2 ilə yaxındır ki, sülh prosesini hər vasitə ilə yubatmağa çalışan, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı heç bir əməli fəaliyyət sərgiləməyən Ermənistanın 12-14 sentyabr tarxlərindəki növbəti təxribatı “Qətiyyətli cavab” əməliyyatı ilə alındı. Şanlı ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, istər texniki, istərsə də şəxsi heyət baxımından çoxsaylı itkilərə məruz qaldı, düşmənin 53 döyüş mövqeyi, strateji əhəmiyyətə malik xeyli sayda hakim yüksəkliklər nəzarətə götürüldü, Ermənistanın sərhədyanı bölgədəki hərbi infrastrukturu məhv edildi. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edildi və yaralıları var.
Düşmənin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb. Həmçinin düşmənə məxsus 1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək ədəd top və haubitsa, 10-dan çox minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus 1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ, 1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobil və 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib. Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.
Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qanlı döyüşlərdə Azərbaycan Ordusu 77 şəhid versə də, Ermənistan yüzlərlə hərbçisini itirdi. Müzəffər Ordu şəhidlərimizin qanını yerdə qoymadı. Ermənistan tərəfi etiraf etməsə də 400-dək hərbçisi məhv edilib. Meyitlərin çoxu hələ də döyüş meydanlarında qaldığına görə Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirib ortaya çıxara bilmir. Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində hələ ki 135 erməni hərbçisinin öldüyünü açıqlayıb, lakin bu sayın yekun rəqəm olmadığını da vurğulayıb.
Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahların, ağır artilleriya vasitələrinin və şəxsi heyətin cəmləşdirilməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona göstərirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarında həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginliyi saxlamaq məqsədini güdürdü. Ordumuzun qətiyyətli cavab tədbiri ilə təşvişə düşən təxribatçı Ermənistan sonunda yenə də beynəlxalq təşkilatlara, havadarlarına yalvararaq atəşkəsin təmin olunmasına vasitəçi olmalarını xahiş etdi. Paşinyanın dəfələrlə müraciətinə baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri açıq şəkildə Ermənistana hərbi yardım göndərməkdən imtina etdilər. Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitinə getməkdən imtina etməsi İrəvanın hərbi-siyasi məğlubiyyətinin sübutu idi. Göründüyü kimi Paşinyanın nüfuzlu siyasətçilərin toplaşdığı sammitə getməyə və öz əsassız iddialarını söyləməyə üzü yoxdur .
Azərbaycan bir daha göstərdi ki, öz haqlı mübarizəsini sonadək davam etdirəcək, hər hansı beynəlxalq təzyiqlərdən çəkinməyəcək və suverenliyimizi təhdid edən istənilən addıma anında cavab verəcək. Ermənistan nə qədər gec deyil bu biabırçı məğlubiyyətlərindən nəticə çıxarmalıdır. Gərgin böhran içərisində boğulan erməni cəmiyyəti və hakim siyasi dairələri xülyalarından əl çəkməlidir. Azərbaycan hər zaman sülhü təşviq edib, regionda sabitlik, əmin-amanlıq tərəfdarı olub. Vətən müharibəsi göstərdi ki səbrimiz də bir yerə qədərdir. Ermənistan reallığı dərk etməlidir. Səbrimizlə oynamasınlar, Ali Baş Komandanın da daim vurğuladığı kimi – Dəmir yumruq yerindədir, bunu heç kim unutmasın!
Nailə Tağızadə