2022-ci il 17 dekabr tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Bu saziş Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolun göstəricisidir. Sazişin imzalanması mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev qeyd etdi ki: “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır”. Prezident çıxışında Azərbaycanın bərpaolunan enerji potensialını vurğulayaraq quruda külək və günəş enerjisinin həcminin 27 qiqavatdan çox olduğunu, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etdiyini bildirdi. Dövlət başçısı ölkəmizin strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırdığını bəyan etdi. Bu enerjinin 80 %-i ixrac olunacaq. Prezident Azərbaycanın 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırdığını bildirdi. Dövlət başçısı vurğuladı ki: “Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır”.
İmzalanan sənəd elektrik enerjisinin Azərbaycandan Gürcüstan və Qara Dəniz vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi üçün infrastruktur yaradılmasını nəzərdə tutur. Təxminən 1200 kilometrlik kabel Azərbaycan və Gürcüstandan Rumıniya və Macarıstana elektrik enerjisini çatdıracaq. Layihə altı il ərzində tamamlanmalıdır. Bu layihə Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq cəhdinin bir hissəsidir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Buxarestdə Sazişin imzalanması mərasimi ilə bağlı plenar iclasda bildirib ki, Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Ursula fon der Lyayen sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək deyib: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq".
Mütəxəssislər hesablamışlar ki, 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir. Azərbaycanda bu sahədə geniş imkanlar mövcuddur. Abşeron regionunda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakı ətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.
Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə də zəngindir. Xüsusilə Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, respublikanın bəzi bölgələrində isə 2900 saata çatır. Xarici mənbələrə görə, il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVt/s, Rusiyada 800-1600 kVt/s, Azərbaycanda isə 1500-2100 kVt/s təşkil edir. Göründüyü kimi, respublikamızın günəş enerjisindən istifadə potensialı xeyli yüksəkdir. Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını şərtləndirən əsas amillərdən biridir. Eyni zamanda, günəş enerjisindən istifadə külək enerjisinə nisbətən daha böyük sərmayə tələb edir.
2020-ci il 9 yanvar tarixində Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə Azərbaycanda 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt-lıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, ildə təxminən 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələr çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq. Sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-nə bərabərdir.
13 yanvar 2022-ci il tarixində Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik təməlqoyma mərasimi keçirildi. Bu stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir.
2022-ci il 15 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi.
Bundan əlavə, Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması gözlənilir.
Alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu cür yerlər ucqar dağ kəndləri və dağlıq ərazilərdir. İşğaldan azad olunmuş torpaqlarımız bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Aparılmış dəqiq təhlil nəticəsində bəlli olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Azərbaycan artıq Qarabağda yaşıl enerjidən istifadə olunacağı ilə bağlı fikrini bəyan edib və bu istiqamətdə əməkdaşlıqla bağlı yorulmaz fəaliyyət reallaşdırır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Belə ki, ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Qonşu ölkələrdə, ümumilikdə Avropa qitəsində isə elektrik enerjisinə böyük ehtiyac vardır. Məhz buna görədir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Heç şübhəsiz ki, ölkəmiz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcək.
Nailə Tağızadə