Pelosinin Ermənistan səfəri və hayların şüvənliyi ...

 

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi son genişmiqyaslı təxribata ordumuz tərəfindən layiqli cavab verildikdən sonra Ermənistan hakim dairələri hər zamanki kimi biabırçı məğlubiyyətlərini pərdələməyə, ənənəvi peşələrinə sadiq qalaraq hay-küyçülüyə başladılar. Bədxah qonşularımız yenə də “yazıq” obrazına bürünərək, “amansız” düşmən tərəfindən qəfil hücuma məruz qalmaları barədə dünyaya bəyanat yaydılar. “Aciz, məzlum, təklənmiş, yazıq” cildinə girən ermənilər “xəbərsiz” şəkildə ədalətsiz müharibəyə cəlb olunmaları ilə bağlı şüvən saldılar. Qərb isə yenə ikili standartlar mövqeyindən yanaşma nümayiş etdirdi.

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri regionda Azərbaycanın tərəfdar çıxdığı sülh və sabitlik mühitinə ağır bir zərbə oldu. Bu səfər sülh prosesini sürətləndirmək üçün təzyiqlərin artırılmasının vacib olduğu bir vaxtda vəziyyəti daha da qəlizləşdirməyə, böhran mühitinin yaranmasına yönələn bir addım oldu. Vəzifə müddətinin başa çatmasına iki ay qalan Pelosi regionda yaranmış gərgin vəziyyətdən öz şəxsi məqsədləri naminə istifadə etdi. ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır. Qeyd edək ki, Pelosinin İrəvana səfəri barədə informasiyalar  sentyabr ayının  əvvəllərində gündəmə gəlmişdi. Amma  ABŞ höküməti  səfər  xərclərini ödəməkdən imtina etdiyi üçün səfər ləğv olunmuşdu. Nensi Pelosinin bu təcili səfərinin xərclərinin bir hissəsini Konqresdə fəaliyyət göstərən  Amerika Erməni Kommitəsi-ANCA ödəyib. Digər  hissəsi isə Rusiyalı biznesmen Ruben Vardanyanın payına düşüb. Nensi Pelosinin İrəvana səfəri erməni icmasına  nə az,  nə çox, tam  120 milyon dollara başa gəlib. Bu məbləğə baxdıqda Pelosinin “erməni sevgisini” başa düşmək elə də çətin deyil.

Pelosi bu səfərilə “erməni dostu” obrazını gücləndirmək istədi. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun bariz təzahürüdür. Hətta xanım Pelosi erməni sevgisinin nə dərəcədə üstün olduğunu sübut etmək üçün qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək gözyaşları tökməyə də məcbur oldu. Bununla da Pelosi seçki qabağı “erməni səsləri”ni qarant altına almış oldu, ancaq regional sabitliyi isə təhdid etmiş oldu. Azərbaycan dəfələrlə bədxah erməni əməllərindən əziyyət çəkmiş, erməni vandalizminin şahidi olmuşdur. 1948-1953-cü illərdə, 80-ci illərdə Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi şəkildə köçürülmüş, əksəriyyəti köç səbəbiylə qarşılaşdıqları çətinlikdən, yeni hava şəraitinə uyğunlaşa bilmədiklərindən həlak olmuşdur. Onda bu hadisələrə də soyqırım adı verilməlidir. Bu həqiqətlər çoxlarına sərf etmir. Çox uzağa getməyək keçən əsrin sonunda baş vermiş dəhşətli “Xocalı faciəsi” erməni terrorunun, erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Lakin, təəsüf ki, beynəlxalq birlik bu mövzuda qətiyyətli mövqe nümayiş etdirmir. Pafos və quru şüarlarla çıxış edən erməni cəlladlarının heç bir fakta əsaslanmayan 1915-ci il “soyqırımı” Qərb dünyasına daha inandırıcı gəlir, nəinki 30 il bundan əvvəl bütün dünyanın gözü qarşısında olan Xocalı faciəsi ... Yaxşı olardı ki, xanım Pelosi Xocalı ilə bağlı da məlumatlanardı. Bəlkə o zaman hansısa obyektivlikdən danışıla bilərdi ... Səs naminə belə ciddi bir oyuna gedən Pelosi dünyada formalaşdırmağa çalışdığı “demokratik, obyektiv, humanist və qərəzsiz” siyasətçi imicini də ləkələyir.

Maraqlıdır ki, Pelosinin səfəri ilə birlikdə Ermənistanda Rusiyanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının Ermənistan ərazisindən çıxarılması və ölkənin KTMT-də üzvlüyünün dayandırılması ilə bağlı mitinqlər başladı. Reallıq isə budur ki xarici qüvvələrin əli vasitəsilə başladılan bu mitinqlər sadəcə şoudan ibarətdir. İqtisadi çöküş yaşayan Ermənistan faktiki olaraq müstəqil deyil, vassaldır. Ölkə güclə ayaqda qalır. Son zamanlar Ermənistana ən çox silah satan və hətta təmənnasız şəkildə silahlandıran Rusiyaya qarşı nifrəti və ittihamları artıran erməni cəmiyyəti məhvini daha da sürətləndirir. Jurnalist və hərbi ekspert İqor Korotçenkonun ermənilərə müraciətlə bu haqqda dediyi şərh real vəziyyəti ortaya qoyur: "Rusiya siyasi və diplomatik üsullarla münaqişəni çox tez dayandırdı. Nəticədə isə İrəvandan minnətdarlıq əvəzinə, “Bu, Rusiyanın yox, ABŞ-ın xidmətidir” sözünü eşitdik. Sonra da ortaya Pelosi çıxdı… İndi ABŞ-a üstünlük verirsiniz? Siz yenidən atəş açanda və ya xarici əraziləri minalamaq üçün can atan zaman Rusiyanın da sizi, çox demirəm, beşcə günlük Azərbaycanla təkbətək qoymağa tam haqqı olacaq".

Regionda güclənən Azərbaycan-Türkiyə birliyini zəiflətmək, həmçinin Rusiyanın təsir dairəsini azaltmaq üçün  Qərb Ermənistandan bir oyuncaq kimi istifadə edir. Mövcud durum isə bundan ibarətdir ki, regionda özünü blokadaya alan Ermənistana Qərbdən hər hansı maddi-texniki yardımın gəlməsi qeyri-mümkündür. Ermənistanın yerləşdiyi coğrafi mövqe, həmçinin Azərbaycanın əhəmiyyətli geostrateji rolu buna əngəl olur. Qərb mövcud böhrandan çıxmaq üçün Azərbaycana ümid bəsləyir və münasibətləri hər vəchlə pozmamağa çalışır. Son təxribatlarda da yalnız Fransa erməni təəssübkeşliyi mövqeyindən çıxış etdi. Nəzərə alsaq ki, Fransa erməni lobbisinin, erməni terror qruplaşmalarının məskunlaşdığı əsas dövlətlərdəndir, bu baxımdan  Fransanın “qardaşlığı” anlaşılandır. 44 günlük Vətən müharibəsində də biz belə hədələrin, təhdidlərin çox şahidi olduq. Nəticə isə göz önündədir. Haqlı mövqeyimizi ordumuzun gücü sayəsində bütün dünyaya qəbul etdirə bildik. İndi də elə olacaq. Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Ermənistan özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurur. Bu addımlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Biz sona qədər öz haqq mübarizəmizi davam etdirəcəyik, ərazi bütövlüyümüzü, sərhədlərimizin təhlükəsizliyini təmin edəcəyik. Beynəlxalq birlik də öz qərəzli məqsədləri naminə vəziyyəti qəlizləşdirmək yerinə, Ermənistana təzyiq göstərməli, regionda sülh və sabitliyin təşviqinə yardım etməlidir.

                                                                                                             Nailə Tağızadə

2022-09-19 / 14:26
Facebook