Vətən müharibəsindəki qələbəmizi hələ də həzm edə bilməyən İran vaxtaşırı ölkəmizə qarşı təhdidlər yağdırmaqda davam edir. İran regionda Azərbaycan kimi geostrateji gücün mövcudluğu ilə barışa bilmir. Xüsusilə, ordumuz bütün dünyaya hərb tarixi keçdikdən sonra Azərbaycanın artan gücü İranı ciddi şəkildə narahat edir. İranda yaşayan milyonlarla soydaşımızın bu tarixi zəfərimizdən sonra ruhlanması İranın gələcək taleyi ilə bağlı bəzi məsələləri sual altına alır.
44 günlük müharibədən sonra Azərbaycan Ermənistana normallaşma prosesi ilə bağlı sülh təklifi təqdim edib. Rəsmi İrəvan prinsipcə bu təkliflərə qarşı olmadığını bildirsə də havadarlarının təzyiqi və vasitəçiliyi nəticəsində tez-tez fikir ayrılığı yaşayır. Sülh prosesində vacib müddəalardan biri Azərbaycanın təklif etdiyi bütün region üçün çox böyük əhəmiyyət daşıyan Zəngəzur dəhlizi ilə bağlı məsələ də həllini gözləyən vacib məsələlərdəndir. Ermənistan razılığa gəlib dəhlizlə bağlı müəyyən məsələləri müzakirə etməyə çalışdıqda özünü Ermənistanın “xilaskarı” rolunda görən rəsmi Tehran qıcıqlandırıcı çıxışları ilə yeni problem yaradır.
Ermənistan yarıtmaz siyasəti nəticəsində özünü blokadada saxlamaqda davam edir. Qışda və əlverişsiz hava şəraitində Gürcüstandan keçən yeganə yol bağlanır, İranla Ermənistanı birləşdirən yol isə bəzən keçilməz olur. Məsələn, fevralın 9-da İranın bir neçə avtomobili, o cümlədən yük maşını Cermuq şəhərində yol sürüşkən olduğu üçün mənzil başına çata bilməyib. Bu çətin vəziyyəti görən erməni rəsmi dairələri çıxış yolu axtarmağa çalışırlar. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan avtomobil yollarının qış aylarında və çətin hava şəraitində keçilməzliyindən danışaraq kommunikasiya xətlərinin açılmasına eyham vurub. Reallıq budur ki, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi layihəsinin reallaşması daha çox Ermənistana faydalı olacaqdır. İran isə hər vəchlə ilk gündən bu dəhliz məsələsinə qarşıdır. Əvvəl açıq şəkildə bunu biruzə verməməyə çalışan molla rejimi, artıq bu dəhlizə imkan verməyəcəyini aşkar bəyan edir. Hətta İranın Ermənistandakı səfiri Abbas Bədəxşan bu yaxınlarda “İran və Ermənistan belə bir dəhlizin yaranmasına imkan verməyəcək” deməklə Tehran rejiminin əsl iç üzünü göstərmiş oldu. Səfir daha da irəli gedərək Ermənistanın yerinə çıxış edir: “Biz qarşı tərəfdən təşəbbüsün irəli sürülməsinə icazə verməməliyik. Əksinə, biz özümüz təşəbbüs göstərməliyik”. Burada səfir qarşı tərəf dedikdə təbii ki, Azərbaycanı nəzərdə tutur və İranı regionda əsas söz sahibi kimi göstərməyə çalışır. İş o yerə çatıb ki, Qərbi daim “şeytan yuvası” adlandıran İran Ermənistandakı mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən Fransanın qarışıq məqsədli nümayəndələrini belə görməzlikdən gəlir. Vətən müharibəsindən sonra Azərbaycanı İsraili regiona buraxmaqda ittiham edən, buna imkan verməyəcəyi ilə bağlı təhdid dolu çıxışlar edən İran Fransanın Ermənistandakı fəaliyyətindən nədənsə narazı deyil. Nəzərə almaq lazımdır ki, Tehran rejiminin qatı əleyhdarı olan Xalq Mücahidləri Təşkilatının əsas qərargahı Fransada yerləşir. Fransa Ermənistanda fəaliyyət göstərməklə İrana da nəzarətetmə imkanı əldə etmiş olur. Zəngəzur dəhlizini özünə təhdid olaraq görən İran yaxşı olar ki, bu məsələdə enerjisini boşuna sərf etməsin, onun yerində yaxınlığında yerləşən Fransa ilə məşğul olsun. Çünki İrana əsl təhlükə ordan gələ bilər.
İran özünü erməni xalqının dostu kimi göstərməyə səy edir. Əslində isə Tehran rejimi öz çirkin niyyətini Ermənistanın arxasında gizlətməklə həyata keçirməyə cəhd göstərir. İran Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən Qafan şəhərində Baş konsuluq açmaqla normallaşma prosesinə əngəl yaratdı. Eyni zamanda, molla rejimi rəsmi Bakı ilə İrəvan arasında tarazlaşdırılmış siyasət həyata keçirmək adı altında Ermənistanın iddialarını dəstəkləyərək tərəflər arasında etimadsızlığın artmasına təkan verir.
İranın Azərbaycana qarşı olan nifrəti o qədər böyükdür ki, hətta öz vətəndaşları hesab olunan Cənubi Azərbaycanlı soydaşlarımızı incitməkdən belə çəkinmirlər. Cənubi Azərbaycanın Xoy şəhərində bir həftə ərzində ardıcıl iki dəfə baş verən 6 maqnitudalıq güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq hərmyəliyə Tehran rejimi icazə vermədi. Qardaş Türkiyənin 10 əyalətində baş vermiş şiddətli zəlzələ beynəlxalq aləmdə həmrəylik yaratdı. Hər bir dövlət, qurum və təşkilatlar, sadə insanlar yardım üçün səfərbər oldular. Hətta münasibətlərində gərginlik yaşanan Yunanıstan və əlaqələri kəsilmiş Ermənistanın yardımlarından belə Türkiyə imtina etmədi. Ancaq İran nümunəsində biz bunu görmədik. Türkiyə və Azərbaycanın uyğun qurumlarının bu məqsədlə uzatdıqları yardım əlini İran geri çevirdi, sonra da utanmadan bu yardım müraciətlərini inkar etdi. Rejim Cənubi Azərbaycanın başqa şəhər və rayonlarından, etnik ərəblərin üstünlük təşkil etdiyi Xuzistandan könüllülərin yardımlarının Xoya çatdırılmasını da əngəllədi. Hətta, bu işi təşkil edən 3 ərəb də həbs edildi. Ancaq təbii fəlakətdən 11 gün sonra Rusiyanın Xoya göndərdiyi 35 tonluq humanitar yardımı qəbul etdi. Bununla İran vəziyyətin ağır olmaması ilə bağlı dediklərini inkar etmiş oldu. Xoyda vəziyyət hələ də düzəlməyib ki, zəlzələ baş verən gün Türkiyə və Azərbaycanın humanitar yardımlarını qəbul etməyən İran hakimiyyəti 11 gündən sonra gələn Rusiyanın yardımını sevinərək qəbul etdi. Bununla da kifayətlənməyən Tehran hakimiyyəti Azərbaycan və Türkiyəyə qıcıq verib, yerli əhalinin heyssiyyatı ilə oynayaraq Xoyda zəlzələdən zərərçəkənlər üçün Ermənistandan göndərilən yardımı qəbul etdi. Maraqlıdır özü səfalət içində boğulan Ermənistan bu yardımı necə göndərə bildi? Bu başqa müzakirə mövzusudur. Burada əsas məqsəd İran rejiminin qurduğu oyundur. Belə ki, rəsmi Tehran Türkiyə və Azərbaycanın İrana yardım etmədiyi halda, çətin vəziyyətdə olan Ermənistanın bu addımı atdığına dair təbliğat aparacaq. İran təbii fəlakətdən belə öz xəbis niyyətini reallaşdırmaq üçün istifadə edir. Xoydakı zəlzələdən zərərçəkənlərə yardımı gecikdirdiyi halda bu hakimiyyət Suriyadakı zəlzələ bölgəsinə özünü hamıdan tez çatdırdı.
Tehranda səfirliyimizdə açıq-aşkar şəkildə terror həyata keçirildi, 1 vətəndaşımız şəhid edildi. Ancaq hələ də İran bu hadisəni ört-basdır edir, məişət səviyyəsinə endirməyə çalışır. Bütün dəlillərimizə baxmayaraq İran hadisəni araşdırmaqda maraqlı deyil və bunun üçün bizə də şərait yaratmır. İranın soydaşlarımıza qarşı həyata keçirdiyi şovinist siyasəti hələ də davam edir. "Jerusalem Post" qəzetində dərc olunan məqalədə bildirilir ki, İran rejimi xarici qüvvələri, ilk növbədə, təbii ki, İsraili ölkədəki etnik azərbaycanlıları hakimiyyətə qarşı etiraz aksiyalarını dəstəkləməkdə ittiham edir. Bu ittiham İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi teleqram kanalı vasitəsilə mütəmadi olaraq yayımlanır.
Məqalədə deyilir ki, İrandakı hazırkı gərginliyin mərkəzi Təbriz şəhəridir. Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan bu şəhərdə yaşayan müxtəlif hesablamalara görə təxminən 25 milyon etnik azərbaycanlı İranın əsarətindən xilas olmaq və Güney Azərbaycan adlı ayrıca dövlət yaratmaq istəyir.
"Bu yaxınlarda şəhərdə İran rejiminə qarşı növbəti etiraz dalğası baş verib. Son aylarda rejim nümayişləri yatırıb və kütləvi həbslər həyata keçirib. İranın təhlükəsizlik qüvvələri hətta zorakılığa əl atmaqdan da çəkinməyib ki, nəticədə onlarla sakin həlak olub. Qeyd etmək lazımdır ki, bu şəhər qanlı İran rejimi üçün böyük əhəmiyyət kəsb edir. Hakimiyyət qorxur ki, əgər şəhər və onun ətrafı öz müstəqilliyini elan edərsə, bu, rejimin süqutunu sürətləndirə bilər”, - məqalədə vurğulanır. Buna sübut kimi son vaxtlar nümayişçilərin müstəqil Güney Azərbaycanın bayrağının təsviri olan çoxsaylı plakatlar asmağa başladıqları göstərilir. Təhlükəsizlik qüvvələrinin nəzarətində olan inzibati və ictimai binaların divarlarına da oxşar vərəqələr yapışdırılır.
Əslində Tehran rejimi əzəli və əbədi kabusu olan Cənubi Azərbaycan qorxusuna görə müsəlman həmrəyliyi prinsipindən çıxaraq erməni bacılarının yanındadır. Bu qorxunun reallaşmaması üçün hər cür qeyri-insani yollardan çəkinməyən əl atan İran ölkəmizdə qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrə əl atır, din adı altında casus şəbəkəsi formalaşdırmağa çalışır. Təbii ki, İranın bu şəbəkəsi izlənilir, son dövrlər dini qruplar adı altında fəaliyyət göstərən, əslində isə İrana xidmət edən bir çox qrup ifşa olunub, məsuliyyətə cəlb olunub. Bu sahədə işlər yenə də davam etdirilir. İran bu kimi yollarla istədiyinə heç vaxt nail ola bilməyəcək. Azərbaycanı daxildən qarışdırmağa çalışmaqdansa, yaxşı olar ki İran öz daxilindəki soydaşlarımızın hüquqlarını təmin etməklə məşğul olsun. Yoxsa ki, İranın daim qorxduğu amil reallığa çevriləcək. 30 milyondan çox soydaşımızın da səbrinin bir həddi var.
Nailə Tağızadə