Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. BƏƏ hər zaman beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanın haqq səsini dəstləkləyib. BƏƏ BMT Təhlükəsizlik Şurasında Laçın-Xankəndi yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar da obyektiv mövqe nümayiş etdirib.
Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda 360 BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur. Belə ki, 2021-ci ildə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 50,42 milyon ABŞ dolları təşkil edib. BƏƏ ilə xarici ticarət saldosu mənfi 22,34 milyon ABŞ dolları olub.
2022-ci ilin yanvar-noyabr aylarında isə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 94,62 milyon ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 36,60 milyon ABŞ dolları olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2022-ci ilin yanvar-noyabr aylarında BƏƏ ilə ticarət dövriyyəsi 2,34 dəfə, o cümlədən ixrac 5,17 dəfə, idxal isə 4,49 faiz artıb.
Eyni zamanda, iki ölkə arasında turizm əlaqələri də genişlənir. 2021-ci ildə Azərbaycan Respublikasına 17 minə yaxın Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı gəlib. 2022-ci ildə Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayı 2 dəfədən çox artıb.
Son illər ölkələrimiz arasında enerji sahəsində, xüsusilə alternativ enerji sahəsində əməkdaşlıq yeni mərhələyə yüksəlmişdir. 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.
2022-ci il 15 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev həmin günü ölkəmizin energetika sahəsində əlamətdar gün olaraq qeyd etdi. Qeyd edək ki, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var. Şirkətin Azərbaycana sərmayə qoyması Azərbaycanın əlverişli və açıq investisiya mühitindən xəbər verir. Prezident İlham Əliyev vurğuladı ki: ““Masdar” şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir… Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir. Əslində, Azərbaycan Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında icra müqaviləsi bir il bundan əvvəl imzalanmışdır. Bu müddət ərzində hazırlıq işləri gedirdi və bu gün biz artıq təməlqoyma mərasiminə toplaşmışıq”.
2022-ci il iyunun 4-də Bakı Enerji Həftəsinin Şuşa şəhərində keçirilmiş xüsusi sessiyası çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalandı.
16 yanvar 2023-cü il tarixində BƏƏ-də start götürən Əbu-Dabi Davamlılıq Həftəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Əbu-Dabi Davamlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün BƏƏ və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur.
Gələcəyin enerjisi üzrə Əbu-Dabi şirkəti – “Masdar” tərəfindən ev sahibliyi edilən Əbu-Dabi Davamlılıq Həftəsi üç prinsip əsasında yaradılıb - Qlobal əməkdaşlıq və liderlik, İqtisadi inkişaf və texnologiya və İnnovasiya. Əbu-Dabi Davamlılıq Həftəsi dövlət və özəl tərəfdaşları ilə birlikdə dövlət başçılarını, siyasət xadimlərini, biznes liderlərini və texnologiya sahəsində qabaqcıl şirkətləri toplayan bir sıra tədbirlərə ev sahibliyi edir. Həftə çərçivəsində əsasən Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (İRENA) Assambleyası, Atlantik Şurasının Qlobal Enerji Forumu, “Zayed Dayanıqlılıq Mükafatı” mərasimi, Dayanıqlılıq naminə Gənclər Mərkəzi və digər tədbirlər təşkil olunur. “COP28-ə gedən yolda iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər” devizi ilə keçirilən budəfəki Əbu-Dabi Davamlılıq Həftəsi 2023-cü ilin noyabr-dekabr aylarında BƏƏ-də keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) ərəfəsində davamlı inkişafın əsas prioritetlərinə yönəlmiş bir sıra yüksək səviyyəli sessiyaları əhatə edəcək. Bu dəfə Davamlılıq Həftəsinin Sammiti qida və su təhlükəsizliyi, enerjiyə çıxış, sənayenin dekarbonizasiyası, səhiyyə və iqlimə uyğunlaşma daxil olmaqla müxtəlif vacib mövzulara həsr olunub. 2023-cü ildə Əbu-Dabi Davamlılıq Həftəsi BƏƏ-nin İqlim Fəaliyyəti ilində ilk Yaşıl Hidrogen Sammitinə də ev sahibliyi edəcək.
Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensialın mövcud olduğu Azərbaycanın belə bir mötəbər tədbirə dəvət olunması təsadüfi deyildir. Azərbaycan Respublikası 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Azərbaycan Prezidentinin Fərmanı ilə 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Respublikamızın dayanıqlı inkişaf sahəsində yüksək nəticələri BMT-nin illik Dayanıqlı İnkişaf Hesabatlarında mütəmadi olaraq öz əksini tapır. Ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğu zamandan bəri Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat (KMH) təqdim etmiş dünyada ilk 10 ölkədən biri, regionda isə ilk ölkədir. “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına təkan verir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Bununla bağlı Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasimində çıxış edən İlham Əliyev bildirdi ki: ““Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir”. Dövlət başçısı bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlərin 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacağını vurğuladı.
Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Belə ki, ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Qonşu ölkələrdə, ümumilikdə Avropa qitəsində isə elektrik enerjisinə böyük ehtiyac vardır. Məhz buna görədir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Heç şübhəsiz ki, ölkəmiz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcək.
Nailə Tağızadə