6 oktyabr 2022-ci il tarixində Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi. Bu dəfə Prezident İlham Əliyev tamamilə ermənipərəst mövqe sərgiləyən Fransa Prezidenti ilə birbaşa görüşmək, tarixi gerçəkliyi anlatmaq, dövlətimizin ədalətli mövqeyini çatdırmaq imkanı əldə etdi. 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı.
Görüşün sonunda qəbul edilən bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
Bu bəyanatı rəsmi Bakının növbəti diplomatik qələbəsi hesab etmək olar. Sənədin müddəaları ölkəmizin maraqlarına tam cavab verir. Faktiki olaraq bu sənədlə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilir. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Bəyanatda sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Bu da Azərbaycanın maraqlarına tam cavab verir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı sərhədlərin delimitasiyası məsələsi üzərində xüsusi dayanırdı. Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də vardı. İndi isə İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə razılıq verib. Uzun müddətdir ki, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Lakin öz dövlət müstəqilliyini hər amaldan üstün tutan Azərbaycan hakimiyyəti buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra missiyanın yalnız Ermənistan ərazisində olacağı razılaşdırıldı. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan bununla müstəqil siyasət yürütmək iqtidarında olmadığını bir daha sübut etmiş oldu.
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirdi ki, əgər Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Dövlətimizin başçısı deyib ki, Azərbaycan tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur: “Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”.
Rəsmi Bakının İrəvana təqdim etdiyi təkliflər aşağıdakılardır:
Eyni gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında da görüş baş tutdu. Praqada keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşə toxunan Ərdoğan bildirdi ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar qarşılıqlı surətdə davam etdirilir. "Bu görüşdə bəzi tələblər irəli sürülüb. Biz bu tələbləri xüsusi nümayəndələrimizə, nazirlərimizə çatdırdıq. Danışıqlar baş tutandan sonra biz lazımi addımları atacağıq", - deyə Türkiyə Prezidenti əlavə etdi.
“Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəklədiyini bildirdi. Prezident, eyni zamanda, vurğuladı ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.
Ümumilikdə, bu görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Normallaşma istiqamətində proseslər Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşması Ermənistanın siyasi dairələrinin verəcəyi qərardan asılıdır. Hər halda Azərbaycan öz haqlı tələblərini sonadək müdafiə edəcək, Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcək. Qərblə Rusiya arasında sıxışıb qalan Ermənistan üçün yeganə seçim sülh prosesini sürətləndirməkdir.
Nailə Tağızadə