Azərbaycan – Avropanın etibarlı tərəfdaşı

 

2022-ci il 1 oktyabr tarixində Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Bu tarixi mərasimdə iştirak etmək üçün Prezident İlham Əliyev xüsusi dəvət olunmuşdu. Məlumdur ki, 7 aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi Avropa qitəsini dərin enerji böhranı ilə üz-üzə qoymuşdur. Belə bir gərgin geosiyasi vəziyyətdə zəngin enerji resurslarına malik olan Azərbaycanın mövqeyi daha da artıb. Prezident İlham Əliyevin Bolqarıstana səfəri, orada keçirdiyi görüşlər və səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışının edilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolundan xəbər verir.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB)  Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın “Şahdəniz-2” qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək qaz kəməridir. IGB TAP-a birləşdiriləcək və onun vasitəsilə “Şahdəniz” yatağından qaz Avropa bazarlarına çıxarılacaq. IGB-nin təməlqoyma mərasimi 22 may 2019-cu ildə Bolqarıstanda baş tutub. Qaz kəmərinin uzunluğu 182 kilometrdir. Birinci mərhələdə qaz kəmərinin ötürmə qabiliyyəti ildə üç milyard kubmetr qaz təşkil edəcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə kəmərin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaza çatdırıla bilər. Layihənin ümumi investisiya dəyəri təqribən 240 milyon avro (ƏDV istisna olmaqla) qiymətləndirilir, bunun 220 milyon avrosu əsaslı xərclərdir.

Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bildirdi ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Məlumdur ki, 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı ara­sında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzala­ndı. Çıxışında bu mövzuya da toxunan Prezident İlham Əliyev qeyd etdi ki, bu Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır: “Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”. Prezident bildirib ki, Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək: "Ötən il bizim qaz ixracımız 19 milyard kubmetr olub. Bu il isə 22 milyard kubmetr qaz ixrac etmək niyyətindəyik".

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən  Avropanın enerji böhranından çıxmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq bildirib ki:” Avropanın qış üçün kifayət qədər qazı olacaq: "Azərbaycan, Norveç, ABŞ, Əlcəzair kimi etibarlı təchizatçılarımız və dostlarımız var. Onlar bu kritik anda bizə kömək edirlər". Həmçinin Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentinin olduğunu deməsi də məhz dövlətimizin başçısına və bütövlükdə Azərbaycana verilən xüsusi qiymətdir. İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkünləşdi. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir. Bununla da Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələrinin də enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə vermiş olur. 

Prezident İlham Əliyevin Bolqarıstan səfəri təkcə Bakı ilə Sofiya arasında deyil, bütövlükdə bütün Avropa ilə strateji tərəfdaşlıq münasibətlərində geniş perspektivlər açır. Bu o deməkdir ki, Azərbaycanın Aİ-nin iqtisadiyyatında rolu daha da artır. Ölkəmiz Avropa İttifaqının qaza olan tələbatının ödənilməsinə yardım etmir, həm də Birliyin təhlükəsizliyini, demokratik dəyərləri, quruma üzv dövlətlərin suverenliyini müdafiə edir. Rəsmi Bakı Avropanın bütövlüyünü qorumaqla yanaşı, onu asılılıqdan qurtarır. Həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevriləcək. Təbii ki, Azərbaycanın Avropanın enerji bazarında və nəqliyyat dəhlizlərində rolunun artması yeni maliyyə mənbələrimizin yaranmasına səbəb olur. Bu isə öz növbəsində iqtisadiyyatımızın daha da güclənməsinə, qlobal iqtisadi gərginlik dövründə əhalinin gəlirlərinin çoxalmasına, yaşayış səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Ümumilikdə Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə yaxındır. Yəni, Azərbaycanın həm Avropaya qaz tədarükünü artırmaq, həm də artan daxili tələbatı ödəmək potensialı var. Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Prezident İlham Əliyev daim xüsusi vurğulayır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayır. Həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevriləcək.

                                                                                                             Nailə Tağızadə

2022-10-03 / 16:28
Facebook