İran Azərbaycana qarşı açıq düşmənçiliyə keçir

 

Vətən müharibəsindəki qələbəmizi hələ də həzm edə bilməyən İran vaxtaşırı ölkəmizə qarşı təhdidlər yağdırmaqda davam edir. Martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir. “Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq” – deyə bəyanatda vurğulanır. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Bu təxribat bəllidir ki, Bakını hədələmək məqsədi daşıyır. Eyni zamanda İran Azərbaycanı da buna bənzər bir təxribata çəkmək, daha sonra isə Azərbaycanın düşmənçiliyi ilə bağlı yalan dolu informasiyalar tirajlamaq istəyir. Tehranda səfirliyimizdə açıq-aşkar şəkildə terror həyata keçirildi, 1 vətəndaşımız şəhid edildi. Ancaq hələ də İran bu hadisəni ört-basdır edir, məişət səviyyəsinə endirməyə çalışır. Bütün dəlillərimizə baxmayaraq İran hadisəni araşdırmaqda maraqlı deyil və bunun üçün bizə də şərait yaratmır. İndi isə İran dövlət sərhədimizi pozmaqla növbəti dəfə Azərbaycanın səbrini sınamağa çalışır.

Diqqəti daxili iğtişaşlardan yayındırmaq üçün özündən düşmən obrazı uyduran İran son vaxtlar, xüsusilə də Vətən müharibəsindəki qələbəmizdən sonra belə bir iddia yayır ki, guya Azərbaycanın öz ərazisindən İsrail hərbi strukturları, İsrail xüsusi xidmət orqanları üçün İrana qarşı istifadə olunmasına imkan yaradır. Azərbaycan isə dəfələrlə bəyan edib ki, heç bir halda, öz ərazisindən kənar ölkələrin yəni üçüncü ölkələrin, öz qonşularına qarşı istifadə edilməsinə imkan yaratmayıb və yaratmayacaq. Tehran rejimi isə 44 günlük Vətən müharibəsi zamanı Rusiyadan göndərilən hərbi texnika və silah-sursatı Ermənistana ötürməklə müharibənin uzun müddət davam etməsinə cəhd göstərdi. Hətta mürtəce molla rejimi özü belə Ermənistana hər cür maddi, hərbi və mənəvi dəstəyini əsirgəmədi. İran Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən Qafan şəhərində Baş konsuluq açmaqla normallaşma prosesinə əngəl yaratdı. Bundan başqa, Zəngəzur dəhlizinin açılması ilə bağlı cəfəng iddialar irəli sürərək dövlətlərarası normallaşma prosesinə hər vəchlə mane olur. İran rəsmi Bakı ilə İrəvan arasında tarazlaşdırılmış siyasət həyata keçirmək adı altında Ermənistanın iddialarını dəstəkləyərək tərəflər arasında etimadsızlığın artmasına təkan verir. Buradan belə sual ortaya çıxır ki, regionda vəziyyəti qəlizləşdirən real qüvvə kimdir? 

Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafına qısqanclıqla yanaşan İran dəfələrlə öz sərhədləri yaxınlığında "sionist rejim"in mövcudluğuna dözməyəcəyi ilə bağlı təhdid dolu bəyanatlarını səsləndirib. Azərbaycan bütün ölkələrlə münasibətini müstəqil şəkildə həyata keçirir. Bunun üçün hansısa dövlətin göstərişi, yaxud təhdidi nəzərə alınmır. Elə olsaydı ilk növbədə İrana Ermənistanla əməkdaşlığı davam etdirməmək barədə təhdid edən biz olmalıydıq. İrandan fərqli olaraq İsrail isə hər zaman açıq şəkildə Azərbaycana dəstəyini ifadə edib, ərazi bütövlüyümüzü tanıyıb. Hətta Ermənistan İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün İranın təzyiqlərinə məhəl qoymadan səfirlik açmasına baxmayaraq İsrailin Azərbaycanla mövcud olan dərin münasibətində dəyişiklik yarada bilmədi. Bu yaxınlarda Bakıda baş tutan X Qlobal Bakı Forumunda iştirak edən İsrailin keçmiş baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında bildirib ki: “Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır. Düşünürəm ki, Azərbaycan ordusu son bir neçə ildə öz gücünü sübut edib, ölkənin ərazi bütövlüyünü bərpa edib. Beləliklə İran Azərbaycanla hər hansı konfrontasiyaya başlamazdan qabaq ikinci dəfə düşünməlidir”. X Qlobal Bakı Forumu çərçivəsində panel iclasında çıxış edən İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli isə qeyd edib ki: “İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”. Regional sabitliyin pozulmasının səbəbkarı olaraq İranı görən nazir vurğulayıb ki: “Regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır”.

9 mart 2023-cü il tarixində Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərlinin İranda “itkin düşdüyü” barədə xəbər  yayıldı. Belə ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə gedib. Ailəsi martın 4-dən ondan xəbər ala bilməyib. Azərbaycan Xarici İşlər Nazirliyi də mövzu ilə bağlı açıqlama verib. Nazirlik İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb, ancaq hələ də vətəndaşımızın taleyi ilə bağlı İrandan rəsmi bir cavab verilməyib. Despotik molla rejimi bütün hallarda ölkə ərazisinə nəzarət etmək gücündədir və ölkəyə daxil olan, ölkəni tərk edən hər bir şəxs haqqında məlumatlıdır. İranda olan istənilən xarici ölkə vətəndaşı rejim tərəfindən nəzarətdədir. Bu hadisə Azərbaycanla İran arasında mövcud olan böhranlı vəziyyəti daha da gərginləşdirir. Bu, Azərbaycan vətəndaşlarının İran hakimiyyətinə onsuz da azalan etibarına mənfi təsir göstərir. Fərid Səfərlinin tapılıb Azərbaycana təhvil verilməsini təmin etməzsə, Tehran terrorçu rejim olması ilə bağlı ünvanına deyilənləri bir daha təsdiqləmiş olar. İnsan oğurluğu, xarici ölkə vətəndaşını girov götürmək kimi əməllər terror, cinayət prinsipləri ilə idarə olunan dövlətə xasdır.

Tehran rejimi əzəli və əbədi kabusu olan Cənubi Azərbaycan qorxusunun reallaşmaması üçün hər cür qeyri-insani yollardan çəkinmir. İran ölkəmizdə qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrə əl atır, din adı altında casus şəbəkəsi formalaşdırmağa çalışır. Təbii ki, İranın bu şəbəkəsi izlənilir, son dövrlər dini qruplar adı altında fəaliyyət göstərən, əslində isə İranın xüsusi xidmət orqanlarına xidmət edən bir çox qrup ifşa olunub, məsuliyyətə cəlb olunub. İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı son əməliyyatlardan biri 12 mart 2022-ci ildə həyata keçirildi. Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində  bir qrup şəxs saxlanılıb.

Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzini bağlayan İran hakimiyyəti Təbriz Universitetində Ermənişünaslıq kafedrası açıb. Bu mərkəz 2022-ci ilin sentyabrından fəaliyyət göstərir. İran yaxın gələcəkdə Təbrizdə Ermənistanın konsulluğunu açmağı da planlaşdırır.  İranda sayı heç yüz mini keçməyən ermənilərin “Ararat” adlı mədəniyyət mərkəzi, ana dilində məktəbləri və başqa milli-mədəni mərkəzləri fəaliyyət göstərir. Bu məqsədlə İran hakimiyyəti onlara dövlət büdcəsindən yardım da edir. 40 milyona yaxın azərbaycanlının isə öz ana dilində təhsil almaq, ana dilində yazıb-yaratmaq və dilini yaşatmaq haqqı yoxdur. Azərbaycanın fədakar ziyalıları ana dilini yaşatmaq və fars şovnizminin hücumundan, assimilyasiyasından qorumaq məqsədi ilə zirzəmilərdə gizli şəkildə dərs keçirlər ki, molla rejimi buna da mane olur. Azərbaycan türkcəsini tədris edən müəllimlər həbsə atılır. Təbriz Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi də bağlanılıb. Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, hətta onun üzvlərinə qarşı təzyiq və təqibləri belə artırıb. Yayılan məlumatlara əsasən, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub. Buna cavab olaraq sosial şəbəkələrdə “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” paylaşımları edilib.

İran regionda Azərbaycan kimi geostrateji gücün mövcudluğu ilə barışa bilmir. Xüsusilə, ordumuz bütün dünyaya hərb tarixi keçdikdən sonra Azərbaycanın artan gücü İranı ciddi şəkildə narahat edir. İranda yaşayan 40 milyona yaxın soydaşımızın bu tarixi zəfərimizdən sonra ruhlanması İranın gələcək taleyi ilə bağlı bəzi məsələləri sual altına alır. İran bütün bu narahatıqlarını biruzə versə də, açıq şəkildə bəyan edə bilmir. Aylardır İranda davam edən vətəndaş müharibəsində Cənubi Azərbaycan torpaqlarındakı soydaşlarımızın Bütöv Azərbaycan şüarları ilə mitinqlərdə iştirakı İranı daha da həyəcanlandırır. Azərbaycanla səmimi münasibət İranın bütün gələcəyini sığortalamış olardı. Azərbaycan daxilində “dindar qrupları” hərəkətə gətirməyə çalışan, ölkəmizə qarşı təxribatlar həyata keçirən İran unutmamalıdır ki, çox güvəndiyi, öyündüyü ordusunun yarısından çoxu Azərbaycan türklərindən ibarətdir. 40 milyona yaxın soydaşımızın da səbrinin bir həddi var. İran reallığı dərk etməli, Azərbaycanın regiondakı gücünü və rolunu qəbul etməlidir. 

                                                                                                                              Nailə Tağızadə

2023-03-13 / 18:00
Facebook