18 yanvar 2023-cü il tarixində Tehran və İrəvan arasında bacılaşmış şəhərlər haqqında anlaşma sənədinin imzalanması mərasimi keçirilib. İmzalanma mərasimi Tehran meri Əlirza Zakani, İrəvan meri Sarkisyan və Ermənistan səfiri Arsen Avaqyanın iştirakı ilə Tehranın “Milad Tower” konfrans kərkəzində keçirilib. Ermənistan bir çox ölkələrin regiondakı bacısı rolunda çıxış etdiyi üçün şəhərləri də məhz həm ölkələrin şəhərləri ilə qardaşlaşmır, bacılaşır. Bu, fars-molla rejiminin əsl ermənipərəst simasını bir daha göstərir. Tehran rejimi Ermənistana hər zaman hər cür dəstək göstərib, onu qollayıb-qucaqlayıb. Hətta İran və Ermənistan dəfələrlə çəkinmədən Azərbaycan-Türkiyə əlaqələrinin devizi olan "bir millət, iki dövlət" ifadəsini erməni və fars xalqlarına münasibətdə istifadə edərək - "ermənilərlə farslar bir millət, iki dövlətdir"- deyə bəyan etmişlər.
Vətən müharibəsindəki qələbəmizi hələ də həzm edə bilməyən İran vaxtaşırı ölkəmizə qarşı təhdidlər yağdırmaqda davam edir. Hətta bunun üçün heç bir şeydən xəbərdar olmayan uşaqlardan belə istifadə edir. Azyaşlı uşaqlara hərbi forma geyindirərək, Xudafərin yaxınlığında onları Azərbaycana qarşı təhdid mesajları deməyə məcbur edirlər. Hərbi formalı uşaqlar Azərbaycanın ünvanına təhdid dolu mahnı oxuyur və bu böyük bir fəxarətlə sosial şəbəkələrdə paylaşılır. Öz çirkin niyyətlərini reallaşdırmaq üçün azyaşlılardan belə istifadə olunmasının şahidi oluruq. Bu amil də Ermənistanla İranı bir-birinə yaxınlaşdırır. Ermənilər 30 illik işğal dövründə də, Vətən müharibəsində də, bir aydan artıqdır Laçın-Xankəndi yolunda davam edən ekofəallarımızın mübarizəsində də uşaqlarından istifadə edirlər. Ekofəalların həyata keçirdiyi aksiyaya humanitar fəlakət adı qoyurlar, burada uşaqları məzlum şəkildə, sanki ehtiyac içində təqdim edirlər. Vətən müharibəsində də Ermənistan uşaqlardan ölkəmizə qarşı istifadə edirdi. Yayılmış video-çarxlarda azyaşlı uşaqların top atəşini həyata keçirməsi yer almışdı. Bütün bunlar qəbul olunmaz bir yanaşmadır və uşaqlara dair beynəlxalq konvensiyaların pozulmasıdır. Eyni zamanda uşaqlardan siyasi məqsədlərlə istifadə edildiyinin faktiki sübutudur. İranın azyaşlılara hərbi forma geyindirib, silahlarla kliplərinin çəkilməsi İranın Azərbaycana qarşı aqressivliyini isbat edir. Sərgilənən davranışlarda uşaq əməyinin istismarı ilə bağlı ciddi faktlar var. İranın Qüdsün nə olduğunu, hara olduğunu bilməyən uşaqlara “Qüdsə gedən yol Bakıdan keçir” kimi təhdid dolu çıxışları öyrətməsi İran-Azərbaycan münasibətlərinə kölgə salır və düşmən mövqeyi sərgiləyir.
İran Zəngəzur dəhlizinin reallaşmasına açıq şəkildə maneə törətmək üçün əlindən gələni edir, hətta Ermənistan sərhədinin pozulmasını özünün “qırmızı xətt”i kimi, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qələmə verir. Təəssüf ki, İslam dəyərlərinə qarşı xain siyasət yürüdən İranın din xadimlərinin Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməsi İslamın əxlaq kodeksinə zidd bir əməldir. Tarix göstərir ki, İranın molla hakimiyyəti İslam dəyərlərinə, həmrəyliyinə, birliyinə ən böyük zərbə vuran hakimiyyətdir. Maraqlıdır ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğala məruz qoyduğu 30 il müddətində mahiyyətcə terrorçu bir ölkə işğalçılıq siyasəti yürütdükdə İran bir dəfə də olsun hərbi təlim keçirmədi. Amma indi açıq şəkildə təxribatlara əl atır, müharibədən sonra Azərbaycan sərhədinə qoşun yığır, “hərbi təlim” adı ilə Azərbaycana hədə-qorxu gəlir, Qafanda tələsik yarıtikili bir binada Baş konsulluq açmaqla “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün buradayıq” kimi bəyanatlar səsləndirir.
İran dəfələrlə öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcəyi ilə bağlı təhdid dolu bəyanatlarını səsləndirib, Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafına qısqanclıqla yanaşır. Azərbaycan bütün ölkələrlə münasibətini müstəqil şəkildə həyata keçirir. Bunun üçün hansısa dövlətin göstərişi, yaxud təhdidi nəzərə alınmır. Elə olsaydı ilk növbədə İrana Ermənistanla əməkdaşlığı davam etdirməmək barədə təhdid edən biz olmalıydıq. İrandan fərqli olaraq İsrail isə hər zaman açıq şəkildə Azərbaycana dəstəyini ifadə edib, ərazi bütövlüyümüzü tanıyıb. Hətta Ermənistan İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün İranın təzyiqlərinə məhəl qoymadan səfirlik açmasına baxmayaraq İsrailin Azərbaycanla mövcud olan dərin münasibətində dəyişiklik yarada bilmədi. 44 günlük Vətən müharibəsində də Azərbaycanın haqq səsini duyurmaqda yardımçı olan dövlətlərdən biri də İsrail oldu. İslam təəssübkeşliyindən çıxış edən İran terror dövləti olan Ermənistana gizli şəkildə hərbi yardım edərkən İsrail dövlət və millət səviyyəsində Azərbaycana arxa durdu. Azərbaycanda yaşayan yəhudilər də Birinci Qarabağ savaşında şəhid olan yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun yolunu gedərək ön cəbhədə düşmənlə döyüşdülər. Bu gün Azərbaycanda bütün etnik azlıqlar, hər bir millətin nümayəndəsi, hətta ermənilər belə sabit və təhlükəsiz şəkildə yaşayırlar. İran isə öz ölkəsində ermənilərin rifahı üçün münbit şərait yaratsa da, əhalisinin yarsından çoxunu təşkil edən azərbaycanlıların taleyi haqda bunları demək mümkün deyil. İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Ermənilərə verilən sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən azərbaycanlılara verilmir. Digər millətlərin nümayəndələri də azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər.
Təbii ki, İranın son bir ilə yaxındır açıq şəkildə özünü göstərən Azərbaycan qorxusunu yalnız İsraillə bağlamaq gülüncdür. İran bu qorxusunu ört-basdır etmək və kütləyə toxunaraq xitab etmək üçün İsrail amilini əlində bayraq kimi saxlayır. Əslində isə İranı narahat edən amillər daha ciddidir. İran regionda Azərbaycan kimi geostrateji gücün mövcudluğu ilə barışa bilmir. Xüsusilə, ordumuz bütün dünyaya hərb tarixi keçdikdən sonra Azərbaycanın artan gücü İranı ciddi şəkildə narahat edir. İranda yaşayan 40 milyona yaxın soydaşımızın bu tarixi zəfərimizdən sonra ruhlanması İranın gələcək taleyi ilə bağlı bəzi məsələləri sual altına alır. İran bütün bu narahatıqlarını biruzə versə də, açıq şəkildə bəyan edə bilmir və yalnız İsrail faktorunu ortaya ata bilir. Aylardır İranda davam edən vətəndaş müharibəsində Cənubi Azərbaycan torpaqlarındakı soydaşlarımızın Bütöv Azərbaycan şüarları ilə mitinqlərdə iştirakı İranı daha da həyəcanlandırır.
İran rəsmilərinin erməni sevgisi əslində bu rejimin tam mahiyyətini ifşa edən faktdır. İran üçün heç bir din, islam, müsəlman, şiə təəssübkeşliyi, beynəlxalq və hüquqi dəyər anlayışı yoxdur, onun üçün yalnız millətçi-aqressiv siyasət və riya üzərində qurulmuş hədəflər var. 44 günlük Vətən müharibəsində İran simasını tam açıq göstərdi: Rusiyadan Ermənistana uçan təyyarələrdəki yük rəsmən elan edilmədiyi və şübhəli olduğu üçün Gürcüstan hava məkanını bu tip laynerlərə bağladı, həmin zaman Rusiyadan qanunsuz silah-sursatlar İran üzərindən Ermənistana daşınırdı. Əlavə olaraq isə İrandan Ermənistana daşınan onlarla zirehli və hərbi maşınların videosu həmin vaxt internet resurslarında yayıldı.
Vətən müharibəsindən sonrakı dövrlərdə də dəfələrlə İran nömrə-nişanlı yük maşınlarının Laçın dəhlizi vasitəsilə Qarabağa mənşəyi məlum olmayan yüklər daşıdığı barədə xəbərlər və videokadrlar yayılıb və hər dəfəsində İran məlumatı təkzib edib. Əslində isə bu müsəlman qonşumuzun adına utanc gətirən faktdır. Söhbət Qarabağda dini abidələrimizi darmadağın edən, salamat qalan dini məbədlərimizdə isə donuz saxlayan, uşaq, qadın qatili olan terrorçu dövlətə hərbi yardımdan gedir. Prezident İlham Əliyev Qarabağın işğalı dönəmində dəfələrlə müsəlman dünyasına müraciət edərək, onları məscidləri dağıdan ölkə ilə əməkdaşlıqdan çəkinməyə çağırmışdı. İran dövləti isə mütəmadi şəkildə Ermənistana hər cür dəstək verirdi. Ermənistan İranı daim özü üçün dayaq yeri hesab edib və hətta etiraf da olunub ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan boğular. Bu faktın özü sübut edir ki, İran Ermənistan üçün vazkeçilməz bir ölkədir. Ermənistanı iqtisadi baxımdan bu 30 ildə ayaqda saxlayan İran oldu. İşğaldakı torpaqlarımızda evlərin dağıdılması, tikinti materiallarının daşınmasından tutmuş, İran şirkətlərinin burada qanunsuz fəaliyyətinə qədər, hər vəchlə İran erməni işğalının ömrünü uzatmağa çalışdı. 44 günlük müharibə dönəmində İran özünün vasitəçilik missiyasını təklif etməsinə, bölgəyə nümayəndə heyəti göndərməsinə baxmayaraq Araz çayı boyunca hərbi qüvvələrini də cəmləmişdi. Görünən budur ki, İranın vasitəçilik niyyətinin arxasında başqa məqsədlər dayanırmış.
İran artıq bütün dünyadan təcrid edilmiş vəziyyətdədir, hər gün bir az da bataqlığa doğru irəliləməkdədir. Azərbaycanla mütəffiqlik regional platformada İrana yeni imkanlar gətirəcəyi halda, bataqlıqda olan Ermənistanla mütəffiqlik İranı daha da dalana dirəyir. Azərbaycanla səmimi münasibət İranın bütün gələcəyini sığortalamış olardı. Azərbaycan daxilində “dindar qrupları” hərəkətə gətirməyə çalışan İran unutmamalıdır ki, çox güvəndiyi, öyündüyü ordusunun yarsından çoxu Azərbaycan türklərindən ibarətdir. 40 milyona yaxın soydaşımızın da səbrinin bir həddi var. İran reallığı dərk etməli, Azərbaycanın regiondakı gücünü və rolunu qəbul etməlidir. Ermənistanla bacılaşmaqdansa, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün çalışmalıdır. Bizimlə təhdid dilində danışmağın nəticəsinin necə olduğunu 44 günlük savaşla dünyaya göstərdik. İrana isə belə gərginlik heç bir fayda gətirməz. İran bizim tarixi qələbəmizlə barışmalı, ərazi bütövlüyümüzü, sərhədlərimizi tanımalı, yeni geosiyasi vəziyyətə uyğunlaşmalıdır.
Nailə Tağızadə