Ordumuzun növbəti uğurlu əməliyyatı; Qarabağda nələri əldə etdik?

 

Azərbaycan 10 noyabr 2020-ci il tarixli bəyanatın bütün öhdəliklərini yüksək səviyyədə yerinə yetirərək, hətta 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə rəğmən münasibətlərdə yeni səhifənin açılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklifini edib. İki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan bu istiqamətdə hələ də konkret addım atmayıb. Ermənilər bəyanatın müddəalarını kobud şəkildə pozaraq Qarabağda fəaliyyət göstərən qanunsuz erməni hərbi birləşmələrini ərazilərimizdən nəinki uzaqlaşdırmır, hərbi sursatla təmin edərək yeni müharibə üçün şərait yaradırlar. Həmçinin Laçın-Xankəndi yolundan yalnız humanitar məqsədli yardımların daşınılması nəzərdə tutulmuşdusa, rəsmi İrəvan hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirməklə özünün təcavüzkar, təxribatçı mövqeyini bir daha ortaya qoyur. Azərbaycan dəfələrlə bəyan edib ki, öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummaq niyyətində deyil.

Son dövrlər Ermənistanın aktivləşən pozuculuq fəaliyyəti deməyə imkan verir ki, öz havadarlarına arxalanan İrəvan hakimiyyəti sülh istəmir.  Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin ölkənin xarici işlər naziri Ararat Mirzoyan, təhlükəsizlik şurasının sədri Armen Qriqoryan, parlamentin spikeri Alen Simonyan müxtəlif beynəlxalq toplantılardakı çıxışlarında, ayrı-ayrı görüşlərində Azərbaycanı aqressiv davranışlarda ittiham edir, dünya ictimaiyyətində yalnış rəy formalaşdırmağa çalışırlar. Ermənistan hakimiyyəti və ayrı-ayrı siyasi dairələri Azərbaycana qarşı hərbi ritorikanı gücləndiriblər və mövcud xüsusda, hətta, təhqiramiz fikirlər də gündəmə gətirməkdədirlər. Belə nəticə hasil olur ki, İrəvan daxili ictimai rəyi sülhə deyil, yeni müharibəyə hazırlamaq yolu tutur, mövcud olan, aradan qalxmayan düşmənçilik münasibətlərini daha da alovlandırır, sülh perspektivini əngəlləyir. Paşinyan administrasiyası belə yanaşması ilə Qarabağ ermənilərinin 

Azərbaycanın digər bölgələrindəki qeyri-millətlərdən olan sakinlər kimi, ölkəmizə inteqrasiyasına sədd çəkir. 

Azərbaycan hər dəfə Ermənistanı tutduğu yoldan dönməyə, bölgədəki reallıqlara qarşı çıxmamağa çağırır. Son aylarda xəbərdarlıqların sayının xeyli artmasına baxmayaraq, Qarabağa erməni hərbi birləşmələri üçün silah-sursat daşınması hallarının miqyası artıb. Eyni zamanda mart ayından etibarən atəşkəsin pozulması halları da genişlənib. Martın 20-də Zəngilan ərazisində azərbaycanlı hərbçinin yaralanması isə deməyə əsas verir ki, İrəvan yalnız Qarabağda deyil, bütün sərhəd boyu Azərbaycana hərbi həmlələr etməyi planlaşdırır.

Müdafiə Nazirliyinin martın 24-nə olan məlumatına əsasən Rusiya sülhməramlı kontingentinə məxsus bir ədəd ZTR-82A döyüş maşını növbəti dəfə Ermənistana məxsus üç ədəd tentli  “KamAZ” və üzərində yanacaq çəni olan 1 ədəd “KamAZ” avtomobili Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşıma həyata keçirərkən müşayiət edib.

Martın 21-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin, martın 25-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə telefon danışıqlarında da dövlət başçısı Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə işğalçı ölkənin silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olmasının ciddi narahatlıq doğurduğunu, bu xüsusda Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusi vurğuladı. Diqqətə çatdırıldı ki, Ermənistan tərəfi Avropa İttifaqının bu ölkədə missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürüdür. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri atəşkəsi intensiv şəkildə pozur. Dövlət başçısının bu tezisləri həm də 

Azərbaycan ordusunun əks həmləsinin məntiqiliyinin əsaslandırılmasıdır. 

Dövlət başçısının 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində, Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətimizin hərbi qulluqçusunun yaralandığını vurğulaması isə sözügedən missiyanın da İrəvanın təxribatçı niyyətinin qarşısını almadığını diqqətə çatdırmaqdır. Yəni, Ermənistanın heç bir çərçivəyə sığmayan davranışlarına görə məsuliyyət daşıyan həm də Qərb dairələridir. Ermənistanın Qarabağda gərginlik yaratdığı, sülhə əngəl olduğu bir vəziyyətdə Prezident İlham Əliyevin Bakının Brüssel prosesini dəstəklədiyini bildirməsi, bütövlükdə, Qərb vasitəçiliyinə böyük jestdir. Erməni ambisiyalarını və avantürizmini bu jestdən üstün tutmaq isə Şarl Mişelin təmsil etdiyi cinahın seçimidir. 

Azərbaycan Müdafiə Nazirliyi martın 25-də iki məlumat yaydı. Məlumatlardan əsas çıxarışlar:

  1. Azərbaycan Ordusu Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirib.
  2. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Azərbaycan Ordusu tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Burada diqqət çəkən vacib məqam Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətsizliyi, silah-sursat, mina və digər hərbi təyinatlı yüklərin daşınmasına qarşı çıxmamaları, əksinə, buna şərait yaratmalarıdır. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın 

baş nazirinin imzaladıqları 2020-ci il tarixli 10 noyabr üçtərəfli Bəyanatın 4-cü bəndində sülhməramlıların bölgədə qalma müddəti göstərilib. Burada əsas məsələ sülhməramlıların başlıca missiyasının sülhyaratma əməliyyatına yardım göstərməkdən, Bəyanatın icrasını təmin etməkdən ibarət olmasıdır. Sözügedən sənəddə onların konkret vəzifələri də qeyd olunub. Lakin son hadisələr bir daha göstərir ki, Rusiya sülhməramlıları hələ də fəaliyyətlərinin nə olduğunu aydın şəkildə dərk edə bilmirlər. Ermənistanın qanunsuz hərəkətlərinə göz yuman sülhməramlılar, hətta separatçılara cinayət əməllərini reallaşdırmaqda köməklik də edirlər.

Rusiya Müdafiə Nazirliyinin 25 mart tarixli bəyanatında bildirilir ki: "Azərbaycan Ordusu 10 noyabr bəyanatını pozaraq Şuşa rayonu ərazisindəki təmas xəttini keçərək 2054,0 metr hündürlüyü (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) olan yüksəkliyi tutub və mühəndis-istehkam işlərinə başlayıb". Azərbaycanı öz suveren ərazisinə nəzarət etməkdə ittiham edən Rusiya Müdafiə Nazirliyi erməni tərəfə həyata keçirdiyi qanunsuz fəaliyyəti ilə bağlı irad bildirmir. Bölgədə vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinə görə Ermənistanın siyasi rəhbərliyi, eyni zamanda buna şərait yaradan sülhməramlılar cavabdehlik daşıyır. Azərbaycan hər vəchlə sülh tərəfdarı olduğunu bildirir və Ermənistan tərəfinə sülh üçün şans yaradır. 26 mart tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib. Qeyd edək ki, martın 13-də təqdim olunmuş təklif Ermənistanın siyasi rəhbərləyinin işə qarışması ilə rədd olunmuşdu. Növbəti təkliflə əlaqədar yayılan məlumatda bildirilir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”.

Azərbaycan Silahlı Qüvvələrinin atdığı müvafiq addımlar tamamilə qanunidir. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir, öz torpaqlarımızda atacağımız addıma görə heç kəsdən icazə alası deyilik. Ermənistanın son təxribatları bir daha göstərir ki, ərazimizdə qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir. Bu, regionda sülhün əldə edilməsi və dayanıqlılığı baxımından olduqca vacibdir. Ordumuzun son uğurlu əməliyyatı isə deməyə əsas verir ki, artıq xəbərdarlıq olmayacaq, hər bir qanunsuz fəaliyyətin qarşısı birbaşa müdaxilə ilə alınacaq.

Qərb və Rusiya arasında get-gəl edən, hələ də seçim edə bilməyən, ənənəvi ikitirəli siyasətinə sadiq qalan Ermənistan hökuməti ağlını başına toplamalıdır. Biz heç bir dəstək olmadan öz ərazilərimizin təhlükəsizliyini reallaşdırmaq iqtidarındayıq. Azərbaycan ordusu Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla, vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını aldı. Artıq Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında XTQ nəzarəti təmin edib. Bu ərazilərdə Azərbaycanın icazəsi olmadan olmadan bir quş belə uça bilməz. Rəsmi İrəvan bundan nəticə çıxarmalıdır. Əgər yenə də nəticə çıxarmayacaqsa, bu, Cənubi Qafqazda yeni hərbi toqquşmaların yaranmasına gətirib çıxara bilər.  Azərbaycan tərəfindən zəruri əks addımların atılması, antiterror əməliyyatının həyata keçirilməsi qaçılmaz reallığa çevriləcəkdir. Buna cavabdehlik, tamamilə, Ermənistanın siyasi rəhbərliyinin üzərindədir. Dünya birliyi də Ermənistanın bitməyən siyasi və hərbi təxribatlarına göz yummamalı, təzyiq göstərməlidir. Bizim səbrimizin də bir həddi vardır. Ermənistan 44 günlük müharibənin nəticələrindən dərs çıxarmalı, hansısa vasitəçilərin yalan vədlərinə inanmamalı, sülh prosesinin reallaşması üçün səy göstərməlidir.

                                                                                                         Nailə Tağızadə

2023-03-27 / 18:03
Facebook