Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır. Bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb. 2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir. Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır. Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir. Bu uğurumuzu şərtləndirən əsas amil iqtisadi qüdrətimizin artması və bu fonda digər sahələr kimi, ordu quruculuğu istiqamətində də zəruri addımların atılmasıdır.
Azərbaycan Ordusu öz qüdrətini 2016-cı ilin aprel ayında göstərdi. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad etdi. Ordumuz dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfər təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Dünya miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi.
Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. 10 dekabr 2023-cü il tarixində yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev Vətən müharibəsində zəfər əldə edən ordumuzun gücündən danışarkən vurğuladı ki: “44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir. Ermənistan ordusundan on min nəfərin qaçmasını mən kənara qoyuram. Ümumiyyətlə, özü də hücuma keçən, aşağıdan yuxarıya qalxan, ölümə gedən, 6-7 müdafiə xətti olan bir əraziyə sinəsini qabağa verərək gedən əsgər-zabit əsl qəhrəmandır və bizim Ordumuzun gücü məhz bundadır”.
Bu gün Azərbaycan Ordusunun döyüşkənliyi və qəhrəmanlığı bütün dünyada mütləq rəşadət nümunəsidir. Azərbaycan Ordusu gündən-günə inkişaf edir, modernləşir. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində dayanaraq, düşmənin canına qorxu salmaqdadır. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. İftixarımız, qürurumuz, güvənc yerimiz olan ordumuzla fəxr edir, qalib xalq olmağın xoşbəxtliyini yaşayırıq.
Bu gün Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi vəzifələr həyata keçirilir. Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, müharibədən keçən iki il ərzində yeni komando qüvvələri yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrimizin sayı ən azı iki dəfə artıb və artmaqda da davam edir, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artıb, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb. Dəniz piyadalarının sayı bir neçə dəfə artıb, Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayı artıb.
Prezident İlham Əliyev daim öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Bu xüsusda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından müstəsna əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsinin imzalanması müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir. Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır.
Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunmasını ən yüksək səviyyədə həyata keçirir. Təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır. Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Azərbaycan onun maraqlarına qarşı atılan istənilən addımın qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. 30 ilə yaxın davam edən müharibəni biz başlatmadıq, biz daim sülh üçün çalışdıq. Bu gün də sülh istəyən tərəf və bunun üçün səy göstərən tərəf bizik. Prezidentin vurğuladığı kimi: “ biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm. Bizim hamımızı ruhlandıran hisslər barədə danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Başa düşürsünüzmü, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər.”
Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini tələb olunan normalar çərçivəsində təmin edir və Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır.
Nailə Tağızadə