Sülhməramlılara növbəti xəbərdarlıq ...

 

44 günlük tarixi zəfərimizin yekunu olaraq imzalanan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında erməni silahlılarının Azərbaycan ərazisindən dərhal çıxarılması öz ifadəsini tapıb. Lakin bəyanatın imzalanmasından 2 il keçməsinə, dəfələrlə bu barədə xəbərdarlığımıza baxmayaraq bu, hələ də baş verməyib. Əksinə, mövqelər yenilənib, səngərlər qazılıb, kameralar yerləşdirilib. Ermənistan bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin, həmçinin hərbi sursatın bölgəyə göndərilməsini davam etdirir.

10 noyabr bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki bəzi ərazilərində Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulur. İstər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan 10 noyabr Bəyannaməsində ehtiva olunan müddəaları həyata keçirsə də, qarşı tərəf ənənəvi qaydada öz öhdəliklərindən yayınmağa çalışır. Bu məsələdə Ermənistan həmişə olduğu kimi, xarici havadarlarının dəstəyinə arxalanır. Təəssüf doğuran əsas məqam isə bundan ibarətdir ki, rəsmi İrəvanı bu cür destruktiv addımlara həvəsləndirən əsas amil sülhməramlıların laqeydliyidir. Azərbaycan tərəfinin son iki ildə etdiyi bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya sülhməramlı qüvvələri bitərəflik prinsipinə əməl etmir.

Ermənistan ərazisindən silahlar sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası olan Laçın dəhlizindən keçməklə Qarabağda ermənilərin yaşadığı bölgələrə daşınır. Həmin ərazilər də Rusiya hərbçilərinin müvəqqəti nəzarət zonasıdır. Orada silahlar Ermənistan ordusunun hələ də qalmaqda olan birləşmələrinə və separatçı-terrorçu dəstələrə çatdırılır. 

Ancaq Azərbaycanın bütün çağırışlarına rəğmən sülhməramlılar bu özbaşınalığın qarşısını almaq üçün heç bir tədbir görmür. Biz dəfələrlə demişik ki, Azərbaycan lazım gələrsə, Laçından çəkdiyi yeni yolda nəzarət-buraxılış postları quracaq. Azərbaycan vəziyyətə müdaxilə edib Laçın şəhərindən yan keçməklə Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edən yeni yolda nəzarət-buraxılış məntəqəsi quraşdırmaq hüququndan istifadə edə bilər.

Zaman-zaman ermənipərəst xarici siyasətçilərin rusiyalı sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə Qarabağa gəlməsi və orada təxribatçı bəyanatlar səsləndirməsi ilə də qarşılaşırıq. Bu isə sülhməramlının fəaliyyət sferansına zidd olan addimlardır və təbii ki, Azərbaycan tərəfində haqlı olaraq narazılıq doğurur. Rusiya sülhməramlılarının qərəzli fəaliyyəti ilə bağlı rəsmi Bakının dəfələrlə etirazına baxmayaraq, bu cür neqativ halların tez-tez baş verməsinin şahidi oluruq. Sülhməramlılar bir növ erməni silahlılarının təhlükəsizliyinin qarantı rolunda çıxış edirlər ki, bu da 10 noyabr bəyanatının açıq şəkildə pozulması deməkdir. Sülhməramlıların belə  anlaşılmaz fəaliyyəti eyni zamanda bu il fevralın 22-də Azərbaycanla Rusiya arasında Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən irəli gələn münasibətlərə də ciddi zərbə vurur. Sonuncu dəfə Kremlin maraqları çərçivəsində Qarabağa göndərilən Rusiya vətəndaşı Vardanyan və Suriyada doğulan Oskanyan da Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər və ölkənin qanunlarına əsasən cinayət törədiblər.

Son günlər Azərbaycan Müdafiə və Xarici işlər nazirliklərinin yaydığı bəyanatlar sülhməramlılara növbəti xəbərdarlıq kimi başa düşülə bilər. Müdafiə Nazirliyinin bəyanatından aydın olur ki, Rusiya hərbi kontingenti nəinki silahların qanunsuz şəkildə Azərbaycan ərazisinə keçməsinə şərait yaradır, üstəlik Qarabağdakı tarixi toponimləri də erməniləşdirir. 

Xarici İşlər Nazirliyinin bəyanatında xüsusi vurğulanır ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, 6-cı bəndini də kobudcasına pozub. Belə ki, Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə edərək minaları Azərbaycan ərazisinə ötürüb. Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları hissəsində və Qarabağ iqtisadi rayonu ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb. Təbii ki, bu minaların 1609 ədədi sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın yolu vasitəsilə Qarabağa daşınıb. Yəni Rusiya hərbi kontingenti bu faktı gizlədib. Ona görə də Azərbaycan təhlükənin qarşısını almaq üçün yola nəzarəti ələ almaq və Qarabağdakı erməni silahlı birləşmələrini zərərsizləşdirmək üçün güc tətbiq etmək məcburiyyətindədir. Artıq ermənilər özləri də bunu dolayı yolla etiraf edir.

Dövlət başçısının Zəfərimizdən sonrakı iki ildə imzaladığı heç bir sənəddə Qarabağ barədə bir kəlmə də yoxdur. Əvəzində “Qarabağ iqtisadi zonası” yaradılıb və Xankəndi şəhəri də həmin zonaya daxil edilib. Yaxın iki ildə Azərbaycan hökuməti Ağdamdan Xankəndiyə qaz kəməri çəkməyi planlaşdırır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların nə statusu, müstəqilliyi, nə də ki hansısa xüsusi imtiyazları olacaq.  Azərbaycan ərazilərinə xüsusi təlimatlarla göndərilən Vardanyan və ya Oskanyan kimilərlə isə heç bir danışıq baş tutmayacaq. 17 noyabr 2022-ci il tarixində İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubel ilə görüşü zamanı bildirmişdi ki, Ermənistan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirildi. Müdafiə Nazirliyindən sülhməramlıların məlumatına cavab olaraq qeyd olundu ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.

Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.

Həmçinin Müdafiə Nazirliyindən bu da bildirildi ki - Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.
Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.

Nazirliyin bu bəyanatından qısa bir müddət keçməmişdi ki, 27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında ərazilərimizin adları yenə erməniləşdirilərək təqdim olundu. Bununla bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd olundu ki, “Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.
27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”, - açıqlamada vurğulanıb.

Sülhməramlılar Qarabağın ermənilər yaşayan hissəsində suverenliyini təmin edilməsinə mane olan əsas amillərdən biridir. Rusiya hərbi kontingentinin fəaliyyətindən belə təəssürat yaranır ki, onlar Kremlin bölgədəki geosiyasi maraqlarını təmin etmək və separatçı rejimi himayə etmək marağındadırlar. Yəni sülhməramlılar təhlükəsizlik missiyası adı altında potensial münaqişə ocağı formalaşdırmaqla məşğuldur. Əslində, Qarabağdakı mülki azərbaycanlı və erməni əhalinin təhlükəsizliyinin təmin olunması ilk növbədə, qanunsuz silahlı birləşmələrin ləğvinə bağlıdır. Bu baş verərsə, sülhməramlılara ehtiyac qalmaz və bölgədə təhlükəsizliyi Azərbaycan özü də həyata keçirə bilər. Belə bir vəziyyətdə, sülhməramlının yerinə yetirməli olduğu işi də Azərbaycan ordusu həyata keçirmək məcburiyyətində qalır. Sülhməramlıların fəaliyyət göstərdiyi ərazilərdə ermənilər Azərbaycanın maraqlarına zidd addım atarlarsa, buna qarşı cavab tədbiri görüləcəkdir. Sülhməramlılar dağıdıcı proseslərə rəvac verir. Əgər Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifələri zamanında, yəni 2 il əvvəl əvvəl icra etsəydilər, nəticədə bu gün erməni silahlıları Qarabağda olmazdı və indiki gərginlik yaşanmazdı.  Qarabağda baş verən gərginliyə və ermənilərin itkilərinə görə məsuliyyət bu silahlı qruplar qədər, öz fəaliyyətlərini düzgün şəkildə icra etməyən sülhməramlıların da üzərinə düşür.

                                                                                                         Nailə Tağızadə

2022-11-28 / 16:00
Facebook