1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadi Forumunun əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin və hadisələrin müzakirəsini aparmaqdan ibarətdir. Koronavirus pandemiyası səbəbindən Forum 2021-ci ildə onlayn, 2022-ci ildə isə yanvar ayında deyil, may ayında təşkil olunub. Dünya İqtisadi Forumu bu il 16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirildi.
Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması Forumun əsas diqqət mərkəzində idi.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Qeyd edək ki, Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Forumun mütəmadi olaraq keçirdiyi regional toplantılardan biri 2013-cü ildə paytaxt Bakı şəhərində reallaşmışdı. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, builki tədbirdə Almaniya Kansleri Olaf Şolz, Niderlandın Baş naziri Mark Rutte, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Yens Stoltenberq, digər dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak etdilər. Həmçinin Foruma 700-dən çox təşkilat rəhbəri, dünyanın ən nüfuzlu 600-dən artıq şirkətinin baş icraçı direktorları qatıldı.
Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. 2020-ci ildə keçirilmiş Davos İqtisadi Forumunda dövlətimizin başçısı “Strateji baxış: Avrasiya” mövzusunda keçirilmiş panel iclasında iştirak etmiş, Azərbaycanda siyasi və iqtisadi sahələrdə aparılan islahatlar, qonşu ölkələrlə münasibətlər, o dövrdə dünyada baş verən proseslər və digər məsələlər barədə danışaraq ölkəmizin gələcək planları barədə məlumat vermişdi. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində oldu.
Budəfəki Forumda Azərbaycana marağın yüksək olacağı şübhəsiz idi. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra bölgədə geniş iqtisadi əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük oldu.
Forumda dünyanın bir sıra ölkələrinin rəhbərləri, o cümlədən Litva, Latviya respublikalarının prezidentləri, Xorvatiya, Niderland və Monteneqronun Baş nazirləri, həmçinin dünyanın onlarla nüfuzlu şirkətlərinin rəhbərlərinin Prezident İlham Əlyevlə görüşü baş tutdu. Eyni zamanda, Prezident İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı oldu.
Prezident İlham Əliyev: Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb.
Orta Dəhlizlə bağlı çoxtərəfli razılaşmalara gəlindiyini bildirən Prezident qeyd etdi ki: “Mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır”.
Prezident: “Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq”.
Avropaya enerji təchizatının artırılması ilə bağlı planlarla əlaqədar dövlət başçısı qeyd etdi ki: “2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq”. Prezident bildirdi ki, bunun üçün əlavə maliyyələşmə tələb olunacaq ki, biz buna hazırıq. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycanın gərgin çalışdığı diqqət mərkəzinə çatdırıldı.
Prezident: “Yaşıl enerji ilə bağlı potensial çox böyükdür”.
Yanvarın 18-də Davos Dünya İqtisadi Forumu çərçivəsində “Yeni enerji reallığının istiqamətləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada iştirak edən dövlət başçısı “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında da Azərbaycanın yaşıl enerji potensialına toxunaraq, Xəzər dənizinin külək enerjisi potensialının 157 qiqavat, quruda olan potensialın 27 qiqavat, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə isə daha 10 qiqavat potensialın mövcud olduğunu bildirdi. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur.
Prezident: “… əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib”.
Ermənistanın plenar iclasda təmsil olunmamasına toxunan İlham Əliyev bildirdi ki: “Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib”. 2 ildir ki sülh müqaviləsinin imzalanmaması ilə bağlı öz narazılığını dilə gətirən dövlət başçısı qeyd etdi ki: “Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.
Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75 faizini Azərbaycan formalaşdırır. Təbii ki, bunlar da Davos İqtisadi Forumu və bu tip iqtisadi forumlar üçün Azərbaycanın əhəmiyyətini göstərən amillərdir. Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır, eyni zamanda şirkətlər də bazarlar axtarırlar. Bu baxımdan Davos İqtisadi Forumu bizim üçün nə qədər əhəmiyyətlidirsə, ölkəmizlə əməkdaşlıq da Davos İqtisadi Forumu üçün bir o qədər mühümdür.
Nailə Tağızadə