12 dekabr 2022-ci il tarixindən başlayaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Dinc şəkildə həyata keçirilən bu aksiyaya dünyada hörmətlə yanaşılmalı, aksiya iştirakçılarının haqlı tələbləri dinlənilməlidir. Təəssüf ki, biz yenə ikili standartların şahidi oluruq. Ermənistan tərəfinin guya azərbaycanlıların Laçın yolunu bağlaması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları beynəlxalq müstəvidə bəzi təşkilatlar və şəxslər tərəfindən qərəzli şəkildə dəstəklənir, nəinki bizim haqlı, fakt və sübutlarla öz əksini tapan tələblərimiz.
Aksiyanın keçirildiyi müddət ərzində yol humanitar, sərnişin və həyatı təmin edən yüklərin daşınması üçün açıqdır. Lakin hər zamanki xislətlərinə sadiq qalaraq Ermənistan, erməni lobbisi və onların havadarları qlobal informasiya məkanında aksiya ətrafında saxta təbliğat kampaniyası aparır. Erməni lobbisi tərəfindən maliyyələşən beynəlxalq təşkilatların və bəzi xarici ölkələrin parlament nümayəndələri ilə yanaşı, həqiqəti yaymaqda məsul olan xarici işlər nazirlikləri də qərəzli və birtərəfli açıqlamalar verərək, guya, yolun bağlanması və ərazidə humanitar fəlakətin yaranması ilə bağlı məsuliyyətsiz açıqlamalar verirlər. Reallıq isə bundan ibarətdir ki, Ermənistan dövlətini və separatçıları, onların havadarlarını, əslində, ərazilərdə yaşayan erməni mənşəli əhali deyil, həmin ərazilərdəki təbii sərvətləri istismar etmək, daha çox qazanmaq və siyasi məqsədlər maraqlandırır. Bu baxımdan, Ermənistanın 30 ildən artıq bir müddətdə 4 qərarını icra etmədiyi, həmin qərarlara tam etinasızlıq göstərdiyi orqana − BMT Təhlükəsizlik Şurasına müraciət etməsi siyasi riyakarlığın və ikiüzlüyün bariz nümunəsidir. Təəssüf doğuran digər məqam isə odur ki, vaxtilə 4 qətnamənin icrasını tələb etməyən, davamlı olaraq susan bəzi dövlətlər azərbaycanlıların dinc aksiyasına görə Təhlükəsizlik Şurasında narahatlıqlarını ifadə ediblər. Halbuki, bu dövlətlər və onların təmsilçilərinin baş verənlərlə bağlı məlumatlı olmaları üçün həm müvafiq dövlət orqanları, həm ictimai təşkilatların özləri, həm də kütləvi-informasiya vasitələri kifayət qədər açıqlamalar, videofaktlar təqdim ediblər.
Bu, beynəlxalq münasibətlərdə mövcud olan ikili standartların, riyakarlığın və ikiüzlüyün nəticəsidir. Muzdla alınmış senatorlar, konqresmenlər, beynəlxalq təşkilatların parlament üzvləri, bəzi beynəlxalq QHT-lər açıq dəlillərə, faktlara göz yummaqda davam edirlər. Cənubi Qafqazdakı proseslərə daha yaxından daxil olmaq üçün məsələnin mürəkkəbləşməsində marağı olan güc mərkəzləri və ya dövlətlər var. Fransa hökuməti bu sırada öndə gedir. Öz imkanlarından istifadə edərək akisyanı gözdən salmağa, beynəlxalq ictimi rəyi çaşdırmağa çalışan Fransa BMT Təhlükəsizlik Şrasının daimi üzvü olması statusundan istifadə edərək BMT səviyyəsində də qərəzli fəaliyyət göstərir, beynəlxalq rəyi çaşdırmağa, Azərbaycana qarşı yönəltməyə çalışır.
Aksiya bütün cəhdlərə, əngəllərə baxmayaraq ciddi şəkildə beynəlxalq reaksiya doğurub. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəliyi, ABŞ Dövlət Departamenti, BMT Təhlükəsizlik Şurası aksiyaya münasibət bildiriblər, müzakirəsini keçiriblər. Həmçinin dünyanın ən məşhur trans-mili və trans-sərhəd KİV-i öz səhifələrində aksiyaya yer ayırıb, onun barəsində məlumat yayıb. Əlbəttə, həm beynəlxalq təşkilatların, həm də trans-milli KİV-in mövzuya yanaşmaları birmənalı deyil. Qərəzli olanlar, faktları yanlış istiqamətdə şərh edənlər çoxdur. Məsələn, Fransa Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti çaşdırmaq, aksiya barədə yanlış rəy formalaşdırmaq üçün var gücü ilə çalışır. KİV vasitəsilə çaşdırcı məlumatların tirajlanmasını təşkil edir. Amma bu, nəticəni dəyişmir. İstənilən halda problemin beynəlxalq təşkilatların müzakirəsi müstəvisinə çıxması özü bir nəticədir. Bu, Azərbaycan diplomatlarına şərait yaradır ki, ölkəmizin tələblərini beynəlxalq tribunalardan səsləndirsinlər. 20 dekabrda Ermənistan BMT− TŞ-də keçirilən müzakirələr zamanı Azərbaycana qarşı manipulyativ informasiyalar yaymağa çalışıb. Amma bunun əksinə olaraq, BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr Azərbaycanın haqlı narahatlıqlarının dilə gətirilməsi, Azərbaycanın tələblərinin səsləndirilməsi üçün növbəti platformaya çevrilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın BMT yanında daimi nümayəndəliyinin Azərbaycana qarşı irəli sürdüyü bütün iddiaları qətiyyətlə rədd edib, onları tamamilə yalan, əsassız adlandırıb. O, bildirib ki, bəzi üzvlərin “Dağlıq Qarabağ” kimi adlandırdıqları ərazi Azərbaycanın suveren ərazisidir və beynəlxalq səviyyədə tanınmışdır. Bu rayonun rəsmi adı Qarabağ iqtisadi rayonudur. Bu ərazi 30 ilə yaxın Ermənistanın işğalı altında olub, bütün bu illər ərzində ölkə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayıb və onlara əməl etməyib. Y.Əliyev Laçın yolunun tamamilə Azərbaycan ərazisində yerləşdiyini də diqqətə çatdırıb: “Nə Azərbaycan hökuməti, nə də etirazçı fəallar Laçın yolunu kəsməyiblər. Bu yolda insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkət rejimi dəyişməyib və sülhməramlılar bu marşrutu qorumaq üçün öz funksiyalarını yerinə yetirməkdə davam edirlər. Bunu hadisə yerindən videoreportajlar sübut edir. Humanitar fəlakətlə bağlı iddialar doğru deyil. Bu, Ermənistanın manipulyasiyasından başqa bir şey deyil. Malların çatdırılması, yerli sakinlərin hərəkəti və tibbi xidmətlərin göstərilməsi üçün heç bir maneə yoxdur”.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi çıxışında, həmçinin azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyası keçirmələrinin səbəblərindən də söz açıb.
Həyasızlığından qalmayan, haqsız ola-ola özünü haqlı göstərməyə çalışan Ermənistan Avropa Məhkəməsindən Azərbaycana qarşı tədbirlər görülməsini və Laçın dəhlizinin açılmasını tələb edib. Avropa İnsan Hüquqları Məhkəməsi məhz Ermənistan hökumətinin müraciəti əsasında Laçın yolundakı proseslərlə bağlı qərar qəbul edib. Qərarda əksini tapan müddəalar isə dolayısı ilə Azərbaycanın xeyrinə olub. Belə ki, qərarda Azərbaycan hökumətindən istənilir ki, “öz yurisdikasiyası daxilində” Laçın yolundan xəstə və ehtiyacı olan insanlar üçün keçid təmin olunsun. Beləliklə, AİHM Laçın yolunun Azərbaycan yurisdiksiyasında olan ərazi kimi tanıyır ki, bu da Azərbaycan üçün vacib amildir. Belə olan halda, sual ortaya çıxır - Ermənistanın öz yurisdiksiyasına aid olmayan bir ərazi üçün Avropa Məhkəməsinə müraciəti və Məhkəmənin bu müraciəti qəbulu hansı çərçivədə beynəlxalq hüquqa uyğundur?
“Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson Laçın yolunun uzun müddət bağlanmasının dəhşətli humanitar nəticələrə səbəb ola biləcəyini deyib. Maraqlıdır ki, bu şəxs Azərbaycan tərəfinin bəyanatlarını nəzərə almadan necə belə ittiham irəli sürə bilər?! Biz hər gün bəyan edirik ki, Laçın yolu vasitəsilə humanitar yük maşınlarının keçməsinə şərait yaradılır və bunu videofaktlarla göstəririk. Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında vəziyyət ilə əlaqədar bəyanatı da yenə riyakar və ikili mövqenin nəticəsidir. Xarici İşlər Nazirliyinin onun bəyanatına dair şərhində bildirilib ki: "Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatı qərəzli olmaqla yanaşı, yerdəki reallıqları əks etdirmir. Komissar görünür ki, növbəti dəfə ikili standart və selektiv yanaşma tətbiq etməkdədir".
Belə qərəzli və birtərəfli mövqe vəziyyəti daha da qəlizləşdirir. 30 ilə yaxın işğal dövründə yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə və insan haqlarının pozuntusuna, Vətən müharibəsi dövründə yenidən üzləşdiyimiz erməni terroruna, Azərbaycana qarşı humanitar hüququn kütləvi pozuntularına göz yuman beynəlxalq birlik Qarabağda yaşayan ermənilərin halına yanır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan yerli erməni əhalisi Azərbaycan vətəndaşlarıdır, aksiya müddətində də erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır. Bizim tələblərimiz beynəlxalq arenada dinlənilməlidir. Biz ekoloji terrora, sərvətlərimizin qanunsuz şəkildə istismarına, hələ də ərazilərimizdən çıxarılmayan erməni separatçılarına qarşı mübarizə aparırıq. Azərbaycanın QHT sektoru, vətəndaş cəmiyyəti institutları dünyanın ən aparıcı qurumlarının müzakirəsinə səbəb olacaq aksiya keçirə bildilər. Sabiq rusiyalı milyarder, Qarabağa qanunsuz gəlmiş və burada mədənlərin qanunsuz istismarını həyata keçirən Ruben Vardanyan quldurluq fəaliyyətinə son qoymalı, ərazidən çıxıb getməlidir. Rusiyalı sülhməramlı kontingentin rəhbəri Andrey Volkov aksiyaçılarla görüşməli, ekoloji istismara seyrçi qalmasının səbəblərinə aydınlıq gətirməlidir. Belə hallara yol verilməyəcəyinə dair öhdəlik götürməlidir. Bu qədər sadə şəkildə həll oluna biləcək bir işi mürəkkəbləşdirməyə ehtiyac yoxdur.
Nailə Tağızadə