Ağalıya növbəti köç ...

 

2022-ci il 27 may tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Bu açılış mərasimi ilə "Böyük qayıdış" prosesinə start verildi.

Sentyabrın 7-də  Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başlandı. Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən sayca beşinci köç karvanı yola salındı. 63 nəfərdən ibarət 12 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürüldü.  Sentyabrın 10-da isə Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 13 ailədən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatdı. İyirmi doqquz ildən sonra Vətənə qayıdan zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşıladı.

“Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) köçürülüb.  Ümumilikdə Ağalı kəndinə 6 köç karvanı yola salınıb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Hər bir ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.  

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.  İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Qeyd edək ki, azad edilmiş ərazilərdə ilk pilot layihə olaraq məhz Zəngilanda 200 evdən ibarət “ağıllı kənd” salınıb. Kənddə 360 şagird üçün nəzərədə tutulan məktəb, 60 yerlik uşaq bağçası, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər -  “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək fəaliyyət göstərir. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

“Ağıllı kənd” layihəsi kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcək, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatının formalaşmasına da töhfə verəcək. Erməni işğalından azad olunmuş digər ərazilərimizdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq, həmçinin Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini daha da artıracaq. Bütün bu fəaliyyət isə onu deməyə əsas verir ki, Qarabağın digər bölgələri də tezliklə dirçələcək, Qarabağımızda həyat əvvəlki vəziyyətinə qayıdacaq. 

                                                                                                            Nailə Tağızadə

2022-09-12 / 15:20
Facebook