17-19 fevral 2023-cü il tarixlərində baş tutan 59-cu Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, dövlətimizə olan hörmət və etimadın əyani göstəricisidir. Qeyd edək ki, 1963-cü ildən bu günədək təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumudur. Bu konfransa dövlətimizin başçısının ali qonaq kimi dəvət olunması Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun bir daha təsdiqi və sübutudur. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsidir. Konfransın panel bölmələrinə Ermənistanın baş naziri Nikol Paşinyanın qatılmaması regionda kimin sülhsevər olmasını, eyni zamanda kimin söz sahibi olmasını göstərdi.
Konfrans Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidən çatdırılması və Ermənistanın sülh müqaviləsindən yayınmasının ifşası baxımdan mühüm əhəmiyyət kəsb etdi. Dünya birliyi bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Ermənistanın bütün danışıqlardan yayınmasına, bölgədə gərginlik yaratmasına, sərsəm iddialar səsləndirməsinə rəğmən Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təklifi ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla birgə görüşdə iştirak etdi. Bu addım bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Prezidenti İlham Əliyevlə yanaşı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Plenar iclasda dövlət başçısı Azərbaycanın mövqeyini bir daha dilə gətirdi və regional əməkdaşlıq perspektivlərinin zəruriliyini önə sürdü.
Prezident İlham Əliyev plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını xahiş etdi. Prezident Azərbaycanın sülh istədiyini qlobal müzakirə platformasında bir daha diqqətə çatdırdı. Plenar iclasda dövlət başçımız vurğuladı ki, Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir: “Biz hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər”.
Ermənilərin blokadaya alınmaları ilə bağlı dünyaya car çəkdikləri əsassız fikirlərinə də toxunan dövlətimizin başçısı dedi: “Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir”. Prezident bolkadanın yalan olması ilə bağlı digər bir faktı da qeyd etdi: “Dekabrın 12-dən bu günədək, - bizim vətəndaş cəmiyyətindən olan fəallarımız blokpostda olduğu dövrdə, oradan 2500 nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəqliyyat vasitələri keçib. Qırmızı Xaç Komitəsi tərəfindən 100-dək pasiyent Qarabağdan Ermənistana müalicəyə aparılıb. Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?”.
İkili standartlar amilinə də toxunan Prezident bildirdi ki, Ermənistanın 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasına, beynəlxalq hüququ pozmasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməsinə rəğmən bu dövlətə qarşı heç bir sanksiya tətbiq olunmadı. Dövlət başçısı vurğuladı ki, daim beynəlxalq hüququn bərqərar olmasını gözləsək də, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün özümüz döyüşməli olduq. 30 ilə yaxın işğal ərzində ərazilərimizin xarabalığa çevrildiyini, bir milyon azərbaycanlının evindən didərgin salındığını, 67 məsciddən 65-nin dağıdıldığını qeyd edən dövlət başçısı bütün bunların indi bizi işğalda günahlandıran ermənilər tərəfindən edildiyini bildirdi.
Qarabağ erməniləri ilə bağlı məsələyə də toxunan Prezident qeyd etdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Azəbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu deyən dövlət başçısı bunun hansı şəraitdə mümkün olacağı məsələsinə də toxundu: “Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinə gəlincə isə İlham Əliyev bununla əlaqədar olaraq bir neçə platformanın mövcud olduğunu bildirdi. Brüssel formatını, eyni zamanda Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş görüşün əhəmiyyətini vurğulayan Prezident bu formatın üçtərəfli olduğunu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşmanın mövcudluğunu diqqətə çatdırdı. Minsk qrupunun kağız üzərində qalan fəaliyyətinə də toxunan dövlət başçısı 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrlərin vəziyyətə hələ ki, nisbətən təsir edə bildiklərini qeyd etdi. Bu səbəbdən də ABŞ, Rusiya və Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlməyin mümkünlüyünü dilə gətirdi. Fransa hökumətinin isə birtərəfli ermənipərəst mövqeyinə görə bu platformada artıq iştirak etmədiyini bildirdi.
Prezident İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi və Laçın yolu barədə də önəmli açıqlamalar verdi. Məlumdur ki, 2 ildən çoxdur Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşıdır və üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Rəsmi İrəvan Zəngəzur mövzusunu diqqətdən yayındırmaq üçün hər fürsətdə Laçın yolu ətrafında yaranmış vəziyyəti “blokada” kimi təqdim etməyə çalışır. Reallıq budur ki, Zəngəzur və Laçın yolunda hüquqi rejim eyni olmalıdır. Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsini tələb edir. Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin hər iki başında, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Dövlət başçısı bunu da əlavə etdi ki: “Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan–Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır”.
Azərbaycan Prezidenti xüsusi olaraq vurğulayıb ki, həm Avropada, həm Amerikada Azərbaycanın təklifi məntiqli hesab olunur. Bu, ümumən, ölkəmizin baxışlarının dünya birliyi tərəfindən məqbul qiymətləndirildiyinə dair kifayət qədər ciddi mesajdır: “İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil”.
Azərbaycanın mövqeyini qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da ifadə etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür”.
Ermənistan Azərbaycan ilə münasibətlərini normalaşdırmaq üçün əməli addımlar atmalıdır. ABŞ-ın Dövlət katibi Antoni Blinken də görüşün yekununa dair açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir. Cənab Blinken hesab edir ki, tərəflərin özləri yenidən sülh prosesinə, o cümlədən, birbaşa danışıqlar yolu ilə, eləcə də Aİ və bizimlə danışıqlara yönəliblər. Amerika diplomatiyasının rəhbəri, həmçinin açıqlayıb ki, Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün lazım olan hər şeyi etməyə hazırdır.
Münxen Konfransında Azərbaycan diplomatiyasının növbəti uğuru olaraq müstəqillik tarixinə yazıldı. Prezidentin Münxendə ortaya qoyduğu qətiyyətli mövqe dövlətimizin beynəlxalq miqyasda siyasi, iqtisadi üstünlüklərinin açıq-aydın ifadəsi idi. Rəsmi İrəvan anlamalıdır ki, regionda hərtərəfli inkişafa aparan yol, məhz, Azərbaycan ilə münasibətlərin normalaşdırılmasından keçir. Ermənistan hakimiyyəti sülh yolunda irəliləməli, konstruktiv yanaşma nümayiş etdirməlidir. Ermənistan düşdüyü blokada vəziyyətindən, səfalətdən ancaq Azərbaycanla əməkdaşlığa nail olmaqla qurtula bilər. Azərbaycan Münxendə bu reallığı Ermənistan hökumətinə və cəmiyyətinə bir daha çatdırdı və Ermənistan vəziyyəti dəyərləndirmək üçün növbəti şansı verdi.
Nailə Tağızadə