20 oktyabr 2022-ci il tarixində ölkəmiz üçün tarixi günlərdən biri reallaşdı. Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda yerləşən Beynəlxalq Hava Limanının açılışını etdilər. Bu hadisəni daha da əlamətdar edən Ərdoğanın səfərinin birbaşa Qarabağdan başlanması, Zəngilan Beynəlxalq Hava Limanına eniş etməsidir. Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna növbəti səfəri ilə bu ərazilərdə yalnız Azərbaycanın idarəçiliyini qəbul etdiyini və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirir. Bu səfər, həmçinin son günlər Azərbaycana qarşı ermənipərəst iftiraların gücləndiyi, ermənilərin yenə sülh prosesinə əngəl törətdiyi bir vaxtda ilk öncə rəsmi Bakıya dəstəkdir, eyni zamanda, “status” məsələsini diriltmək istəyən bütün tərəflərə mesajdır.
Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tarixi zəfərindən sonra Qarabağa reallaşan üçüncü səfəridir. 2021-ci il 15 iyun tarixində Şuşada Bəyannamənin imzalanması, 26 oktyabr 2021-ci ildə Füzuli Hava Limanının açılışı və Zəngilan Hava Limanının açılışı Qarabağda möhtəşəm tədbirlərin davam edəcəyinin xəbərçisidir. Qardaş Türkiyə Prezidentinin bu açılışda iştirak etməsi həm də Qarabağın strateji əhəmiyyətini göstərir.
Türkiyə liderinin birbaşa Zəngilana - hava limanına gəlişi həm də son vaxtlar Azərbaycana qarşı aqressiya nümayiş etdirən, sərhədboyu irimiqyaslı hərbi təlimlər həyata keçirən, Qafanda təcili konsulluq açdıran, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi görən İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıyır. Buna cavab olaraq Türkiyə Prezidenti Şuşada tezliklə Baş Konsulluq açılacağını Qarabağdan bir daha bütün dünyanın diqqətinə çatdırdı. Bununla Türkiyə, - Azərbaycana qarşı təhdidi Türkiyəyə qarşı təhdid - olaraq qəbul etdiyini əyani şəkildə bir daha sübut edir və Tehranın Zəngəzur dəhlizinin qarşısını almaq istəyinə və alternativ layihələrinə imkan verilməyəcəyi mesajını çatdırır. Türkiyə liderinin təyyarə ilə birbaşa Zəngilana gəlişi, təyyarədən enərkən ətrafa göz gəzdirərək dirçələn Qarabağı görməkdən məmnunluğu dünyaya müharibənin başa çatdığı, Azərbaycanın dayanmadan bərpa-quruculuq işlərini həyata keçirdiyi reallığını göstərir və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Zəngilan Beynəlxalq Hava Limanında ilk xarici səfərin baş tutması böyük turizm potensialı olan Qarabağın xarici ölkələrdə cəlbediciliyinin artması, buraya birbaşa səfər etmək istəyənlərin sıralarının genişlənməsi baxımından önəmli əhəmiyyət kəsb edir. Bu gedişlə bir müddət sonra xarici qonaqlar mədəniyyət paytaxtımız olan Şuşaya, həmçinin digər bölgələrə səfər etmək üçün Bakıya gəlməyə ehtiyac duymayacaqlar.
2021-ci il 26 aprel tarixində dövlət başçısı tərəfindən Zəngilan hava limanının təməli qoyuldu. Təməlqoyma mərasimində çıxış edən ölkə başçısı bildirdi ki: “... Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır.” Dövlət başçısının vədi yenə özünü doğrultdu və çox qısa bir müddətdə - 9 sentyabr 2022-ci il tarixində Bakıdan Zəngilan Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirildi. Bəhs olunan tarixdə ən böyük sərnişin təyyarəsi sinfindən olan “Airbus A340-500” ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirdi və Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına endi. Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib. 20 oktyabr tarixində isə rəsmi şəkildə hava limanının açılışı baş tutdu. Azərbaycanın çox qısa bir müddətdə müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa etməsi ölkə xaricində hər kəsi heyrətləndirib. Ermənilərin 30 ilə yaxın müddətdə xaraba qoyduqları ərazilərimizdə Azərbaycanın belə qısa bir müddət ərzində xarüqələr yaratması - çoxşaxəli quruculuq işlərinə start verməsi beynəlxalq arenada təəccüb, eyni zamanda qıcıq doğurur.
Qarabağın ikinci hava qapısı rolunu oynayacaq Zəngilan hava limanı bütün növ təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub. Perronda eyni vaxtda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq. Bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə almaq lazımdır ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Zəngilanda da hava limanının mövcudluğu imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. Hava limanın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu isə xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından da vacibdir. Hava limanı həm də bölgənin iqtisadiyyatına ciddi təsir göstərəcək. Qarabağdan dünyanın ayrı-ayrı ölkələrinə birbaşa səfərlərin təşkil edilməsi isə əlavə bir üstünlük sağlayacaq.
Daha sonra liderlər ötən ilin 26 oktyabr tarixində Zəngilan rayonunda təməlini qoyduqları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər. Bu, əslində Qarabağdan bütün dünyaya verilən dostluq, qardaşlıq, sülh, rifah mesajıdır. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoydular. Həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirildi, əraziyə 15 baş ceyran buraxıldı. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi də Cəbrayıl şəhərində baş tutdu. Prezidentlər təkbətək görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev bu tarixi səfəri mühüm qiymətləndirərək, bu şanlı tarixin bizim müştərək tariximiz olduğunu vurğuladı. Dövlət başçısı bildirdi ki: “İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında erməni vandallığını xüsusi vurğulayaraq beynəlxalq təşkilatların bu vəhşiliklərə səssiz qaldığını ifadə etdi: “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir. İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər”.
Birgə bəyanatlarında dövlət başçıları Zəngəzur dəhlizinin reallaşmasının vacibliyinə xüsusi toxunaraq, bu dəhlizin bütün bölgə üçün sülh və rifah yaradacağını qeyd etdilər. Rəcəb Tayyib Ərdoğan Qarabağda reallaşacaq layihələrin regional əməkdaşlığı gücləndirməyə xidmət edəcəyini bildirdi: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.”.
Azərbaycan-Türkiyə birliyi artıq uzun müddətdir ki, qurulub. Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat dəhlizləri layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. Rəcəb Tayyib Ərdoğanın səfəri, həmçinin səfər çərçivəsində həyata keçirilən açılış və təməlqoyma mərasimləri Azərbaycan və Türkiyənin bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlarından xəbər verir. Bu səfər iki ölkə arasında əlaqələrin inkişafına və daha da güclənməsinə öz ciddi təsirini göstərəcək. Bu həm də onu göstərir ki Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə bərpa prosesində də burdadır və daim yanımızda olacaq.
Nailə Tağızadə