2022-ci il 12 sentyabr tarixində gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Son bir aydır ki, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətindəki təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter alıb. Dəfələrlə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdləri müəyyən edilib və hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı alınıb. Azərbaycan tərəfinin Ermənistana və havadarlarına ünvanladığı bəyanatlara baxmayaraq həmişəki kimi Ermənistana heç bir təzyiq göstərilməyib.
12 sentyabr gecə saatlarından isə təxribatlar daha geniş miqyas almağa başladı. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutuldu, nəticədə şəxsi heyət arasında itkilərimiz oldu, hərbi infrastruktura ziyan dəydi.
Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində isə guya Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə cəfəng xəbərlər yayıldı. Müdafiə Nazirliyi bir neçə dəfə məlumat yayaraq bildirdi ki, erməni iddiaları əsassızdır. “Regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır” – deyə Nazirliyin bəyanatında vurğulandı.
Azərbaycan ordusunun erməni təxribatına cavab olaraq keçirdiyi əməliyyatın adı - “Qətiyyətli cavab” oldu. 13 sentyabr səhər saat 9:15-də Azərbaycan Ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatdı. Ən qısa müddətdə, mülki obyektlərə ziyan dəymədən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilən əməliyyat nəticəsində Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edildi.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı, xeyli canlı qüvvəsi məhv edildi. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayınının 49 nəfər olduğunu, bu rəqəmin yekun olmadığını bildirdi. Qeyri-rəsmi mənbələrə görə isə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib ki, onların dəyəri yarım milyard dollardan çoxdur. Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb. Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd etsə də Dövlət Sərhəd Xidmətinin bölmələri bu təxribatların qarşısını qətiyyətlə aldı, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endirdilər. Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilməyə məcbur oldu.
Avqustun 3-də erməni təxribatına cavab olaraq keçirilən “Qisas” əməliyyatı zamanı Ermənistana mesaj verildi. Göründüyü kimi bu mesaj Ermənistana dərs olmadı. 31 avqust tarixində reallaşan Brüssel görüşündə Ermənistanın humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı razılaşmanı qəbul etməsinə baxmayaraq daha da aqressivləşdi, sülh üçün fəaliyyət nümayiş etdirmək yerinə təxribata əl atdı. Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirən Ermənistan vəziyyəti daha da gərginləşdirdi.
Sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinqdə bildirdi ki, "Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır".
Bir neçə gün əvvəl rəsmi Bakı xoş niyyət göstərərək erməni diversantları Ermənistana iadə etdi. Azərbaycanın humanist addımına ermənilərin verdiyi cavab isə bu oldu. Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əminamanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur. Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Vətən müharibəsindən qalib çıxan Azərbaycan Ordusu ötən iki ilə yaxın müddət ərzində də Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görüb, həyata keçirilmiş ardıcıl təxribatların qarşısını alıb. Lakin göründüyü kimi, bu tədbirlər Ermənistana hələ də dərs olmayıb və fürsət düşdükcə öz şovinist siyasətlərini reallaşdırmağa çalışırlar. Bu təxribat bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu vəziyyətdən yeganə çıxış yolu – Qarabağda fəaliyyət göstərən erməni separatçılarının son nəfərinə kimi Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zonanın yaradılmasıdır. Ötən ay ərzində davam edən və bu gecə şiddətli mərhələyə keçən təxribatların davam etməməsi üçün Ermənistan sülhə məcbur edilməlidir.
Biz hər zaman bəyan edirik ki, başqa dövlətin ərazisini işğal etmək niyyətimiz yoxdur, sülh mühitində yaşamağın tərəfdarıyıq. Daim humanizm prinsiplərini əsas götürürük. Hətta Ermənistanın bu son təxribatlarında belə Azərbaycan hərbçilərinin yaralı erməni əsgərinə ilkin tibbi yardım göstərməsi ilə bağlı sosial şəbəkələrdə video görüntülər yayıldı. Təkcə bu fakt özü belə bizim nə dərəcədə sülhsevər, humanist mövqedə olmamızın isbatıdır. Lakin bizim səbrimizin də bir həddi vardır. Ali Baş Komandanın da vurğuladığı kimi: “Dəmir Yumruq yerindədir!” Dövlətimizin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün sonadək ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısı qətiyyətlə alındı, düşmənə “Qətiyyətli cavab” verildi və növbəti dəfə yenə belə təxribata əl atılsa bundan da ağır cavab veriləcək.
Nailə Tağızadə