəhudilərin Azərbaycanda yüksək səviyyədə təmsil olunduğu, Azərbaycanı dini tolerantlığa görə dünyanın ən liberal ölkəsi kimi göstərmişdi. 2015-ci ildə Amerikan-yəhudi nəşri olan "The Jewish Press”də müəllifi Mayan Kaffenin olduğu Azərbaycan-İsrail əlaqələrinə həsr olunan məqalə yayımlanmışdı. Məqalədə Azərbaycan və İsrailin təkcə iqtisadi sahədə deyil, strateji baxımdan da müttəfiq olduqlarından bəhs edilirdi. "The Jewish Press”in 2016-cı il 10 oktyabr tarixli digər bir məqaləsində respublikamızda yaşayan 30 min yəhudiyə böyük hörmətin olduğundan, əsrlər boyu Azərbaycan xalqı ilə bu ölkədə yaşayan yəhudilər arasında dərin əlaqələrin mövcudluğundan bəhs olunurdu. Məqalədə xüsusi qeyd olunurdu ki, Azərbaycan indi də, Holokost zamanı da yəhudilərin sığınacağı olub. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev 2016-cı il 17 fevral tarixində Gəncə “İmamzadə” dini kompleksində əsaslı təmir və bərpa işlərindən sonra təşkil olunan açılış mərasimində çıxışında vurğulamışdı ki, “Biz Fransada sinaqoqa girmək üçün avtomatlıların dəhlizindən keçməli olduq. Onlar isə bizdə olanda ağızları açıq qaldı ki, sinaqoqun qapıları 24 saat taybatay açıqdır”. Bütün bu faktlar Azərbaycan və yəhudi xalqlarının tarixi bağlılığının, qarşılıqlı hörmətinin bariz nümunəsidir.
Dövlətlər səviyyəsində əlaqələr 1990-cı ildə “Azərbaycan-İsrail” Mədəni Əlaqələr Cəmiyyəti təsis edilmiş və bu cəmiyyət “Az-İz” abreviaturalı qəzet nəşr etməyə başlamışdır. Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri İsrail olmuşdur. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıdı, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə quruldu. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. Bu gün yəhudi icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından sayılır. Respublikada Azərbaycan–İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər – iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı olmuşdur. Həmçinin Cənubi Qafqazda ilk olacaq yəhudi muzeyinin yaradılması da Azərbaycanda planlaşdırılır.
Prezident İlham Əliyevin Azərbaycanla İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə İsrail Prezidenti İshak Hersoqa ünvanladığı 8 aprel 2022-ci il tarixli təbrik məktubunda deyilirdi: “Azərbaycan–İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib. Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədirlər.
İki ölkə arasında təkcə təhlükəsizlik sahəsində deyil, həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar, tikinti, suvarma, tibb və turizm sahələrində əlaqələr genişlənib və inkişaf edib. Son 10 ildə İsrail Azərbaycanın dünyada beşinci ən böyük ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Hazırda İsrailin neftə olan tələbatının təxminən 50 faizini Azərbaycan təmin edir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 85 faiz artıb. Həmçinin Azərbaycan İsrailin hərbi müdafiə texnologiyalarına ciddi maraq göstərir və təhlükəsizliyini təmin etmək üçün onları alır. İsraillə nüdafiə sənayesi sahəsində də əməkdaşlıq genişlənir, İsrailin təcrübəsi öyrənilir. İsraildən alındığı güman edilən sonuncu nəsil dronlar aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində istifadə olundu, düşməndə qorxu və həyəcan yaratdı. Azərbaycan İsrail vasitəsilə bu texnologiyanı inkişaf etdirmək istəyir. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir. 29 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşü zamanı müdafiə sənayesi naziri Mədət Quliyev bildirdi ki, hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir.
Azərbaycan rəhbərliyi İsrailə Azərbaycandan gedən yəhudiləri təsadüfən "Azərbaycan diasporu” adlandırmır. Bunun obyektiv səbəbləri mövcuddur. Çünki Azərbaycanla bağlı hər şey onlar üçün doğmadır. Məlum "907-ci düzəliş”in dondurulmasında Amerikanın yəhudi lobbisi də mühüm rol oynamışdır. Belə ki, 1998-ci ilin 16-21 noyabrında Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının rəhbərləri ABŞ-da səfərdə olaraq Azərbaycan reallıqlarını, “907-ci düzəliş”in səhv qərar olduğunu Amerika ictimaiyyyətinə çatdırmış, həmçinin Amerikada nüfuzlu mövqeyə malik yerli yəhudi milli təşkilatlarının Azərbaycanın maraqlarını müdafiə etmələrinə nail olmuşdur. Bu istiqamətdə daha fəal movqe tutmaq da hər iki ölkənin qarşılıqlı səylərindən asılıdır. Həmçinin, İsrail ilk dəfə olaraq, öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlıdır. İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin TANAP layihəsindən istifadə etməsi iki dövlət arasındakı enerji əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. Həmçinin enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. Bu da, əlbəttə ki, əzəli düşmənlərimiz üçün heç də ürəkaçan deyil.
İkinci Qarabağ müharibəsi ərəfəsində İsrail Azərbaycanı açıq şəkildə dəstəklədi və İsraildə yaşayan 70 mindən çox Azərbaycan yəhudiləri Qarabağı dəstəkləmək üçün mütəmadi olaraq mitinqlər keçirtdi. İsrailin hərbi texnikasının Azərbaycan ordusu tərəfindən səmərəli istifadəsi, S-300-lər də daxil olmaqla Ermənistanın strateji və hərbi mərkəzlərinə zərbə vurması Ermənistan və İsrail əlaqələrinə mənfi təsir göstərdi. Məhz bu səbəbdən də Ermənistan İsraildəki səfirini geri çağırdı. Ancaq bütün bunlar İsrailin Azərbaycanı dəstəkləməsinə mane olmadı. Ermənistan höküməti dəfələrlə İsrailin Azərbaycanla uzun illərdir davam edən hərbi-texniki əməkdaşlığından və müharibə şəraitində Bakıya silah ixracının dayandırılmasından imtina etməsi tələbi ilə çıxış etsə də İrəvanın bu gülünc tələbi cavabsız qaldı. 12 oktyabr 2020-ci ildə İsrail Yüksək Ədalət Məhkəməsi Azərbaycana silah satışının qadağan edilməsi barədə vəsatəti rədd etdi və İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu göndərdi. İsrail hökuməti Azərbaycana siyasi və humanitar dəstəyini əsirgəmədi.
İşğal altında olan torpaqlarımız azad edildikdən sonra İsrail şirkətləri erməni vandalları tərəfindən dağıdılmış infrastrukturun bərpası üçün yardım təklif edirlər. İsrail Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaqda maraqlıdır. Bu da onu deməyə əsas verir ki, İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq gələcəkdə də geniş müstəvidə davam edəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan-İsrail əməkdaşlığı, tərəfdaşlığı heç bir üçüncü dövlətə qarşı yönəlməyib, dövlətlərarası sabitliyə, tərəqqiyə xidmət edir.
2023-cü il 29 mart tarixində İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirildi. Təntənəli açılışda Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak etdilər. Qeyd edək ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin 2023-cü il yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. Muxtar Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.
Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini vurğulayıb. Diplomat Azərbaycan–İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib. Mərasimi tarixi hadisə adlandıran İsrailin xarici işlər naziri Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu səfirliyin açılması münasibətilə təbrik edib. Tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə görüşüb. Söhbət zamanı Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb. Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib. İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Ceyhun Bayramov həmin gün İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə də görüşüb. Görüşdə, iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Nazir Bayramov Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb. 17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən nazir Ceyhun Bayramov sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Nazir Yoav Qallant, iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.
30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin Prezidenti İshak Hersoq tərəfindən qəbul edilib. Görüşdə, Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub. Prezident İshak Hersoq, İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb. İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bugün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib. Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib.
Erməni havadarı İranın Azərbaycan-İsrail münasibətlərinə qısqanclığı ...
İsraildə səfirliyimizin açılmasına ən çox narahat olan dövlətlərdən biri, bəlkə də birincisi İran oldu. 30 ilə yaxın bir dövrdə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında bütün islami dəyərləri məhv etməsini, müsəlmanların məzarlarını şumlamasını, məscidlərini donuzxanaya çevirməsini görməzdən gələn, ermənilərə dəstəyini əsirgəməyən İran birdən-birə Azərbaycanı İsraillə əməkdaşlıqda, sionizmə xidmətdə ittihama başlayıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı ənənəvi davam edən aqressiv siyasətini açıq şəkildə nümayiş etdirməkdən çəkinməyən, hətta təhdidlərə, şantaja, terrora belə əl ataraq qorxu yaratmağa çalışan İran bir nəfər belə müsəlmanın yaşamadığı Qafanda konsulluq açanda heç bizim məsləhətimizi almadı. 2022-ci ilin oktyabr ayında Ermənistanın Qafan şəhərində İranın konsulluğunun açılışında Xarici İşlər naziri Əmir Abdullahyan demişdi ki, “İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi görür və konsulluğun açılmasını da İranla erməni xalqının minillik münasibətinin xoş təzahürü olaraq dəyərləndirir.” Maraqlıdır, bəs bizim İsraildə səfirliyimizin açılması İranı niyə narahat edir? İranın strateji tərəfdaşı olan Ermənistanın da İsraildə səfirliyi mövcuddur. Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında Azərbaycanın rəsmi mövqeyini bir daha açıqlayaraq bildirdi ki, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir: “Bu, ilk növbədə, həmin ölkələrin inkişafına, bölgəmizdə sülhə, sabitliyə xidmət edir”.
İsrailin xarici işlər naziri Eli Kohen isə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra bildirib ki: "İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir. İran rejimi regionlarımızı, maliyyə imkanlarımızı, turizmimizi təhdid edir və bütün Yaxın Şərqdə sabitliyi pozur. İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq üçün birlikdə hərəkət etməliyik. Bunun üçün həm siyasi, iqtisadi alətlərdən istifadə etmək, həm də etibarlı və güclü hərbi qüvvələr formalaşdırmaq lazımdır”.
Xüsusi vurğulanmalıdır ki, İranın Ermənistana maliyyə dəstəyi 20 il ərzində 2 milyard dolları ötüb. Siyasi dəstək bir yana, İran Ermənistana hərbi yardım da edib. Bu isbatını tapmış dəqiq faktdır. Hətta indi də hərbi yardımın davam etməsi ilə bağlı inandırıcı fikirlər səsləndirilir. İranla Ermənistan arasında hərbi mövzuda rəsmi danışıqlar da aparılır. Hələ 2009-cu ilin iyulunda Tehran-İrəvan sərnişin təyyarəsinin qəzası vacib sirrin üstünü açdı. Qəza nəticəsində içində general da olan 10 İran hərbçisinin həyatına son qoyuldu. Məlum oldu ki, Almaniyada təhsil almış yüksək səviyyəli İran hərbçiləri Ermənistanda, o cümlədən işğal olunmuş ərazilərdə (Kəlbəcərdə) Hava Hücumundan Müdafiə sistemi qururlarmış. Həmin hərbçilərin ailə üzvlərinin məlumatına görə, bu, onların Ermənistana 3-cü ezamiyyəti imiş.
Müsəlman həmrəyliyindən ağız dolusu danışan İran nədənsə öz qonşuluğundakı Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmadı. Bir dəfə olsun haqq səsimizi müdafiə etmədi, işğalın sonlandırılması üçün hansısa bir fəaliyyətə cəhd etmədi. Azərbaycan bütün ölkələrlə münasibətini müstəqil şəkildə həyata keçirir. Bunun üçün hansısa dövlətin göstərişi, yaxud təhdidi nəzərə alınmır. Elə olsaydı ilk növbədə İrana Ermənistanla əməkdaşlığı davam etdirməmək barədə təhdid edən biz olmalıydıq. İrandan fərqli olaraq İsrail isə hər zaman açıq şəkildə Azərbaycana dəstəyini ifadə edib, ərazi bütövlüyümüzü tanıyıb. Hətta Ermənistanın İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün İranın təzyiqlərinə məhəl qoymadan səfirlik açması belə İsrailin Azərbaycanla mövcud olan dərin münasibətində dəyişiklik yarada bilmədi.
21 mart 2023-cü ildə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH ) və Qüds qüvvələrinə (Niru-ye Qods ) aid rəsmi informasiya vasitələrində Azərbaycan Respublikasına növbəti ciddi təhdidlər edilmişdi: “Bütün dünya sizi qardaş deyə çağırsa da, bütün atom silahlı ölkələr sizi qorusa da oxçuların attığı oxlar bu torpağı vətənə birləşdirəcəkdir.” Bu cümlədəki “sizi” sözü ilə “Azərbaycan”, “qardaş” kəlməsi ilə “Türkiyə”, “atom silahlı ölkələr” ifadəsi ilə “İsrail və Pakistan”, “oxçular” təbiri ilə ( orijinal mətində “ kəmandaran”) “İran silahlı qüvvələri”, “bu torpağı” deyimi ilə “Azərbaycan Respublikası”, “vətən” termini ilə “İran” nəzərdə tutulduğu gün kimi aydındır. Qeyd olunan cümlənin sadə anlamı budur ki, “biz sizin əraziləri öz torpaqlarımıza birləşdirəcəyik, sizi nə qardaşınız, nə də atom silahı olan dostlarınız qoruya biləcəkdir.” Bu zaman haqlı olaraq sual yaranır ki: Azərbaycanın tarixi, ədalətli zəfərindən sonra İran niyə belə narahat oldu?!
Martın 28-də ölkədə ciddi narahatlıq doğuran cinayət hadisəsi baş verdi. Belə ki, Konstitusiyamıza əsasən toxunulmazlıq statusuna malik şəxs – Milli Məclisin deputatı, daim dövlətçilik ənənələrinə sadiq olan, İranın anti-Azərbaycan siyasətini kəskin tənqid edənlərdən biri olan Fazil Mustafa yaşadığı evin qarşısında maşından düşərkən naməlum şəxs və ya şəxslər tərəfindən edilən sui-qəsd nəticəsində çiyin nahiyəsindən və ayağından güllə yarası aldı. Xoşbəxtlikdən Fazil bəy çevikliyi nəticəsində sağ qaldı, terroristlərin əlindən qaça bildi və hal-hazırda xəstəxana şəraitində müalicəsi davam etdirilir. Maraqlıdır ki, sui-qəsd cəhdindən cəmi yarım saat sonra, hələ Azərbaycan KİV-ində hadisə barədə məlumat olmadığı bir vaxtda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Teleqram-kanal”ı martın 28-də saat 23:08-də Fazil Mustafanın “qətlə yetirilməsi” barədə məlumat yaydı. Məlumatda qeyd olunub ki: “Anti-iran və İslam bəyanatları ilə tanınan Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu (Mustafa) öldürülüb”. SEPAH-ın “Teleqram-kanal”ında bu tezliklə belə bir məlumatın yayımlanması İran xüsusi xidmət orqanlarının və agenturasının bu sui-qəsd cəhdində iştirakının dolayı sübutudur. Yayılan məlumatda cinayət hadisəsinin “Kalaşnikov” avtomat silahından atəş açılaraq törədildiyi də qeyd olunur. Maraqlıdır ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktı da məhz bu tipli silahdan istifadə edilməklə həyata keçirilmişdi. Hadisə ilə bağlı araşadırma davam edir.
İran əhalisinin tam yarısını təşkil edən 40 milyona yaxın azərbaycanlının hüquqları bu gün də tapdanır. Qarabağdakı ermənilər üçün "status" tələb edən İran soydaşlarımızın ana dilindən istifadə haqqını belə tanımır. Dünya erməniləri Cənubi Azərbaycan şəhərlərində rahatlıqla qurultay keçirə bildiyi, İranda bu gün erməni məktəbləri fəaliyyətini davam etdirdiyi, ermənilər dini azlıq kimi güzəştli hüquqlara malik olduğu halda, oxşar məsələləri orada yaşayan Azərbaycan türkləri haqqında söyləmək mümkün deyil. İranda nə Azərbaycan dilli məktəb fəaliyyət göstərir, nə də ki soydaşlarımız rahat şəkildə bir tədbir həyata keçirə bilir. Müsəlman-şiə təəssübkeşi olduğunu iddia edən İran məscidlərdə donuz saxlayan, 30 min şiə-müsəlman azərbaycanlını qətlə yetirən, bir milyon şiə-müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanı bəsləməkdən əl çəkmir. İran üçün heç bir din, islam, müsəlman, şiə təəssübkeşliyi, beynəlxalq və hüquqi dəyər anlayışı yoxdur, onun üçün yalnız millətçi-aqressiv siyasət və riya üzərində qurulmuş hədəflər var. 44 günlük Vətən müharibəsində İran simasını tam göstərdi: Rusiyadan Ermənistana uçan təyyarələrdəki yük rəsmən elan edilmədiyi və şübhəli olduğu üçün Gürcüstan hava məkanını bu tip laynerlərə bağladı, həmin zaman Rusiyadan qanunsuz silah-sursatlar İran üzərindən Ermənistana daşınırdı. Əlavə olaraq isə İrandan Ermənistana daşınan onlarla zirehli və hərbi maşınların videosu həmin vaxt internet resurslarında yayıldı.
Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Çünki xalq – xalqın iradəsi, rifahı dövlətin əsas atributudur. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir. Bu tarixi əlaqələr həmçinin İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir. İsraildə səfirliyimizin açılması isə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, yeni strateji səviyyəyə çatdırılmasına təkan verəcək, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə gətirib çıxaracaq.
Nailə Tağızadə