Həm xoş gündə, həm dar gündə bir yerdə; Azərbaycan-Türkiyə …

 

2023-cü il 6 fevral tarixində saat 04:17-də Türkiyədə episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan və digər 9 vilayətində - Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada şiddətlə hiss edilən 7.7 bal gücündə zəlzələ baş verdi. Zəlzələ xeyli dağıntılara və insan tələfatına səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD)  sədrliyi üzərinə götürüb. Rəcəb Tayyib Ərdoğan bu zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu bildirib. Zəlzələ nəticəsində ümumilikdə 6444 bina dağılıb. Son rəqəmlərə əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb. Zəlzələnin baş verdiyi 10 əyalətdə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Dəhşətli hadisə baş verən andan etibarən Azərbaycan dövləti qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Azərbaycan hər zaman olduğu kimi bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Faciə baş verən gün Prezident İlham Əliyev  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi. Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşdü.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da paylaşım edərək  Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva "Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!", - deyə paylaşımında qardaş Türkiyəyə dəstəyini ifadə etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə tviter hesabında paylaşım edərək təşəkkür etdi: "Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya, Milli Məclisin Sədri Sahibə Qafarova baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı məktubu ünvanladılar. Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırdı. 
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanladı.

Fevralın 6-da Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı tviter hesabında paylaşım edərək Azərbaycana təşəkkür etdi: "Ölkəmizdə yaşanan zəlzələ ilə əlaqədar olaraq ilk dəqiqədən etibarən həmrəyliyini göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik".

Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Səfir Cahid Bağcı ilə söhbəti əsnasında İlham Əliyev bildirdi ki, Azərbaycan həmişə olduğu kimi, bu çətin günündə də qardaş Türkiyəyə dəstək olmağı özünün mənəvi, şərəf borcu sayır: "...Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik". 

Fevralın 6-dan Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən fevralın 8-nə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim, 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdir. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraşda həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində bu günə qədər dağıntılar altından 47 nəfəri sağ, 290 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair mal-materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Bundan əlavə Azərbaycanın böyük bir könüllü qrupu da yardım üçün Türkiyədədir.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib. Fevralın 8-də Azərbaycanın səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.
Həmçinin Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyı" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Dövlət səviyyəsində edilən köməklə yanaşı, sadə vətəndaşlar tərəfindən də artıq bir neçə gündür ki, humanitar yardım kampaniyası başlayıb, zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə "Türkiyə yüzyılı birlik və dayanışma platformu" təsis edilib. Platforma çərçivəsində yardımları toplamaq üçün Bakıda müxtəlif məntəqələr ayrılıb. Respublikamızın hər bir bölgəsində sadə vətəndaşlar öz imkanları daxilində qardaş və bacılarına yardım etmək üçün səfərbər olublar.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıb. Fevralın 9-da zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə edən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulması, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”.

Fevralın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.

Həmçinin qeyd edilməlidir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.

Fevralın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardım - 14 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Eyni zamanda 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardımı aparan təyyarə də Adana hava limanına enib. Yardım aidiyyəti üzrə təhvil verilib.

Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, qardaş olan ikinci bir dövlət nümunəsi yoxdur. Eyni tarixi köklərə, ortaq dəyərlərə, eyni dinə, dilə malik olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də ... Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir". 44 günlük Vətən müharibəsi zamanı türk qardaşlarımızın Azərbaycana haqq davasında mənəvi dəstək durduğu kimi, indi bu çətin vəziyyətdə də xalqımız türk xalqına mənəvi dayaq olur. Dar gündə də, xoş gündə də bir-birimizə həyan, kömək, arxa-dayaq oluruq ... Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik.

                                                                                                Nailə Tağızadə

2023-02-11 / 11:22
Facebook