Qərbi Azərbaycana Qayıdış Konsepsiyası

 

 

26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Qeyd edək ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların, sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

Prezident İlham Əliyev 2022-ci dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı bildirmişdi ki: “... biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”. Prezidentin bu tağşırığından sonra Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanıldı və tez bir zamanda yekunlaşdı.

Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:

- İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;

- Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;

- Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;

- Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi.

XX əsr boyunca – 1905, 1918-1920-ci, 1948-1953-cü illərdə və 1980-ci illərin sonlarında Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyası və doğma yurdlarından qovulması Qarabağın və digər ərazilərimizin işğalına hazırlıq mərhələləri olmuşdur. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib. Deportasiyadan sonra atılan bu addımlar azərbaycanlıların izlərini tamamilə silmək məqsədi daşıyırdı. Bütün bu proseslərin gedişində beynəlxalq aləm xalqımızın üzləşdiyi bu cinayətlərə ikili standartlarla yanaşaraq biganə qalmışdır.

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasına əsasən - Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq. - İcma Azərbaycan Respublikasının və Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestri xidmətlərinin yardımından istifadə edərək və müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirəcək. - İcma qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlayacaq.  -Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur.  Şəxsiyyəti, mülkiyyət hüququnu və digər hüquqları təsdiq edən sənədlərin Ermənistan tərəfindən təqdim edilməsi bu hüququ yaratmır, verilməməsi bu hüququ aradan qaldırmır. Belə sənədlərin verilməsi, sadəcə, formal-texniki məsələ olmaqla hazırda sözügedən ərazilərə nəzarət edən Ermənistan Respublikasının qeyd-şərtsiz yerinə yetirməli olduğu bir öhdəlikdir. Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətmiş olması səbəbindən İcma təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmir və ona görə də müvafiq mandatla və Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir. - Ermənistan hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir. Ermənistan hökuməti azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. - Repatriasiya etmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlər humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün re-inteqrasiya və reabilitasiya proqramına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf müqabili olmaqda qərarlıdır. - İcma BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək. - İcma Ermənistanın azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmasına, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməsinə, onları şöhrətləndirməyə dərhal son verməsinə, o cümlədən, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməsinə və aparılmış yer adları dəyişliklərini ləğv etməsinə nail olmaq üçün səylər göstərəcək. - İcma əhali öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi öz fəaliyyətini, o cümlədən orada yaşayacaq azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə mütəşəkkil səylərini, bu məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti ilə və Ermənistan ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir.

Dövlət başçısının qarşıya qoyduğu hədəfə nail olmaq üçün millət olaraq yenə yumruq şəklində birləşərək ideoloji, siyasi mübarizəmizi aparmalıyıq. Ermənilər vandalizm törədərək İrəvandakı abidlərimizi dağıdıblar, lakin müxtəlif faktlar - sənədlər, xəritələr qalmaqdadır. Qərbi Azərbaycanın elmi irsi araşdırılmalı, mədəniyyətini dünyaya tanıtmaq üçün fəal işlər görülməlidir. Bunun üçün hər kəs bacardığı işi layiqincə yerinə yetirməlidir, gənc nəslin tarixi yaddaşı gücləndirilməlidir. Qərbi Azərbaycandan olan ziyalılar Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırmaq üçün əllərindən gələni etməlidirlər. Bu, Prezidentin ziyalılar qarşısında qoyduğu tapşırıqdır.

                                                                                                       Nailə Tağızadə

2023-01-30 / 14:12
Facebook