Erməni lobbisinin oyuncağına çevrilmiş Fransa əvvəlcə 2022-ci il 15 noyabrın tarixində Senat, noyabrın 30-da isə Milli Assambleya səviyyəsində Azərbaycan əleyhinə birtərəfli qətnaməni qəbul etdi. Bununla, Fransa bir daha əsl xislətini göstərdi, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində özünü söz hüququndan məhrum etdi.
Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 7-də Azərbaycan Prezdenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının sədri Mişel Şarl və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüşməyə hazır olduğunu bildirmişdi. Rəsmi Bakı isə danışıqlarda Makronun iştirak edəcəyi təqdirdə bununla razılaşmadığını haqlı şəkildə bildirdi. Çünki Fransanın ermənipərəst mövqeyi açıqdır. Belə olan halda danışıqlarda Fransadan hansı obyektivliyi gözləyə bilərik? Makron hər zaman Ermənistanın yanında olduqlarını açıqlamaqla tərəflər arasında vasitəçilik haqqını çoxdan itirib. Senat və Assambleya səviyyəsində qəbul olunan qətnamələr isə Fransada Ali icraedici orqanla qanunverici qurumların Ermənistanın qərəzli və pozuculuq fəaliyyətini dəstəklədiklərini isbatlayır. Fransa bu mövqeyi ilə özünü regiondan daha da kənarlaşdırır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu qətnaməni qətiyyətlə rədd edərək bu addımı Fransanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirdi: "Bu qətnamə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir”.
Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında Fransa parlamentinin palatalarında Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələrin qəbulunun rəsmi Parisin mövqeyini əks etdirmədiyini bildirsə də, Prezident Emmanuel Makron başda olmaqla Fransanın rəsmi şəxslərinin Azərbaycan əleyhinə çoxsaylı çıxışları bunun əksini sübut edir. Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.
Fransanın növbəti riyakarlığı orada irqçilik, islamofobiya və türkofobiyanın ifrat həddə çatdığını bir daha təsdiq edir. Bu ölkə Ermənistanın simasında birbaşa təcavüzü və terroru dəstəkləyir. Assambleyanın 557 üzvündən 256-sının qatıldığı dinləmədə onların hamısının bir nəfər kimi lehinə səs verdikləri bu qətnamə beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Özünü “ədalət carçısı” elan edən Fransanın qəbul etdiyi qətnamədə Azərbaycanın 30 ilə yaxın Ermənistan işğalına məruz qalması, şəhər və kəndlərimizin talan edilməsi, xarabaya çevrilməsi, ekoloji və humanitar fəlakətin törədilməsi haqqında fikir yoxdur. I Qarabağ müharibəsi zamanı xüsusi qəddarlıqla qətlə yetirilən, kütləvi məzarlıqlarda basdırılan, hələ də taleyi naməlum qalan 4000-ə yaxın azərbaycanlı, o cümlədən, qadın və uşaqlar barəsində məlumat öz əksini tapmamışdır. Vətən müharibəsi dövründə Ermənistanın müharibə zonasından kənarda yerləşən kənd və şəhərlərimizin qadağan olunmuş raketlərlə vurması, müharibə cinayətləri törətməsi, hətta müharibədən sonra da minaların basdırılması haqqında heç bir fikir yer almamışdır. Fransa hakimiyyəti və parlamenti Azərbaycan torpaqları işğal altında olarkən də ermənilərə yardım etməklə məşğul idi. ATƏT-in Minsk qrupunun üzvü və beynəlxalq vasitəçi, həmsədr olaraq Fransa işğalla bağlı heç bir bəyanat verməmişdi. Torpaqların işğaldan azad edilməsi ilə bağlı keçirilən anti-həmlə əməliyyatı zamanı isə Ermənistanı hərtərəfli dəstəkləyir, yardım göstərirdi. Fransa rəsmiləri və KİV-i dünya mediası arasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına liderlik edib.
Bu yaxınlarda Emmanuel Makron yerli televiziyaya müsahibəsində - “biz Ermənistanı tək qoymayacağıq, bizim dəyərlərimizi nə neft, nə də qazla almaq olmaz” deyərək Fransanın Azərbaycan qazını almadığını, bununla bağlı razılaşma olmadığını bildirmişdi. Maraqlıdır ki, son aylar Avropa İttifaqı Rusiyanın enerji asılılığından xilas olmaq üçün üzünü Azərbaycana çevirdiyi, Azərbaycanla enerji sazişi imzaladığı bir zamanda Fransa necə özünü Avropadan təcrid edə bilər ? 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər. Azərbaycan bu ilin ilk 10 ayı ərzində Avropaya 9,3 milyard kubmetr təbii qaz tədarük edib. İlin sonuna kimi bu göstəricinin 11,5 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrünün faktiki göstəricisindən 40 faiz çoxdur. Fransa bu absurd qətnaməsiylə Avropa İttifaqı ilə əməkdaşlığına da şübhə yaradır.
Belə olan halda biz Fransadan hansı ədaləti gözləyə bilərik? Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalı idi. Təəssüf ki, biz tam əks fəaliyyətin şahidi olduq. Bu vəziyyətdə Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasi xəttini yenə əsas götürəcək, haqlı tələblərinin üzərində dayanacaq. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın Ermənistan işğalına qədər beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanıyır. Fransa rəsmilərinin qəbul etdiyi bu qətnamə əslində Fransanın beynəlxalq hüquq əxlaqı ilə uyğunlaşmır. Bu qətnamə əksinə sülhün və ölkələrarası normal münasibətlərin qurulmasına əngəl törədən bir təşəbbüsdür. Fransa bu xətalı və qərəzli addımından əl çəkməli, regionun real mənzərəsini qiymətləndirib sülh üçün çalışmalıdır. Əgər bunu bacarmırsa yeni bir böhran yaxınlaşmamış öz daxili işləriylə məşğul olsa daha yaxşıdır. Bu günlərdə Fransanın paytaxtında prezident Makronun istefası tələbi ilə minlərlə insanın iştirak etdiyi növbəti böyük nümayiş keçirilib. Arabir vətəndaşlarından şillə görən, yumurta, pomidor atılan Makronun reytinqi sürətlə aşağı düşməkdədir. Bu cür qətnamələrlə Fransa Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə təsir göstərmək imkanına malik deyil. Biz sonadək haqq mübarizəmizi aparacağıq və bu yolda nə Fransa, nə də digər ölkələr bizə maneə ola bilməz.
Nailə Tağızadə