Qarabağ separatçılarının lideri Arayik Arutyunyan fevralın 23-də keçirdiyi toplantıda Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən qovub. Qeyd edək ki, Münxen konfransından sonra hakimiyyətə yaxın mənbələr Vardanyanın bu postundan uzaqlaşdırılacağını bildirmişdilər. Xüsusilə, İrəvanın oliqarxdan narazı olduğu və onun yerinə “baş prokuror” Qurgen Nersisyanı təyin etməyi planlaşdırdığı vurğulanırdı. A.Arutyunyan toplantıda Vardanyanın yerinə “baş prokuror” Qurgen Nersisyanın təyin olunmasını təklif edib.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxış edən Prezident İlham Əliyev demişdi: “Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir”. Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu deyən dövlət başçısı bunun hansı şəraitdə mümkün olacağı məsələsinə də toxunmuşdu: “Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”. Bu çıxışla İlham Əliyev Ermənistan və havadarlarına yaxşı dərs keçdi. Dövlət başçısı bu fikirləri ilə həm Ermənistanı, həm də özünü sülh təşəbbüskarı kimi təqdim edən Avropanın fəaliyyətini ifşa etdi. Prezident İlham Əliyevin ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşdə irəli sürdüyü Zəngəzur dəhlizində və Laçın yolunda sərhəd-keçid və nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifi də olduqca böyük önəm daşıyır. Bu təklifi irəli sürməklə dövlət başçısı Ermənistanı olduqca çətin vəziyyətə salmış oldu.
Keçmişi müəmmalı, qaranlıq bir oliqarx olan Vardanyanın “vəzifəsindən” uzaqlaşdırılması rəsmi Bakının əsas tələblərindən biri idi. Vardanyanın “istefaya” göndərilməsi Bakının Xankəndi üzərində nə cür siyasi təsirə malik olduğunu, həmçinin qazandığı çirkli pullarla Qarabağdakı erməni əhalisini “şirnikləndirən” Vardanyanın heç bir təsir gücünün olmadığını göstərdi. Araik və dəstəsinə olan inam da azaldı. Həmçinin sülhməramlıların aylardır dəfələrlə müraciətimizə baxmayaraq göz yumduğu Vardanyanın rəsmi Bakının beynəlxalq etirazından sonra “istefası” həm separatçılarda, həm də Qarabağda yaşayan erməni əhalisində “təhlükəsizlərinin qarantı” olaraq baxdıqları sülhməramlılara olan etimadı da azaltdı.
Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa gəlişi, əslində, Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarından yayınmaq, eyni zamanda, Rusiya rəhbərliyi ilə də münasibətləri pozmamaq idi. Rusiyalı politoloq Sergey Markovun fikrincə, “İndi Vardanyan özünün Ermənistan və ehtimal ki, Fransa vətəndaşlığından istifadə edərək Qərb biznesindən Rusiya aktivlərini ucuz qiymətə alacaq. Vardanyan hiylə işlədərək öz milyardlarını sanksiyalardan azad edə bildi, üstəlik, hələ əlavə milyardlar da qazanacaq”.
İqtisadi çöküş yaşayan Ermənistan siyasi anlamda da çıxılmaz durumdadır. Vətən müharibəsindən sonra Ermənistandakı daxili gərginlik sürətlə artmaqda, dövlət və xalq arasındakı uçurum genişlənməkdədir. Terror dövlətindəki daxili böhranın, barışmaz ziddiyyətlərin nəticəsidir ki, vəzifəli şəxslər arasında həbslər və istefalar yaşanmaqda, Ermənistanın hökumət üzvlərinə qarşı sui-qəsd cəhdləri həyata keçirilməkdədir. Son bir həftə ərzində Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun sabiq komandiri, general-mayor Qriqori Xaçaturovun həbs edilməsi, fevralın 20-də İrəvanda əsgər analarının etiraz aksiyası, fevralın 17-də Ermənistan ordusundakı bir sıra komandirlərin vəzifədən azad olunması terror dövləti daxilindəki gərginlik və qarşıdurmanın hansı səviyyədə olduğunu göstərir.
Ruben Vardanyan amilinin aradan qalxması bir sıra ekspertlər tərəfindən danışıqlarda müsbət dinamikanın olacağı kimi qiymətləndirilir. Bir müddət əvvəl Ermənistanın "Hraparak" qəzeti yazmışdı ki, Vardanyan "vəzifəsindən" azad edilsə də, Xankəndində qalmağa davam edəcək. Vardanyana yaxın mənbələr iddia edirlər ki, “dövlət naziri” hətta “vəzifəsindən kənarlaşdırılsa” da, heç yerə getməyə hazırlaşmır. Onların fikrincə, istənilən halda oliqarx Xankəndidə qalacaq ki, bütün “Qarabağın müxalifət qüvvələrini” öz ətrafında səfərbər edə bilsin. Vardanyan Qarabağda qalacağını və burada bir sıra layihələr həyata keçirəcəyini bildirib. Ruben Vardanyan Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə məşğul olub. Onun Qarabağda istənilən şəkildə qalması Azərbaycanın qanunlarına ziddir. Odur ki, Vardanyanın və onun kimi qanunsuz fəaliyyət göstərənlərin Azərbaycan ərazisini tərk etməsi vacibdir. Vardanyan bütün hallarda Qarabağdan rədd olub getməlidir, əks halda Azərbaycan tərəfi haqlı olaraq onun tutulması üçün iddia qaldıra bilər və bunu təmin etmək hüququna malikdir.
Ermənistan 2020-ci ildə kapitulyasiya aktını qəbul edərək üçtərəfli razılaşmanı imzalamasına baxmayaraq, müxtəlif vasitələrlə təxribatlarını davam etdirir. Müharibədən keçən iki ildən çox müddətdə fərqli platformalarda davam edən müzakirələrə baxmayaraq, Ermənistan sülh razılaşmasından hələ də yayınır. Ötən ilin sentyabr ayında həyata keçirilən əməliyyatdan sonra ermənilərin bir daha təxribata əl atmayacaqlarına etimad var idi. Ancaq biz yenə də gördük ki, həm Ermənistandan, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidən Azərbaycan Silahlı Qüvvələri istiqamətinə atəş açılıb. Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutuldu. Təbii ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldü. Maraqlı məqam isə atəşkəsin pozulmasının Ermənistanın böyük uğuru kimi qiymətləndirdiyi Avropa İttifaqının (Aİ) missiyasının Ermənistanda fəaliyyətə başlamasından bir gün sonraya təsadüf etməsidir. Bu hadisə Azərbaycan tərəfinin haqlı olduğunu bir daha nümayiş etdirir. Çünki Azərbaycan Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini dəfələrlə bildirib. Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, missiyada iştirak edən 100 nəfərdən 50-nin “silahsız müşahidəçi” olduğunu etiraf edib. Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu fakt, hətta erməni ictimaiyyəti üçün də gözlənilməz olub. Ermənistan rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizli saxlayıb. Digər maraqlı məqam isə bütün bu baş verənlərə, Avropanı daim şər yuvası adlandırmasına və Avropa silahlı missiyasının sərhəddinə yaxınlaşmasına rəğmən, İranın susqunluğudur. “Regiona başqa ölkələrin gəlməsini qəbul etməyəcəyini” açıqlayan və buna görə sərhəddə dəfələrlə hərbi təlimlər keçirən fars rejimi Aİ-nin monitorinq qrupunun Azərbaycan-Ermənistan sərhədinə uzunmüddətli gəlişini sadəcə seyr etməklə kifayətlənir. Azərbaycana qarşı düşmənçilik hissi molla rejimin gözünü kor edib. Rusiya da Aİ missiyasının Ermənistana yerləşdirilməsinə qarşı ciddi addımlar atmır.
Vətən müharibəsinin nəticələri və ondan sonra baş vermiş təxribatların qarşısının alınması göstərir ki, Ermənistanın hansı qüvvəyə güvənməsindən, özünə yeni himayədar tapmasından asılı olmayaraq, yenə də regionda Azərbaycan dövləti söz sahibi kimi bütün təxribatların qarşısını hər zaman alacaq gücdə və qüvvətdədir. Prezident İlham Əliyevin prinsipiallığı ilə Vardanyanın qovulması Qarabağda yaşayan ermənilərlə dialoqun başlanması, gərginlik yaratmaqda maraqlı olan qüvvələrin bölgəmizdə oyunlarının pozulması üçün vacib addımdır. Ermənistan tərəfi ona verilən növbəti şansdan dərs çıxarmalı və danışıqlar prosesini sürətləndirməlidir.
Nailə Tağızadə