Növbəti erməni təxribatı …

 

Son günlər cəbhə xəttində artan erməni təxribatları belə deməyə əsas verir ki, Ermənistan 44 günlük müharibənin nəticələrindən hələ də dərs çıxarmayıb. 2 ildən artıq müddətdir ki, sülh danışıqlarını hər vəchlə pozmağa çalışan Ermənistan hökuməti hələ də revanş hissləri ilə yaşayır. Ermənistan torpaqlarımızda separatçıların tör-töküntüləri vasitəsilə gərginliyi qoruyub saxlamaqda davam edir. 2023-cü il 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsinə cəhd olundu. Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan və yoxlanılmaya atəşlə cavab verən təxribatçılar məhv edildi. Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları nümayəndələrinin ötən ilin dekabrından başlanmış aksiyasından sonra Laçın yolundan silah-sursatın daşınmasının qarşısı alınıb. Alternativ yolun qarşısını da Azərbaycan martın 5-də kəsdi ... 

Ermənistanın baş naziri Nikol Paşinyan isə yenə ermənilərə xas həyasızlıq və arsızlıqla bu  təxribatda  Azərbaycanı təqsirkar saydı, daha da irəli gedərək hadisəni Bakının reallaşdırdığı “terror aktı” adlandırıb. Paşinyanın bu cılız məntiqinə cavab olaraq bildirmək lazımdır ki, hadisə Azərbaycan torpaqlarında baş verib. Bu halda sual yaranır: silahla təmin olunmuş bu ermənilərin bizim ərazimizdə nə işi var idi və sülhməramlı hara baxırdı?!

Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək Xankəndi-Laçın yolunda ekofəalların keçirdiyi aksiyalardan yayınmaq üçün alternativ yollarla Şərqi Zəngəzura silah daşımaq yeni münaqişənin yaranmasını qaçılmaz edir. Martın 7-də Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Rusiya “sülhməramlıları” ilə əlbir törətdikləri növbəti təxribatla bağlı açıqlama yaydı: “Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub. Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır!”. Rusiya Müdafiə Nazirliyi isə bu təxribata başqa don geyindirməyə çalışmaqla yanaşı, açıqlamasında iki yerdə “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ hüquq-mühafizə orqanlarının əməkdaşları” ifadələrini işlətməklə qərəzli mövqeyini ortaya qoydu. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, “Dağlıq Qarabağ” termini artıq yoxdur və işlənməməlidir. Bu bizim ərazi bütövlüyümüzə qarşı olan hörmətsizlikdir. Rusiya Müdafiə Nazirliyi hətta bununla da kifayətlənməyərək erməni təxribatına görə məsuliyyəti öz ərazisində nəzarəti həyata keçirən Azərbaycanın boynuna atmağa çalışır. Əslində bu açıqlama Rusiyanın birtərəf mövqeyindən, bu gün Qarabağda baş verən hadisələrdən xəbərdar olmasından və törədilən hər bir erməni təxribatının arxasında məhz Moskvanın dayandığından xəbər verir.  

Azərbaycanın Müdafiə Nazirliyi son erməni təxribatına yönəlik açıqlamasında Rusiya sülhməramlı qüvvələrinin komandanlığını yalan məlumatlar yaymaqda suçlayıb. Digər tərəfdən, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqlərinin qurulması və Azərbaycanın Qarabağ regionundan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılması məsələsində mövqeyini həm qətiləşdirib, həm də sərtləşdirib: “Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir”.   

Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan ordusunun tör-töküntülərinin ərazimizdən çıxarılmasını tələb etməsi, əks halda, qətiyyətli addımların atılacağı ilə bağlı bəyanatını yeni “Qisas” əməliyyatının anonsu kimi dəyərləndirmək olar:
“Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”.

Prezident İlham Əliyev 9 mart 2023-cü il tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı zamanı  bildirdi ki: “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”. Dövlət başçısı çıxışında Azərbaycanda mövcud olan birgəyaşayış ənənəsindən söz açaraq Qarabağ bölgəsində yaşayan ermənilərin də digər etnik azlıqlar kimi eyni konstitusional hüquqlara malik olacağını vurğuladı: “Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik”.

Ermənistan hələ də biabırçı məğlubiyyətinə və kapitulyasiya aktına imza atmasına rəğmən təxribatçılıq fəaliyyətinə son qoymur. Son vaxtlar Ermənistan tərəfi mövqelərimizi atəşə tutaraq bölgədə süni gərginlik yaratmağa cəhd edir. Bununla da ordumuzu cavab atəşi açmağa təhrik edir, şərti sərhəddə fəaliyyət göstərən  Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa çalışır. Öz havadarlarına arxalanan erməni separatçılarının məqsədi münaqişəni yenidən alovlandırmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bu da Ermənistan və onun Qarabağdakı tör-töküntüləri üçün yaxşı heç nə vəd etmir. Azərbaycan dövlətinin səbrinin tükənməz olmadığını, gücünü və qüdrətini Ermənistan 44 günlük Vətən müharibəsi zamanı yaxşı gördü. Ermənistan hökuməti reallığı dərk etməli, sülh danışıqlarını intensivləşdirməlidir. Əks halda ordumuz yenə də artıqlaması ilə hərbi yolla hər bir müdaxiləyə cavab verməyə hazırdır.

                                                                                                           Nailə Tağızadə

2023-03-13 / 09:50
Facebook