2022-ci il 21 sentyabr tarixində Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Ermənistanın 12-14 sentyabr tarixli təxribatından sonra reallaşan bu səfər çox ciddi anlam və önəm daşıyır. Ordumuzun son qətiyyətli qələbəsi ilə barışa bilməyən Ermənistan saxta təbliğat maşınını yenə işə salıb. “Aciz, köməksiz” obrazına bürünən haylar beynəlxalq arenadan kömək gözləyirlər. Ermənistan rəhbərliyi Azərbaycanı “təcavüzkar” kimi qələmə verməyə çalışır, bizi Ermənistan sərhəddini pozmaqla “günahlandırır”. Belə yerdə deyirlər – utnamasan oynamağa nə var ki… 30 ilə yaxın müddətdə torpaqları işğal altında olan, sərhəddi pozulan,maddi və mənəvi təcavüzə məruz qalan tərəf biz, saxta ittihamlarla özünü “məzlum” kimi təqdim edən isə Ermənistan …
Laçın şəhərində Bayrağımızı ucaldarkən dövlət başçısının çıxışı, ismarıcları Ermənistan cəmiyyəti üçün bir dərs olmalıdır. Son vaxtlar Ermənistan tərəfi beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır, hər vəchlə ölmüş Minsk qrupunun fəaliyyətini yenidən dirçəltmək, danışıqlar prosesinə cəlb etmək üçün səylər göstərir. Prezident çıxışında münaqişə mövcud olduğu müddətdə beynəlxalq və regional təşkilatların fəaliyyətsizliyini, problemin danışıqlar yolu ilə həlli istiqamətində heç bir tədbir görmədiklərini, erməni yalanlarına göz yummalarını xatırlatdı: “Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”.
Ali Baş Komandanın açıqlamalarından aydın görünür ki, Ermənistanın revanşist və təxribatçı siyasətinə cavab olaraq ordumuz bütün sərhədboyu ərazilərdə yerləşmişdir. Sərhəd boyunca əldə edilən mövqelərin istənilən erməni təxribatını qabaqcadan görməyə və lazımi tədbirlər həyata keçirməyə imkan verdiyini bildirən Prezident deyib: “Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır”.
Ermənistanın yaydığı saxta informasiyalara da münasibət bildirən dövlət başçısı Ermənistanın Azərbaycan Ordusunun onların sərhədlərinə girməsi ilə bağlı ittihamlarının heç bir əsası olmadığını, həmin ərazilərdə sərhəd xətlərinin inşa edilmədiyini, kommunikasiya, mühəndis işlərinin qurulmadığını vurğuladı. “Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”, - deyə dövlətimizin başçısı qeyd edib. Prezident onu da xüsusi vurğuladı ki, əgər düşmən yeni bir təxribata cəhd edərsə yenə layiqli cavab veriləcək. “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir” – deyə Ali Baş Komandan bildirib.
Laçın şəhəri də Qarabağımızın digər bölgələri kimi erməni vandalizminə məruz qalmışdır. Bütün bunlar 30 ilə yaxın bir dövrdə dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Bu gün erməni lobbisinin təsiri altında Azərbaycanı günahlandırmağa çalışan beynəlxalq qurumlar, dövlət və hökumət nümayəndələri illərdir bu vandallığı görməzdən gəlirdilər. Belə olan halda beynəlxalq ictimaiyyətdən ədaləti gözləmək nə dərəcədə doğrudur?!
Prezident Laçından laçınlıların çoxdandır gözlədiyi müjdəli xəbəri də verərək ən qısa zamanda laçınlıların öz dədə-baba torpaqlarına qayıdacağını, Böyük Qayıdışın davamının olacağını bildirdi. Bu gün Laçına müxtəlif istiqamətlərdən avtomobil yollarının çəkilişi davam edir, eyni zamanda Laçında Beynəlxalq Hava Limanının inşası davam edir və Laçının bütün elektrik təminatları üzrə məsələləri öz həllini tapmaqdadır. Prezidentin də hər zaman vurğuladığı kimi Qarabağ və Şərqi Zəngəzur mahalı cənnət məkana çevriləcək. Heç kim bu prosesi dayandıra bilməz, heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz.
Erməni cəmiyyəti sonuncu biabırçı məğlubiyyətlərindən dərs çıxarmalıdır. Bizim 5 prinsip əsasında təklif etdiyimiz sülh müqaviləsinin bağlanması üçün Ermənistan da bizim qədər həvəsli və inamlı olmalıdır. Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına, maddi-mədəni abidələrimizin dağıdılmasına, çoxsaylı insan itkisinə, faciələrə məruz qalmamıza baxmayaraq ilk biz Ermənistana sülh təklif etdik, danışıqlar prosesinin ən məqbul yol olduğunu bildirdik. Ancaq Ermənistan yenə də təcavüzkar xislətindən əl çəkmək niyyətində deyil, vaxtaşırı təxribatlar törətməkdədir. Ermənistan hakimiyyəti də, cəmiyyəti də dərk etməlidir ki, sülh onların yeganə çıxış yoludur. Revanşist hisslərlə yaşamaqla ancaq özlərinə ziyan verir və ölkələrinin çöküşünü sürətləndirirlər.
Nailə Tağızadə