Fransanın Cənubi Qafqaz planı separatçılara dəstək fonunda …

 

Son dövrlər Fransanın Azərbaycana qarşı həddini aşmasının şahidi oluruq. Fransa prezidenti Emmanuel Makronun ölkəmizlə bağlı həqiqətdən uzaq fikirlərinin ardınca bu ölkənin Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnamələr vəziyyəti daha da qəlizləşdirməklə regionda təxribat yaratmağa istiqamətlənmiş addımdır. Bununla rəsmi Paris regionda sülh və təhlükəsizliyin formalaşmasına əngəl olur. Erməni lobbisinin maliyyəsi hesabına dozanı daha da aşıran Fransa bu birtərəfli və qərəzli mövqeyi ilə ermənilərin özünü də təhlükəyə salır. Qarabağdakı separatçı qurumun lideri Araik Arutunyanın Fransaya səfəri, buradakı görüşləri, səfərinin yekunlarına dair medianın iştirakı ilə keçirdiyi mətbuat konfransı, eyni zamanda “France24“ telekanalının efirində çıxışı Fransanın Cənubi Qafqazda terrorçuluğu və separatçılığı himayə etdiyinin göstəricisidir.

İki günlük səfər zamanı Arutunyan Fransa parlamentinin bütün fraksiya rəhbərləri ilə görüşüb və daim erməni diasporunun hesabına maliyyə yardımına tutulan deputatlarla Cənubi Qafqazdakı məsələləri müzakirə edib. Maraqlıdır ki, bir zamanlar Azərbaycan torpaqlarında “mövcud olmuş” quldur rejimin “liderini” fransızlar hansı statusda qonaq olaraq qəbul ediblər? Fransa hakimiyyəti atdığı addımlara görə cavabdehlik daşımadığına, beynəlxalq hüquq qarşısında məsuliyyət daşımadığına görə özbaşınalığın həddini artırmaqda davam edir. Korsika xalqı illərdir, azadlığı uğrunda mübarizə aparır, Fransa hakimiyyətinin təzyiqlərindən, basqılarından əziyyət çəkir. Rəsmi Bakı Korsika liderini Azərbaycana dəvət edib görüşlər təşkil etsə, Fransanın buna reaksiyası necə olar?

Haylara məxsus artistlik və şüvənliyindən geri qalmayan A.Arutyunyan suni ağlaşma məclisi quraraq qondarma “Artsax”ın Fransa dövləti tərəfindən tanınması üçün işlərin başa çatdırılacağına inandığını vurğulayıb. Görüşlərdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Qarabağ ətrafında cərəyan edən proseslər müzakirə olunub. Azərbaycanın Qarabağdakı ermənilərə “göz verib işıq vermədiyi” barədə car çəkilib. Görüşlərdə ən başlıca müzakirə mövzusu isə Laçın dəhlizi ilə bağlı olub. Separatçılar Bakının Laçın dəhlizini bağlayaraq, əhaliyə, guya, zülm etmək, soyqırımını gerçəkləşdirmək niyyəti barədə vay-şüvən qurublar. Fransa qanunverici orqanının rəhbərliyi ilə görüşündə Araik Arutunyan bildirib ki: “Azərbaycan Artsaxı boğaraq xarici dünya ilə yeganə və son əlaqəni kəsmək istəyir. Biz Laçın dəhlizində Artsaxın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsinin təmin edilməsi üçün əlavə beynəlxalq təminatları istəyirik”. Təminat dedikdə burada söhbət Fransanın dəstəyi ilə Aİ-nin monitorinq qrupunun sərhədyanı ərazilərə gəlişini təmin edən Ermənistanın oxşar mənzərəni Laçın dəhlizində  yaratmaq istəyidir.  Separatçıların, Fransa və Ermənistan hakimiyyətinin gözdən qaçırdığı bir məsələ var ki, Laçın dəhlizi və Qarabağın dağlıq hissəsi BMT və bütün dünya tərəfindən tanınan Azərbaycanın suveren əraziləridir, Azərbaycan ərazisində onların planlarının həyata keçirilməsinin heç bir hüquqi mexanizmi mövcud deyil. Azərbaycan necə ki sərhədlərində monitorinq qrupunun mövcudluğuna imkan vermədi, bu sərsəm erməni iddiasının da reallaşmasına imkan yaratmayacaq.

21 noyabr 2022-ci il tarixində YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbir çıxışı zamanı Prezident İlham Əliyev Fransa və Ermənistan əməkdaşlığının ən düzgün və uğurlu xarakteristikasını etdi : “Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar”.

Erməni lobbisinin oyuncağına çevrilmiş Emmanuel Makronun rəhbərlik etdiyi Fransa hakimiyyəti son aylarda aktivləşən və açıq şəkildə özünü göstərən qatı ermənipərəst siyasəti ilə sülh prosesinə əngəl törədir. Fransa Azərbaycanın Ermənistan işğalına qədər beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanıyır. Fransanın bu mövqeyi əslində onun beynəlxalq hüquq əxlaqı ilə uyğunlaşmır. Azərbaycan Baş prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilmiş, separatçıların lideri Araik Arutunyanın Fransa tərəfindən qəbul edilməsi, onun bu ölkəyə səfəri beynəlxalq hüququn Makron tərəfindən tapdalanmasıdır. Vətəndaşları tərəfindən şapalaqla qarşılanan, yumurta, pomidor yağmuruna tutulan Makronun öz dövlətində mövcud olan nüfuzunu təsəvvür etmək elə də çətin deyil.  Fransada keçirilmiş rəy sorğuları da ölkənin hazırkı rəhbərliyinin düşük retinqini ortaya qoyur. Belə bir vəziyyətdə Makron erməni amilindən istifadə etməklə nicat axtarırsa gec olmadan anlamalıdır ki, yalnış yoldadır. Emmanuel Makronun Azərbaycana qarşı apardığı siyasət Avropa İttifaqı daxilində də ciddi narazılıqla müşahidə edilir və fikir ayrılığına səbəb olur. Xüsusilə də Ukraynadakı müharibə fonunda, ölkəmizin Avropa qitəsinin enerji və nəqliyyat təhlükəsizliyində daha da artan yeri və rolu fonunda və hazırda digər aktual sənədlərin qəbul edilməsinin planlaşdırıldığı bir vaxtda Fransa liderinin atdığı addımlar Birliyin təməl prinsiplərinə Fransa tərəfindən endirilən zərbədir. Avropa İttifaqının lideri Şarl Mişelin rəhbərliyi ilə keçirilən Brüssel danışıqlarında əldə olunan razılaşmaların Fransa tərəfindən pozulması Avropa İttifaqının nüfuzuna da xələl gətirir.

Fransa müşahidəçi missiyası adı altında uzun müddətdir ki, Cənubi Qafqaza girmək istəyir. Dekabrın 6-da Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyada sual-cavab sessiyası zamanı bəyan edib ki, Aİ-nin Ermənistandakı monitorinq missiyasının mandatının uzadılması zəruridir. O bunu missiyanın sərhəddəki monitorinqinin “eskalasiya riskini azaltması” ilə izah edib. Fransa Avropa İttifaqının xüsusi missiyası adı altında Qafqazda xaos və anarxiya yaratmaq niyyətindədir. Rusiyanın Ermənistandan çıxarılması və onun Fransanın timsalında Aİ ilə əvəzlənməsi planı bu gün Paris və İrəvanın əsas hədəfləri sırasında bəlkə də ən birincidir. Belə ki, hələ oktyabrın 20-də Nikol Paşinyan erməni mətbuatına verdiyi açıqlamada “Ehtiyac yaranarsa, Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədi yaxınlığında yerləşdirilən monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər” söyləyirdi. Rusiyanın buna verəcəyi reaksiya da olduqca maraqlıdır. Rusiyanın forpostu olan bir ölkənin indi təkidlə Fransanı proseslərə daxil etməyə çalışması ikiüzlü Ermənistan siyasətinin bariz nümunəsidir.  Fransa tutduğu qərəzli və separatçı mövqeyi ilə özünü daha da pis vəziyyətə salır, erməniləri boş yerə qızışdırmaqla isə bütövlükdə erməni dövlətçiliyinin iflasını hazırlayır.

Fransa Cənubi Qafqazda sülhə töhfə vermək və vasitəçi olmaq fürsətindən birmənalı olaraq məhrum edilib. Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, Fransa artıq obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib. Artıq  rəsmi Bakı Parisin iştirak edəcəyi hər hansı danışıqlardan imtina edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşü zamanı bunun təsadüfi xarakter daşımadığını qeyd edib. O vurğulayıb ki, Fransa tərəfindən səslənən qərəzli fikirlər və bu ölkənin parlamentinin qətnamələri Azərbaycan-Fransa münasibətlərinə zərbə vurur və sülh prosesinə töhfə vermir. Azərbaycan əleyhinə qəbul olunmuş qətnamələrdən sonra separatçı rejimin cinayətkar başçısını leqal rəsmi qonaq kimi qəbul edən Fransanın bu addımı bardağı daşıran son damla oldu. Bununla da, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesində aktiv şəkildə iştirak iddiası, özünü Brüssel prosesinə calamaq cəhdləri iflasa uğradı. Azərbaycan heç vaxt Fransanın bu niyyətinin baş tutmasına imkan yaratmayacaq.

                                                                                                       Nailə Tağızadə

2022-12-09 / 17:15
Facebook