Milli həmrəyliyimiz və birliyimiz …

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi vətənlə döyünən, milli birlik amalı ilə yaşayan çoxmilyonlu Azərbaycan millətinin  birlik, bütövlük şüarının simvolik şəkildə reallaşdığı gündür. Belə bir günün tarix səhnəsinə daxil olması mövcud zərurətin nəticəsində olmuşdur. 1989-cu il dekabrın axırlarında Naxçıvanda Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması, iki totalitar dövlətin (SSRİ və İran) ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz çayının qırağında gecə-gündüz birləşmək şüarı, şimalda və cənubda yaşayan həmvətənlərimizin bir millət olduğunu dünya çapında bir daha nümayiş etdirdi. Bu vaxt İstanbulda keçirilən Türkdilli xalqların Konfransı tarixi zərurətdən və mənəvi ehtiyacdan yaranan bu günün dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verdi. 1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etməklə həmrəyliyimizin  hüquqi və siyasi təsdiqini reallaşdırdı. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə əlavə olunaraq hər il bayram kimi qeyd olunmağa başladı. Bu tarixi hadisə xaricdə yaşayan on milyonlarla soydaşımızın milli təşəkkülünün, özünüdərk hissinin formalaşması, onların müstəqil Azərbaycan dövləti ətrafında təşkilatlanması, mənəvi, siyasi birliyinin təmin edilməsi işində təkanverici bir amil oldu.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə böyük təmtəraqla qeyd olunan milli birlik, bütövlük günümüz qısa müddətdə milli təfəkkür tərzinə çevrilərək dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli qürur, mənəvi dayaq və ümid günü oldu. Xaricdəki diasporumuzun təşkilatlanmasında, onların arasında milli həmrəyliyin gücləndirilməsində önəmli rol oynayan və Azərbaycan dövlətçiliyininin onurğa sütununu təşkil edən tarixi azərbaycançılıq ideologiyamızın böyük öndər Heydər Əliyev tərəfindən yenidən  gündəmə gətirilməsi isə  dünya azərbaycanlılarını birləşdirən, həmrəyliyi daha da gücləndirən ən önəmli faktorlardan birinə çevrildi.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.

2002-ci il 5 iyul tarixində ulu öndər Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir. Dünya azərbaycanlılarının təşkilatmasında digər mühüm hadisə Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III,  2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.

2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında xalqımız tərəfindən nümayiş etdirilən birliyin mühüm rolu oldu. Zəfərimizlə millət və dövlət birliyinin, milli həmrəyliyin nələrə qadir olduğuna bütün dünya şahid oldu. Bu tarixi qələbəni bizə qazandıran əsas amil məhz dövlət və millət birliyindədir. Bu dövrdə dünya azərbaycanlıları əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. 2020-ci ildə Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bununla bağlı bildirmişdi: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.

Müharibə dövründə diaspor təşkilatları xaricdə yaşayan azərbaycanlılara Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən beş dəfə - 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarixlərində müraciət ünvanladı. Komitə tərəfindən edilmiş müraciətlərdə həmvətənlərimizə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırış və xaricdə yaşayan hər bir həmvətənimizin Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməyə çağırışlar olmuşdu. Yaşadıqları ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlarına həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə mənəvi dəstək olmağa çağırış edilmişdi. Ermənistan ordusunun Gəncə, Mingəçevir, Bərdə və digər cəbhədən uzaq ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumatlandırılan həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilmişdi.

Müharibə dövründə təkcə Azərbaycanda yaşayan həmvətənlərimiz deyil, dünyanın bir çox ölkələrinə səpələnən 50 milyondan çox azərbaycanlı soydaşımız da bir yumruq kimi birləşərək dövlətimizə, ordumuza dəstək oldu, ermənilərə "dəmir yumruq" kimi cavab verdi. Cənublu soydaşlarımız sərhəddə yığışaraq təzyiq və hədələrə baxmadan Azərbaycan ordusuna dəstəklərini ifadə etdilər, igid əsgərlərimizi harayladılar, qələbəmizə bizimlə bərabər sevinc gözyaşları tökdülər. Ermənilərlərlə üz-üzə dayanan xaricdə yaşayan soydaşlarımız təkcə sayları ilə deyil, göstərdikləri fəallıqları ilə erməni diasporundan qat-qat üstün oldular.

Günlərdir davam edən Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyası da xalqımızın xarici təhlükə qarşısında həmrəylik nümayişidir. Ekoloqların hərəkatı ilə başlayan, QHT-lərin dəstəyi ilə davam edən aksiya 44 günlük Vətən müharibəsindəki birliyimizin davamıdır. Günlərdir insanlarımız soyuqda, şaxtada ayaq üstə, yorulmadan dayanmaqdadır. Bu, bir əzm göstəricisidir, birlik nümayişidir.

Bu gün dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Hər bir azərbaycanlı öz kimliyi, milli mənsubiyyəti ilə fəxr etməli, zəngin və qədim tarixi, çoxəsrlik ortaq mədəni-mənəvi sintez missiyasını özündə əks etdirən dövləti ilə qürur duymalıdır.  Dünyanın müxtəlif yerlərinə səpələnmiş çoxmilyonlu millətimiz Azərbaycançılıq ideologiyası ətrafında birləşərək, uğurlu bir gələcəyə, daha sıx həmrəyliyə, güclü və inkişaf etmiş Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinə çalışmalıdır. Bu, bizim amalımıza, həyat fəlsəfəmizə çevrilməlidir.

                                                                                                          Nailə Tağızadə

2023-01-01 / 02:13
Facebook