Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşadı. Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı.
Azərbaycan Hərəkatın institusional inkişafına da güclü təkan verdi. Dövlətimiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Məhz 3 illik sədrlik müddətində uğurlu fəaliyyəti ilə Hərəkata mühüm töhfələr verən Azərbaycanın sədrliyi təşkilata üzv ölkələrin yekdil rəyi ilə 2023-cü ilin sonunadək uzadıldı.
2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammit səviyyəli görüşü baş tutdu. Görüşə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar. Qeyd edək ki, bu toplantının keçirilməsi təşəbbüsü Qoşulmama Hərəkatının Sədri, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdü. İlham Əliyev hələ 2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə Hərəkata üzv ölkələrin yüksəksəviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu təşəbbüs təşkilata üzv dövlətlər tərəfindən təqdir edilmişdi.
Tədbirin əsas məqsədi postpandemiya dövründə aktual olan vacib məsələlərin müzakirə edilməsi idi. Yəni, mövzu təkcə pandemiya deyil, daha çox pandemiyadan sonrakı dünya məsələləridir. Hazırda yeni dünya düzəni formalaşır. Bu kontekstdə beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, “Soyuq müharibə” mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları oldu.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamasını, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsinə ümid etdiyini bildirdi. Bununla dövlət başçısı dünya düzəni və təhlükəsizliyi baxımından yeni proseslərin zəruriliyini vurğuladı. İlham Əliyev bəyan etdi ki, bu gün dünyada neokolonializm meyli güclənir. Bu kontekstdə o, Fransanın əsrlər boyu davam edən müstəmləkə siyasətinə də toxunaraq Fransanın üzr istəməsini tələb etdi: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Prezidentin bu cür cəsarətli və ədalətli çıxışı ölkəmizin əzilən xalqların yanında, imperializmə qarşı durduğunun açıq ifadəsidir.
Prezident öz çıxışında yeni dünya düzəninin formalaşması fikrini ifadə etməklə əsas diqqəti dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyinə, beynəlxalq hüququn işləməməsinə, qlobal təşkilatların fəaliyyətinin səmərəli olmamasına yönəltdi. BMT-nin fəaliyyətinin uğursuzluğuna və ikili standartlara toxunan dövlət başçısı Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günə icra olunduğu halda, Azərbaycanla bağlı 4 qətnaməsinə 30 ilə yaxın dövr ərzində məhəl qoyulmadığını bildirdi. BMT sistemində islahatların aparılmasının zəruriliyinə toxunan dövlət başçısı bildirdi ki: “BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”. Prezident Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemində ciddi amil olduğunu bir daha təsdiqlədi.
İlham Əliyev çıxışında iki qlobal çağırışı bəyan etdiyini vurğuladı. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Dövlət başçısı bildirdi ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Prezident Qoşulmama Hərəkatının, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvlərinin Azərbaycanın təşəbbüsünü dəstəkləyəcəyinə və postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə yardım edəcəyinə əminliyini ifadə etdi.
Prezident BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi kimi məsələlərin müzakirəsinin vacibliyini vurğuladı. Dövlət başçısı həmçinin bildirdi ki, Azərbaycan BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Prezident Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırdı.
İlham Əliyev dövlətimiz üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycanın hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirdiyini bildirdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir və Qoşulmama Hərəkatına üzv olan ölkələri də bu təşəbbüsü dəstəkləməyə dəvət edir. Prezident qeyd etdi ki, Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Bunu nəzərə alan Prezident İlham Əliyev Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi. Bununla minadan əziyyət çəkən dövlətlər səslərini qlobal miqyasda eşitdirmək üçün meydan yaratmış olacaqlar.
Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksək səviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Bu gün dünyada baş verən bir çox münaqişə ocaqlarının, hərbi-siyasi problemlərin həlli üçün məhz Qoşulmama Hərəkatı platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir, bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Bu gün dünyanın yeni siyasi düzəni formalaşır, illərlə öz haqqı uğrunda çarpışan xalqlar və dövlətlər söz sahibinə çevrilir. Qoşulmama Hərəkatının Bakı sammiti həm də bunun mesajı idi.
Nailə Tağızadə