27 sentyabr 2020-ci il tarixi millətin yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Məhz həmin tarix ilə uzun illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr bununla bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz düşmənə “dəmir yumruq” ifadəsinin nə olduğunu, necə olduğunu anlatdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşməndən təmizləndi.
Vətən müharibəsində diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır... Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Vətən müharibəsində qazanılmış hərbi-siyasi zəfərdən sonra vaxtilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə getmiş oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Prezident İlham Əliyev dəfələrlə Ermənistanın statusla bağlı iddialarına sərt şəkildə cavabını verib: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır". Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin arasında əldə edilən məlum razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyırdı, eyni zamanda, bəyanatla Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilirdi. Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən Kəlbəcər, Ağdam və Laçın rayonlarını işğalçılardan təmizləməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirdi. Böyük siyasi, diplomatik, hərbi səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır məğlubiyyətinin ifadəsi idi. Azərbaycanın dəfələrlə xəbərdarlığına, düçar olduqları biabırçı məğlubiyyətə rəğmən artıq 2 ilə yaxın keçməsinə baxmayaraq hələ də ermənilər bəyanatdan irəli gələn bəzi müddəaları yerinə yetirməkdən boyun qaçırırlar.
Məğlubiyyətə düçar olan, döyüşdən qaçmasın deyə səngərlərdə öz əsgərinin ayağını zəncirləyən Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. 44 gün ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.
Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə ordumuzu qələbəyə daha da ruhlandırdı. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə də müharibəni qazandı. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında yüksək hazırlığa, geniş dünyagörüşünə malik olan fərqli bir liderlə qarşılaşdı. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyəti, dönməz iradəsi və qətiyyəti ilə İlham Əliyev bütün təzyiqlərə cəsarətlə sinə gərdi, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün müzəffər Ali Baş Komandanı olaraq daxil oldu.
Qazanılan mütərrəqi zəfərlə: - ərazi bütövlüyümüz təmin edildi; - ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; - milli birliyimiz daha da möhkəmləndi; - BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu; - yalançı erməni uydurmaları ifşa olundu; - Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də müharibənin başlandığı 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzaladı. Bu, şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Qeyd edək ki, zəfərimizə Azərbaycan Ordusunun 2908 şəhidinin qanı bahasına nail olunub. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir və verməlidir. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər. Artıq ikinci ildir ki, sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edildi. Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da yürüşdə iştirak etdilər.
Bu gün istər şəhid ailələri, istərsə də qazilərimiz hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar. Hələ müharibənin ilk vaxtlarından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində çoxşaxəli işlər həyata keçirilir. Bu, bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır
44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu gün də revanşist hisslərlə yaşayan, vaxtaşırı baş qaldırmağa çalışan erməni cəmiyyəti və hakim dairələri bilməlidir ki: Dəmir yumruq yerindədir! İndiyədək ordumuz tərəfindən erməni separatçılarının fəaliyyətinin qarşısı necə fəallıqla alınıbsa, bundan sonra da alınacaq. Qarabağ Azərbaycandır!
Nailə Tağızadə