Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə birgə təlimlərə başlayıb. Bu dəfəki təlimlər geniş əhatəsinə görə diqqəti cəlb edir. Türkiyə ilə ilk dəfə olaraq belə genişmiqyaslı hərbi təlim keçirilir. Bu dəfəki təlimlərə bütün qoşun növləri cəlb edilib. Belə ki, birgə hərbi təlimlərdə ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetiriblər. Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyətinin birgə təlimləri izləmək məqsədilə Azərbaycana səfəri də təlimlərə verilən yüksək önəmin göstəricidir. İntensiv və professional şəkildə aparılan bu təlimlər qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Diqqət çəkən məqam təlimlərin arealı - Bakı ilə yanaşı, İranla sərhəd boyu Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə etməsi ilə bağlıdır. Bu, bir neçə ay müddətində Azərbaycanla sərhəddə 2 ayrı təlim keçirən, regionda destruktiv siyasət aparan İrana cavabdır. Qarabağın 30 ilə yaxın işğalı zamanı heç bir hərbi aktivlik nümayiş etdirməyən İran 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti adlandıraraq hərbi təlimlər keçirməyə, bununla da Azərbaycanı hədələməyə başladı. Bir müddət əvvəl isə İran həddini aşaraq Azərbaycanla sərhəddə Araz çayının üzərindən panton körpülər salmaqla genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Azərbaycan-Türkiyə birgə təlimlərində çay üzərindən panton körpülərin atılması, canlı qüvvənin və hərbi texnikanın keçməsi Azərbaycanla hədə-qorxu ritorikası ilə danışan İranın molla rejiminə açıq mesajdır. Azərbaycan-Türkiyə təlimləri İranın sınıq-salxaq, köhnə sovet texnikası, Araz çayı üzərində yalançı panton körpü salma ssenarisi ilə aparılmır. NATO-nun ikinci böyük ordusu müasir silahların tətbiq olunması ilə Azərbaycanla birlikdə Araz çayı sahillərində yeni nəsil müharibə qaydalarına uyğun geniş miqyaslı təlim keçirir. İran bu təlimdən lazım olan mesajı almaqla yanaşı, Arazın o tayından baxıb, müasir orduların necə təlim keçdiyini də öyrənməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında aydın şəkildə toxunmuşdu. Dövlət başçısı İranın son 2 ildəki anlaşılmaz və bəzən açıq hədəyə keçən qonşuluq siyasətinə rəsmi Bakının hər zaman adekvat cavab verməyə hazır olduğunu söyləmişdi. “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”, - deyən dövlət başçısı situasiyanı olduğu kimi təqdim etmişdi.
Zəfərimizdən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyənin artıq, sadəcə, sözdə deyil, həm də əməldə bütünlüklə Azərbaycanın yanında olduğunun göstəricisidir. Azərbaycan-Türkiyə hərbi təlimləri, əslində, Şuşa Bəyannaməsinin yalnız kağız üzərində mətn deyil, real və işlək bir müqavilə, mexanizm olduğunu da növbəti dəfə isbat etdi. 44 günlük müharibədən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə birliyi region dövlətləri tərəfindən heç də birmənalı qarşılanmır. Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransda bu birliyin yalnız regional sabitliyə xidmət etdiyini bildirmişdi. Prezidentin: “Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” - sözləri bu gün Araz çayı sahillərində keçirilən Azərbaycan-Türkiyə hərbi təlimlərinin açıqlaması sayılmalıdır.
Prezident İlham Əliyevin dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı, Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirildi.
Dekabrın 6-da Azərbaycan-Türkiyə birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" keçirildi. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın izlədiyi Azərbaycan-Türkiyə birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olundu. Mükafatları hərbçilərə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar təqdim etdilər. Hulusi Akarın: “Azərbaycana qarşı təhdid haradan gəlir-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq” – fikri Azərbaycanı təhdid edən qüvvələrə qarşı yönəlmiş mühüm bir mesaj oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətində bildirdi ki, çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək. “İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz”, - deyə Ərdoğan vurğulayıb. “Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev telefon zəngi ilə şəxsi heyəti təbrik edərkən bildirdi ki: "Bu təlimlərin adı "Qardaş yumruğu"dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!"
Şuşa bəyannaməsi və digər hərbi sazişlərə uyğun olaraq keçirilən bu qardaşlıq və həmrəylik təlimləri İrana və eyni zamanda son günlər Qarabağda havadarlarının dəstəyi ilə aktivləşmiş erməni separatçılarına, həmçinin Azərbaycana təhdidlərin gəldiyi bütün ölkələrə qarşı ciddi mesajdır. Genişmiqyaslı birgə təlimlərimiz göstərir ki, Ankara və Bakının iradəsi yalnız bəyanatlarla məhdudlaşmır, biz əməli olaraq birik. Azərbaycan Ordusunda Türkiyə Ordusu modelinin tətbiq edilməsi artıq son mərhələdədir. İki ölkə istər cənubdan, istərsə də digər istiqamətlərdən gələn istənilən təhdid və təhlükəyə qarşı vahid ordu ilə birgə cavab verməyə hazır və qadirdir. Yaxşı olar ki, həm İran, həm də Azərbaycan və Türkiyəyə qarşı məkrli planlar qurmaq niyyətində olan digər dövlətlər gec olmadan sağlam qonşuluq və səmimi dostluq münasibətlərinə üstünlük versinlər. Bu, ilk növbədə onların özünün xeyrinədir.
Nailə Tağızadə