24 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü baş tutdu. Belə bir tarixi hadisənin məhz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımızın doğum günündə baş tutması çox əhəmiyyətlidir. İkinci Qarabağ müharibəsindən sonra belə bir addımın atılması heç də təsadüfi deyil. Dəfələrlə şahidi olmuşuq ki, Prezident Qarabağla bağlı çıxışlarında İrəvanın və Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu ən mötəbər kürsülərdə səsləndirib. Dövlət başçısı dünyaya bəyan edib ki, bizim Qarabağla yanaşı, qayıtmalı olduğumuz digər torpaqlarımız da var.
4 mart 2020-ci il tarixində Tovuz Tarix-Diyarşünaslıq muzeyinin açılış mərasimində iştirak edən dövlət başçısı nümayiş etdirilən xəritədə Qarakilsə rayonunun Sisian adlandırılmasına irad bildirərək xəritələrin təhrif olunmaması ilə bağlı fikirlərini bildirmiş və demişdi ki, tərtib olunan xəritələrdə onun neçənci əsri əhatə etməsi mütləq yazılmalı, orada mütləq Azərbaycanın tarixi mərkəzlərinin, qədim şəhərlərinin adları göstərilməlidir. O zaman hələ ikinci Qarabağ müharibəsi olmamışdı, lakin tarixi irsin yaşadılması dövlət başçısının fəaliyyətinin əsas tərkib hissəsi idi.
Prezident İlham Əliyev Qərbi Azərbaycandakı toponimlərlə bağlı daha bir təşəbbüsü 2021-ci ilin 17 avqustunda Kəlbəcərdə olarkən irəli sürdü. 1969-cu ildə adı dəyişdirilərək “Vardenis” adlandırılan Basarkeçər rayonunun tarixi adı ilə adlandırılması ilə bağlı bütün cəmiyyətə mesaj verdi və bildirdi ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin.
16 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı da qarşı tərəfə çox mühüm mesajlar ünvanlamışdı. Bildirmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Prezidentin bu açıqlamaları erməni cəmiyyətinə xəbərdarlıq olsa da, Ermənistan müharibədən sonra yaranan reallıqlarla hələ də barışmağı bacarmır. Bu da öz növbəsində tarixi nöqteyi-nəzərdən Azərbaycanın tapdanmış hüquqlarının bərpasını gündəmə gətirir.
Qeyd edək ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların, sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Qərbi Azərbaycan İcmasının məhz vaxtilə Qarabağın məcburi köçkünlər icmasına məxsus binada yerləşməsi və bu görüşün də həmin məkanda keçirilməsi rəmzi məna daşıyır. Bununla bağlı gələcək perspektivləri yüksək dəyərləndirən dövlətimizin başçısı deyib: “Burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
Öz çıxışında tarixi məqamlara xüsusi yer ayıran Prezident İlham Əliyev bir daha həmin proseslərin kökündə duran səbəblərə aydınlıq gətirmişdir: “Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.
Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrlərdə Qarabağın işğalı sanki Qərbi Azərbaycanla bağlı məsələlərin bir qədər kölgədə qalmasına gətirib çıxardı. Halbuki, tarixə nəzər salsaq, XX əsr boyunca – 1905, 1918-1920-ci, 1948-1953-cü illərdə və 1980-ci illərin sonlarında Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyası və doğma yurdlarından qovulması Qarabağın və digər ərazilərimizin işğalına hazırlıq mərhələləri olmuşdur. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib. Deportasiyadan sonra atılan bu addımlar azərbaycanlıların izlərini tamamilə silmək məqsədi daşıyırdı. Bütün bu proseslərin gedişində beynəlxalq aləm xalqımızın üzləşdiyi bu cinayətlərə ikili standartlarla yanaşaraq biganə qalmışdır.
Möhtəşəm Zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır. Ölkə Prezidentinin təşəbbüsü və birbaşa nəzarəti altında Qarabağda və Ermənistan ərazisində tarixi Azərbaycan toponimlərinin əsil adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların yetişən nəsillərə ötürülməsi, beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir. İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını vermişdir.
Bu ilin sentyabında Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilmiş “Qisas” əməliyyatının hərbi-siyasi əhəmiyyətindən söz açan Prezident Azərbaycan ordusunun artıq Qərbi Azərbaycan ərazisinə də vizual nəzarətə nail olduğuna diqqət yönəltmişdir: “Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq... Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir”.
Ermənilərin tarixən Cənubi Qafqazda heç vaxt dövlətinin olmadığına yenidən diqqət çəkən ölkə Prezidenti tarixi faktları məhz bu konteksdən təqdim olunmasının vacibliyini önə çəkib: “Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq… Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb ve tezliklə yekunlaşacağı bildirilir.
Dövlət başçısının qarşıya qoyduğu hədəfə nail olmaq üçün millət olaraq yenə yumruq şəklində birləşərək ideoloji, siyasi mübarizəmizi aparmalıyıq. Ermənilər vandalizm törədərək İrəvandakı abidlərimizi dağıdıblar, lakin müxtəlif faktlar - sənədlər, xəritələr qalmaqdadır. Qərbi Azərbaycanın elmi irsi araşdırılmalı, mədəniyyətini dünyaya tanıtmaq üçün fəal işlər görülməlidir. Bunun üçün hər kəs bacardığı işi layiqincə yerinə yetirməlidir, gənc nəslin tarixi yaddaşı gücləndirilməlidir. Qərbi Azərbaycandan olan ziyalılar Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırmaq üçün əllərindən gələni etməlidirlər. Bu, Prezidentin ziyalılar qarşısında qoyduğu tapşırıqdır.
Nailə Tağızadə