2022-ci il dekabrın 12-dən start götürən və bu gün də böyük sosial dəstəklə davam etməkdə olan Şuşa-Laçın yolunda eko fəallarımızın etirazı Ermənistan tərəfindən yalnış təhrif olunaraq dünyaya tirajlanır. Ədalətli və dinc mübarizə aparan Azərbaycan yenə də ikili standartların şahidi olur. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları beynəlxalq ictimaiyyətin maraqlarına daha yaxındır, nəinki bizim fakt və sübutlarla öz əksini tapan haqlı tələblərimiz. Bu yolda Ermənistana xüsusi dəstək olan tərəf isə Ermənistanın “bacısı” hesab etdiyi Fransadır. 21 noyabr 2022-ci il tarixində YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbir çıxışı zamanı Prezident İlham Əliyev Fransa və Ermənistan əməkdaşlığının ən düzgün və uğurlu xarakteristikasını etdi : “Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar”.
Laçın yolunda azərbaycanlı eko fəalların dinc aksiyası başlayandan Fransa və Ermənistan məsələni təhrif edərək vəziyyəti blokada kimi təqdim etməyə çalışırlar. 2022-ci il 20-21 dekabr tarixlərində Fransa və Ermənistan Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nın iclasını çağırdılar. Bu, Fransanın Ermənistan üçün ilk “canfəşanlığı” deyil. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ərəfəsində də Fransa oxşar cəhd etmişdi, həmçinin 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı da Fransa-Ermənistan cütlüyü BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. Lakin Fransanın bu “fədakarlığı” heç bir nəticə verməmişdi. Maraqlıdır ki, 30 ilə yaxın torpaqlarımızın işğalı dövründə BMT TŞ-nın 4 qətnaməsinin mövcud olmasına baxmayaraq Ermənistanın təcavüzünə qarşı bir dəfə belə toplantı təşkil olunmamışdı. Buna imkan yaratmayanların başında isə ermənipərəst Fransa dururdu.
2022-ci ilin 20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Prezident İlham Əliyev 24 dekabrda Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı məkrli işlərin aparıldığına eyham etmişdi: “… Bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.
Fransa bu bəyanatın qəbulu və qətnaməyə çevrilməsi üçün çalışırdı. Lakin Fransa heç gözləmədiyi halda böyük siyasi təzyiqlə qarşılaşdı. Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla baş-başa qoydu. BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gün ərzində bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdilər. Bununla da Fransanın riyakar, ikiüzlü və bitərəf siyasəti ifşa olundu. Fransanın ədalətsiz cəhdləri sıfırlandı. Nəticədə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan etdi.
Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixində doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan” - bu parlaq qələbə bir daha Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirir.
Vətəndaşları tərəfindən şapalaqla qarşılanan, yumurta, pomidor yağmuruna tutulan Makronun öz dövlətində mövcud olan nüfuzunu təsəvvür etmək elə də çətin deyil. Fransada keçirilmiş rəy sorğuları da ölkənin hazırkı rəhbərliyinin düşük retinqini ortaya qoyur. Belə bir vəziyyətdə Makron erməni amilindən istifadə etməklə nicat axtarırsa gec olmadan anlamalıdır ki, yalnış yoldadır. Emmanuel Makronun Azərbaycana qarşı apardığı siyasət Avropa İttifaqı daxilində də ciddi narazılıqla müşahidə edilir və fikir ayrılığına səbəb olur. Xüsusilə də Ukraynadakı müharibə fonunda, ölkəmizin Avropa qitəsinin enerji və nəqliyyat təhlükəsizliyində daha da artan yeri və rolu fonunda və hazırda digər aktual sənədlərin qəbul edilməsinin planlaşdırıldığı bir vaxtda Fransa liderinin atdığı addımlar Birliyin təməl prinsiplərinə Fransa tərəfindən endirilən zərbədir. Avropa İttifaqının lideri Şarl Mişelin rəhbərliyi ilə keçirilən Brüssel danışıqlarında əldə olunan razılaşmaların Fransa tərəfindən pozulması Avropa İttifaqının nüfuzuna da xələl gətirir.
Fransa müşahidəçi missiyası adı altında uzun müddətdir ki, Cənubi Qafqaza girmək istəyir. Rusiyanın Ermənistandan çıxarılması və onun Fransanın timsalında Aİ ilə əvəzlənməsi planı bu gün Paris və İrəvanın əsas hədəfləri sırasında bəlkə də ən birincidir. Rusiyanın buna verəcəyi reaksiya da olduqca maraqlıdır. Rusiyanın forpostu olan bir ölkənin indi təkidlə Fransanı proseslərə daxil etməyə çalışması ikiüzlü Ermənistan siyasətinin bariz nümunəsidir. Fransa tutduğu qərəzli və separatçı mövqeyi ilə özünü daha da pis vəziyyətə salır, erməniləri boş yerə qızışdırmaqla isə bütövlükdə erməni dövlətçiliyinin iflasını hazırlayır.
Fransa Cənubi Qafqazda sülhə töhfə vermək və vasitəçi olmaq fürsətindən birmənalı olaraq məhrum edilib. Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, Fransa artıq obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib. Artıq rəsmi Bakı Parisin iştirak edəcəyi hər hansı danışıqlardan imtina edib. Fransa tərəfindən səslənən qərəzli fikirlər və bu ölkənin parlamentinin qətnamələri Azərbaycan-Fransa münasibətlərinə zərbə vurur və sülh prosesinə töhfə vermir. Azərbaycan əleyhinə qəbul olunmuş qətnamələrdən sonra separatçı rejimin cinayətkar başçısını leqal rəsmi qonaq kimi qəbul edən Fransanın bu addımı bardağı daşıran son damla oldu. Bununla da, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesində aktiv şəkildə iştirak iddiası, özünü Brüssel prosesinə calamaq cəhdləri iflasa uğradı. Azərbaycan heç vaxt Fransanın bu niyyətinin baş tutmasına imkan yaratmayacaq.
Nailə Tağızadə