2023-cü il 1 mart tarixində Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşdü. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da danışıqlarda iştirak etdi. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparıldı.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxış edən Prezident İlham Əliyev vurğulamışdı ki, Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir. Dövlət başçısı qeyd etmişdi: “Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil...” Prezidentin Vardanyanla bağlı tələbi reallaşdıqdan sonra erməni icmasının nümayəndələri ilə görüş də baş tutdu. Xocalıdakı görüş onu göstərir ki, Azərbaycan diqtə edən tərəfdir və öz istəklərini tədricən yerinə yetirir.
Azərbaycan ərazisində çoxsaylı etnik qrupun nümayəndələri yaşayır. Onlar dövlətimizin vətəndaşlarıdır, bu ölkəni öz vətənləri olaraq qəbul edirlər. Dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qoruyur, lazım olanda canlarından belə keçməyə hazır olurlar. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Azərbaycanda yaşayan bütün etnik qruplar bir yumruq kimi birləşərək torpaqlarımızın azadlığı üçün vuruşdular. Prezident bütün çıxışlarında mütəmadi qeyd edib ki, digər vətəndaşlar kimi Qarabağ ərazilərində yaşayan ermənilər də Azərbaycan dövlətinin vətəndaşlarıdır. Dövlət başçısı ötən ilin oktyabrında keçirilmiş Praqa sammitindən sonra Azərbaycanın televiziya kanallarına müsahibəsində bildirmişdi ki, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”. Təbii ki, Azərbaycan dövləti digər vətəndaşlar kimi ermənilərin da probleminin həllinə həssaslıq nümayiş etdirəcək. Rəsmi Bakı öz vətəndaşları olan Qarabağ erməniləri ilə təmasda maraqlı olduğunu göstərməkdədir. Onlar da öz növbəsində Azərbaycan dövlətinin qanunlarına riayət etməlidir. Qanunlarımız çərçivəsində onların ərazilərimizdə yaşamaq hüquqları var.
Görüşdə erməni sakinlər bəzi kommunikativ və təchizat problemlərinin həll edilməsi üçün kömək istədilər. Bu, özlüyündə Azərbaycanın yuridiksiyasının erməni icması tərəfindən qəbul edilməsi kimi də qiymətləndirilə bilər. Azərbaycan isə dağ-mədən yataqlarımızın qeyri-qanuni istismar olunması vəziyyəti ilə bağlı problemlərin həlli ilə məşğul olmaq imkanları əldə etdi. Həmçinin gələcəkdə Azərbaycanın digər ərazilərində də belə görüşlərin keçirilməsi planlaşdırıldı. Bu, postmüharibə dövründə erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya olunması istiqamətində irəliyə doğru atılan ilk pozitiv addım hesab edilə bilər. Qarabağ bölgəsində yaşayan erməni sakinlər də Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması yüksək qiymətləndirilməlidir. Siyasi oyun alətinə çevrilməyə çalışan ermənilər üçün Azərbaycanın qanunları çərçivəsində yaşamaq sabitlik, təhlükəsizlik və sosial rifahlarının artmasına gətirib çıxaracaq. Prezident İlham Əliyevin də bildirdiyi kimi: “Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışlarından qat-qat yaxşı olacaq”.
Azərbaycan torpaqlarında yasayan ermənilərin dövlətimizə inteqrasiyası üçün belə görüşlərin ənənəvi hal alması lazımdır. Bu görüşün təşəbbüskarı yenə də Azərbaycan oldu. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında verdiyi vədə, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edir. Dövlətimiz regionda sabitliyin tərəfdarı olduğunu, sülhməramlı siyasət yürütdüyünü bir daha nümayiş etdirir, bu istiqamətdə təşəbbüslərini davam etdirəcəyini göstərir. Bu görüşün sülh prosesinə töhfə verəcəyinə, tezliklə sülh danışıqlarının da intensivləşəyinə ümid edirik.
Nailə Tağızadə