Xocavənd rayonu Edilli kəndi Qarabağ silsiləsinin cənub-şərq ətəyindədir. Etnotoponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin 3 paytaxt şəhərindən birinin adı İdil, Volqa çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur. Edilli kəndi təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib, 15 oktyabr 2020-ci ildə isə şanlı Azərbaycan Ordusu kəndi azad edib.
2022-ci ilin fevral ayının 23-də Xocavənd rayonu Edilli kəndi ərazisində azərbaycanlıların kütləvi məzarlığı aşkar edildi. Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyevin Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verdiyi ifadələr əsasında Edilli kəndi ərazisində kütləvi məzarlığın yerinin müəyyənləşdirilməsi mümkün olmuşdur. Bundan sonra Prezident İlham Əliyevin tapşırığı ilə işçi qrup yaradıldı. İşçi qrupuna Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akdemiyasının Arxeologiya İnstitutu, Azərbaycan Respublikası Hərbi Prokurorluğu əməkdaşları daxil edilib.
Şəmsi Şıxəliyev 1993-cü ilin avqust ayında Bakı şəhərində öz doğmalarını müharibə zonasından daha təhlükəsiz yerlərə köçürmək məqsədilə əraziyə gələn erməni hərbçilər tərəfindən girov götürülüb və 48 gün əsir saxlanılıb. O, Edilli kəndində saxlanılarkən erməni hərbçilərinin döyüşlərdə şəhid olan azərbaycanlı əsgərlərin və digər kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu əraziyə gətirərək quyulara töküldüyünü öz gözləri ilə görüb.
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Geyimlərindən qalıqların hərbçilərimizə aid olduğu güman olunur. Həmçinin ekspertiza yolu ilə müəyyən olunub ki, bu insanlara əvvəlcə işgəncə və əzab verilib, qətlə yetirildikdən sonra isə kütləvi şəkildə, qeyri-insani formada dəfn ediliblər. Meyitlərin sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür.
Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir.
Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilmişdir. Sənəddə eyni zamanda hərbi əsirlərlə davranış qaydaları müəyyən edilmişdir. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törətmişdir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə aşkar edilmiş daha bir kütləvi məzarlıqla bağlı tviter səhifəsində paylaşımında bildirib: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir”.
Vətən müharibəsinin davam etdiyi dövrdə beynəlxalq ictimaiyyət dəfələrlə erməni vəhşiliyinin şahidi oldu. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu. Müharibə dövründə arasında uşaq, qadın, yaşlıların da olduğu 100-ə yaxın mülki şəxs həlak olmuşdur. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin bu günün özündə də Ermənistan hər vəchlə basdırılmış mina xəritələrini Azərbaycana təqdim etməkdən boyun qaçırır, yanlış xəritələr verməklə beynəlxalq ictimaiyyəti aldadır. Bu isə rəsmi İrəvanın hələ də hərbi cinayətlər törətdiyini sübut edir. Basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir.
Edilli kütləvi məzarlığı erməni vəhşiliyinin növbəti sübutudur. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən təkcə Xocavənd rayonunda deyil, o cümlədən Ağdam, Füzuli, Şuşa rayonları ərazisində fərdi və kütləvi məzarlıqların olması barədə məlumatlar daxil olub. Bu məlumatlar toplanmış materiallara, şahid ifadələrinə əsasən ümumiləşdirilmişdir. Artıq Dövlət Komissiyası bu məlumatlar əsasında həmin məzarlıqların yerini müəyyən edib, orada dəfn olunan insanların təxmini sayı müəyyənləşdirilib. Ardıcıl olaraq ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq. Bu günə qədər 4000-ə yaxın itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Dövlətdaxili cinayət hüququ və beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayət kimi tanınır.
Bu cinayətlər beynalxalq arenada lazımi cəzasını almalı, cinayəti törədənlər hüquqi sferada cəzalandırılmalıdır. Erməni lobbisinin təsiri altında bizi təcavüzlə, qeyri-insani rəftarlarla ləkələməyə çalışan aparıcı dövlətlər və beynəlxalq təşkilatlar ikili siyasətlərindən əl çəkməlidir. Ermənistan hərbi cinayətkardır və buna görə də beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir.
Nailə Tağızadə