Azad olunmuş ərazilərə Böyük Qayıdış gerçəkləşir

 

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən, Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanmışdır. 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi. Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlər müəyyənləşdirilib. I Dövlət Proqramının icrası 2026-ci ilədək həyata keçirilməlidir.

Proqramda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün aşağıdakı hədəf göstəricilər müəyyən edilib:

1.İnfrastruktur
2.İqtisadiyyatın yenidən qurulması

3.Sosial inkişaf

4.Ətraf mühitin balanslı inkişafı

Dövlət Proqramının əsas məqsədləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd çərçivəsində müəyyən edilmişdir:

  1. Əhalinin dayanıqlı məskunlaşması;
  2. Ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası.

Dövlət Proqramının ümumi qayəsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması təşkil edir.

Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir.  Qeyd edək ki, Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və bu sahədə məşğulluğun artırılması “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 21 avtomobil yolu layihəsi başa çatdırılacaq, 97 yaşayış məntəqəsi üzrə müntəzəm beynəlxalq, şəhərlərarası və şəhərdaxili sərnişin daşımaları təşkil ediləcəkdir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi Proqramın fəaliyyət istiqamətlərindən biridir. Proqram çərçivəsində ərazidə olimpiya İdman Kompleksi və 2 Gənclər Evi inşa olunacaq. Ərazilərdəki yaşayış məntəqələrində “ASAN Xidmət” və “DOST” mərkəzləri yaradılacaqdır. Ümumilikdə 49 Ailə Sağlamlıq Mərkəzi və 39 tibb məntəqəsi tikiləcək. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada ümumilikdə 34500 ailənin köçürülməsi nəzərdə tutulur.

Dövlət Proqramının məqsəd və vəzifələrinə uyğun əsas prioritet istiqamətlər aşağıdakılardan ibarətdir:

  1. Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili;
  2. Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini;
  3. Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması;
  4. Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması;
  5. Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası;
  6. Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.

Dövlət Proqramında müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planının prioritet istiqamətləri aşağıdakılardır:

  1. Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili;

Bu prioritetin fəaliyyət istiqaməti 2026-cı ilin sonunadək ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsi, təhlükəsizliyin və dövlət idarəetməsinin təşkilidir.

  1. Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini;

Bu prioritetin fəaliyyət istiqamətlərinə yaşayış məntəqələri üzrə ümumi, baş və müfəssəl planların və şəhərsalma əsaslandırmalarının hazırlanması, yaşayış sahələrinin (çoxmənzilli binalar və fərdi evlər) və sosial-ictimai obyektlərin tikintisi, daxili yol-küçə şəbəkəsinin qurulması; kommunal və rabitə xidmətlərinin təmin olunması,  müasir təhsil, keyfiyyətli tibb xidmətləri, idman, sağlamlıq və mədəni-məişət xidməti infrastrukturunun qurulması, dövlət xidmətlərinə (“ASAN xidmət”, DOST mərkəzləri vasitəsilə və s.) çıxışın təmini, yaşayış məntəqələrinin salınmasına özəl investisiyaların cəlb edilməsi və dövlət‒özəl tərəfdaşlığının qurulması daxildir.

  1. Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması;

 Bu prioritetin fəaliyyət istiqamətinə əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi daxildir.

  1. Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması;

Bu prioritetin fəaliyyət istiqamətlərinə müasir magistral yol (avtomobil və dəmir yolu) infrastrukturunun qurulması və hava limanının tikintisi, azad olunmuş ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün ötürücü şəbəkənin qurulması, su təchizatı, qaz təchizatı üçün magistral sisteminin qurulması, telekommunikasiya və poçt xidmətləri infrastrukturunun qurulması daxildir.

  1. Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası;

Bu prioritetin fəaliyyət istiqamətlərinə torpaqlardan səmərəli istifadənin təşkili və torpaq ehtiyatlarının idarə edilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, geri qayıdan əhalinin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi sahəsində əlavə mexanizmlərin tətbiqi daxildir.

  1. Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.

Bu prioritetin fəaliyyət istiqamətlərinə ərazilərdə radioloji və radioekoloji qiymətləndirmələrin aparılması, hidrometeoroloji müşahidə şəbəkəsinin qurulması, xüsusi mühafizə olunan təbiət ərazilərinin infrastrukturla təmini, meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi,  bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturun yaradılması daxildir.

Bu gün dövlətimizin ümdə məqsədi insanlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri olan tədbirləri mümkün qədər qısa müddətdə başa vurmaqdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası azərbaycanlıların öz doğma torpaqlarına, evlərinə təhlükəsiz qayıdışını, həmin ərazilərdə firavan yaşayışını təmin edəcəkdir. Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan proqramın həyata keçirilməsi üçün dövlət bütün imkanlarını səfərbər edəcəkdir.

                                                                                                           Nailə Tağızadə

2022-11-23 / 16:24
Facebook