Hələ 2022-ci ilin noyabrında İran səfirliyi qarşısında etiraz aksiyasının keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt İran vətəndaşı olan bir şəxs Azərbaycan səfirliyini, Naxçıvana tranzit olaraq keçən yük maşınlarının sürücülərini hədələmişdi. ABŞ-ın İrandakı səfirliyinə hücumdan fəxarətlə danışan həmin şəxs səfirliyin daş-qalaq ediləcəyini, hətta, Azərbaycan vətəndaşlarının fiziki təzyiqə məruz qalacaqlarını söyləmişdi. İran hakimiyyəti isə həmin şəxsi məsuliyyətə cəlb etmədi, bu cür halların daha çox yaşanmasına bilavasitə şərait yaratdı. Azərbaycanlılara qarşı terror hədələri edən farslar, hətta uşaqlardan belə istifadədən çəkinmədilər. Uşaqların əllərinə silah verərək Araz sahilində Azərbaycana təhdidlər yağdırdılar. İran rejimi bununla Azərbaycana hədə-qorxu gəlməyə cəhd edirdi. 2023-cü il 27 yanvar tarixində isə İran real addım atdı. Azərbaycanın Tehrandakı səfirliyinə “Kalaşnikov” markalı avtomat silahla hücum təşkil olundu. Hücum zamanı Səfirliyimizin bir əməkdaşı şəhid oldu, ikisi isə yaralandı.
Bu hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycana qarşı təcavüzdür. Hadisəni törədən terrorist Yasin Hüseynzadə adlı İran vətəndaşıdır və onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var, araşdırma gedir. Bu da təsadüfi deyildir. Məlumdur ki İran hər zaman terrora dəstək verən əsas ölkələrdən biri, terror yuvası olub. Tehran rejimi daim səfirlik və konsulluqlara hücumu ilə seçilib. ABŞ səfirliyi, Səudiyyə Ərəbistanının konsulluğuna hücumları buna misal olaraq göstərmək mümkündür. Bu hadisələr İrandakı səfirliklərin, diplomatik nümayəndəliklərin toxunulmazlığına zəmanət olmadığını bir daha isbatlayır. Bununla kifayətlənməyən İran hakimiyyəti başqa ölkələrdəki səfirlik və nümayəndəliklərə də hücum təşkil edib. ABŞ-ın İraqdakı konsulluğuna, İsrailin Argentinadakı nümayəndəliyinə hücumlar buna sübutdur.
Diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyi qəbul edən ölkə tərəfindən təmin edilməlidir. İran hakimiyyəti Azərbaycan səfirliyinin mühafizəsini düzgün təşkil etməyib və ya hücum anında mühafizənin yaxşı təşkilində, terror aktının qarşısını almaqda maraqlı olmayıb. Görüntülərdən aydın olur ki, hadisə baş verən zaman ərazidə polis olmayıb və hadisənin baş verməməsi üçün heç bir addım atılmayıb. Hadisənin daha böyük faciəyə səbəb olmasının qarşısını Azərbaycan səfirliyinin mühafizəsi alıb. Əgər mühafizə əməkdaşı hücum edənin qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi. Hadisə anının videosundan da görünür ki, hücum edən şəxs ciddi hazırlaşıb və səfirliyə böyük qətliam törətmək üçün daxil olub. Lakin İran isə ictimai rəyi fərqli istiqamətə yönəltməyə səy göstərir. Tehran polisi iddia edir ki, hadisə məişət hadisəsidir, guya terrorçu həmin əraziyə uşaqla gəlib. Lakin görüntülər İranın bu iddialarının yalan olduğunu ortaya çıxarır. Buradan da aydın olur ki, İran hadisənin araşdırılmasında maraqlı deyildir və İrandan hansısa obyektiv araşdırma gözləmək sadəlövhlükdür.
Tehran rejimi 44 günlük Vətən müharibəsi zamanı Rusiyadan göndərilən hərbi texnika və silah-sursatı Ermənistana ötürməklə müharibənin uzun müddət davam etməsinə cəhd göstərdi. İran Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən Qafan şəhərində Baş konsuluq açmaqla normallaşma prosesinə əngəl yaratdı. Bundan başqa, Zəngəzur dəhlizinin açılması ilə bağlı cəfəng iddialar irəli sürərək dövlətlərarası normallaşma prosesinə hər vəchlə mane olur. İran rəsmi Bakı ilə İrəvan arasında tarazlaşdırılmış siyasət həyata keçirmək adı altında Ermənistanın iddialarını dəstəkləyərək tərəflər arasında etimadsızlığın artmasına təkan verir. Təsadüfi deyildir ki, Azərbaycan səfirliyinə xain hücumun təşkil olunduğu ərəfədə İran hökumətinin icazəsilə Tehranda ermənilərin iştirakı ilə “artsax blokadadan çıxarılsın” şüarı altında aksiya keçirildi. İranda yaşayan bir qrup erməni Laçın dəhlizinin açılması ilə bağlı absurd tələblər irəli sürdü. İran hökuməti isə heç bir maneə törətmədi. İran əhalisinin yarısından çoxunu təşkil edən azərbaycanlılar ən elementar hüquqlarından məhrum edilir, öz ana dillərində təhsil almalarına, danışmalarına imkan verilmir, lakin bir qrup erməninin bütün hüquq və azadlıqları təmin olunur, heç bir problemlə qarşılaşmadan mitinqlər keçirirlər, cəfəng iddialarını rahatlıqla irəli sürürlər. Bu, İranın əsl iç üzünü ortaya qoyur.
Hadisə ilə bağlı münasibətini bildirən Prezident İlham Əliyev tviterdə paylaşımında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror hadisəsi kimi qiymətləndirib. “Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Azərbaycan Prezidenti yazıb.
Terror hücumu ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı Ceyhun Bayramov bir əməkdaşın şəhid olması və iki əməkdaşın yaralanması ilə nəticələnin terror hücumunu qətiyyətlə pisləyib və şiddətlə qınayıb. Terror aktını törədən şəxsin İranın səlahiyyətli qurumları tərəfindən tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkilində və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb edilib. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. O, İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb. İranın xarici işlər naziri bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə ümid etdiyini bildirib. Maraqlıdır İran görəsən hələ də “dərk eləmir” ki, münasibətləri gərginləşdirən tərəf özüdür. Bu terror hadisəsi Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycana qarşı açıq-aşkar aqressiv siyasət yürüdən, təhdid və hədələrlə danışan İranın apardığı anti-Azərbaycan fəaliyyətin nəticəsidir. Lakin İran səfirliyə hücumla bağlı məsuliyyətdən yayınmağa çalışır, hələ münasibətlərin daha da gərginləşməyəcəyinə ümidindən danışır. İranın hadisə baş verdiyi andan terroru ört-basdır etməsi, terrorçunu qorumağa çalışması, terrorun mahiyyətini təhrif etmək üçün bir-birinin ardınca yalan məlumatlar və açıqlamalar yayması bu terror hadisəsində birbaşa əlinin olmasını sübut edir. Beynəlxalq arenada bu terror aktı pislənilir, Azərbaycana başsağlığı gəlməkdə davam edir, ancaq İran rəsmiləri “bixəbər” şəkildə dolaşmaqda israrlıdırlar. Təbii ki, Azərbaycan məsələnin bu şəkildə ört-basdır edilməsinə imkan yaratmayacaq, hadisəni daha da ictimailəşdirərək bütün dünyaya reallığı göstərəcək. Azərbaycanı bu cür hücumlarla, hədələrlə qorxutmaq mümkün deyil. İran tərəfi bunu anlasa yaxşı olar …
Nailə Tağızadə