Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq müstəvisində ...

 

Son illər Azərbaycan və İtaliya arasında bütün istiqamətlərdə, o cümlədən siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da intensivləşdirib. İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz dövlətləri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi fəaliyyətə baş­layıb. 1997-ci il sentyab­rın 25-28-də ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib.

İki ölkənin münasibətləri 30 il ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Respublikamız bu gün İtaliya­nın əsas tərəfdaşlarından biridir, iki dövlət arasında münasibətlər yüksək səviyyədədir. İtaliyanın Azərbaycanla əlaqələri yalnız enerji sahəsini deyil, iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Bunu İtaliya şirkətləri tərəfindən enerji, infrastruktur və nəqliyyat sahələrinə geniş həcmdə sərmayə yatırılması da aydın göstərir.

İtaliya Ermənistan - Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanın­da olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər.

İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində də İtaliya şirkətləri əsas pay sahiblərindəndir. Hazırda respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir.

Vətən müharibəsindən bir müddət sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin, həmçinin İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə video-konfrans formatın­da qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bu­nunla da Qarabağda həyata keçiriləcək layihələrə Türkiyədən sonra İtaliya şirkətləri də qoşulub. İmzalanan müqaviləyə görə, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan dörd 110 kV-luq yarımstansi­yanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirib.

31 avqust 2022-ci il tarixində Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə İtaliyaya işgüzar səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlıq və tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaratdı. Səfər çərçivəsində 1 sentyabr tarixində Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 2 aprel 2022-ci il tarixində Bakı­da ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin təsis olunması barədə razılıq dövlətimizin başçısının 2020-ci ildə İtaliya Respub­likasına dövlət səfəri zamanı əldə olu­nub. İtaliya-Azərbaycan Universitetinin ADA Universitetinin bazasında fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Romada sazişlərin mübadiləsi mərasimində çıxış edən ölkə başçısı bildirdi ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək. Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin İtaliya-Azərbaycan dostluğu mərkəzi olacağına əminliyini ifadə etdi. Azərbaycan və İtaliyanın gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyini vurğulayan ölkə başçısı bildirdi ki: “İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb”.

Prezident İlham Əliyev Romada İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışında da iştirak etdi. Qeyd edək ki, binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub. Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşündə İlham Əliyev xüsusi vurğuladı ki: “Bizkeçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, İtaliya-Azərbaycan Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı”. Daha sonra Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü oldu. Nazirlər Şurasının Sədri Mario Draqi bu səfərin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirdi, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı.

Görüşdə Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edildi. Eləcə də ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində fəal iştirak etdiyi vurğulandı.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olundu.

2 sentyabr tarixində Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda iştirak etdi. Qeyd edək ki, İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində təmsil olunmuşdu. Dövlət başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Çıxışında Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd etdi ki: “Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq”.

Bu səfər bir daha sübut etdi ki, Avropanın ən nüfuzlu dövlətlərindən biri, dünyada 8-ci ən böyük iqtisadi güc olan, “Böyük Yeddilik” və NATO üzvü olan İtaliya Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Bakı ilə strateji tərəfdaşlıq Romanın prioritet milli marağına çevrilib. Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir. Prezidentin İtaliya səfəri, səfər çərçivəsində imzalanan sənədlər, həyata keçirilən danışıqlar, gələcək əməkdaşlıq perspektivləri Azərbaycan-İtaliya münasibətlərində yeni və daha dinamik mərhələnin başlanması deməkdir.

                                                                                                           Nailə Tağızadə

2022-09-02 / 23:23
Facebook