Vətən müharibəsindən iki il müddət keçməsinə baxmayaraq Ermənistanın mina terroru hələ də davam etməkdədir. Hər ay vətəndaşlarımız bu terrorun qurbanı olur, ya sağlamlıqlarını itirirlər, ya da ki həyatlarına son qoyulur. Azərbaycan dəfələrlə minalanmış ərazilərin dəqiq xəritələrinin təxirə salınmadan təhvil verilməsinin həyati önəm daşıdığını vurğulasa da, beynəlxalq etinasızlıqdan ruhlanan Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məsələdə də beynəlxalq hüquqa saymazyana münasibətini davam etdirir. Bunun üçün beynəlxalq birlikdən Ermənistana təzyiqlərin artırılmasını istəsək də yenə ikili standartların şahidi oluruq. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistan daha sonra müəyyən təzyiq nəticəsində kiçik qisim mina xəritələrini təqdim etdi ki, onların da etibarlılıq göstəricisi cəmi 25%-ə yaxındır. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib. Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 nəfər minalardan və PHS-dən zərər çəkib ki, bunun da 35-i mülki şəxs olmaqla 45 nəfəri həlak olub, 223 nəfəri o, cümlədən 91 mülki şəxs yaralanıb. Bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi minadan təmizlənib, 76 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
2022-ci ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə minalar aşkar olunub. 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistanın guya minaları istehsal və ixrac etmədiyi barədə bəyanatlarının heç bir əsasının olmadığını nümayiş etdirir. Bütün bunlar təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.
Bu gün də dəfələrlə Ermənistan hərbçiləri Azərbaycan silahlı qüvvələrinin yerləşdiyi mövqeləri arasında təminat yollarını və əraziləri minalamağa cəhd edirlər. Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana təzyiq edilməlidir.
Ermənistanın bu fəaliyyəti beynəlxalq hüquq pozuntusudur. Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Həmin konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi. Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardantəmizlənməsidir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən isə Azad edilmiş ərazilərin 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək. Tədbirlər Planına əsasən, ANAMA Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə bu vəzifəni yerinə yetirməlidir. Eyni zamanda, 2022‒2025-ci ildə 215 min ha ərazinin minalardan təmizlənməsi təmin olunmalıdır.
Ermənilər hər vəchlə mina məsələsindən bir şantaj aləti kimi istifadə etməyə çalışır. Onların əsas istəyi işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Azərbaycanın sistemli fəaliyyəti, bu istiqamətdə atdığı praqmatik addımlar ermənilərin planlarını puç edir. Ancaq hər bir halda mina xəritələrinin dəqiq versiyası Azərbaycana təhvil verilməlidir. Bunun üçün beynəlxalq birlik tərəfindən Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmalı, erməni terroru cəzasız qalmamalıdır. Mövcud faktlar əsasında dövlət səviyyəsində terroru dəstəkləyən Ermənistanın məsuliyyətə cəlb olunması üçün hüquqi prosedurlara başlamalı, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya və müavinət ilə bərabər, minaların təmizlənməsinə xərclənən vəsait də İrəvandan tələb olunmalıdır.
Bu gün dövlətimizin ümdə məqsədi öz imkanlarını səfərbər edərək insanlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri olan minatəmizləmə prosesini mümkün qədər qısa müddətdə başa vurmaqdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası azərbaycanlıların öz doğma torpaqlarına, evlərinə təhlükəsiz qayıdışını təmin edəcək.
Nailə Tağızadə