Nazir: “Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri daha da genişlənəcək”

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri qarşıdakı dövrdə daha da genişlənəcək.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan tədbirlər çərçivəsində artıq 100 mindən çox şəxsə 193 min xidmətin göstərildiyini deyib.

O, cari ilin altı ayının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan işlərə verilən yüksək qiymətə görə nazirliyin kollektivi adından dövlət başçısına minnətdarlığını ifadə edib. Bu yüksək etimadın nazirlik üçün həm də böyük məsuliyyət olduğunu vurğulayıb. Ölkə Prezidentinin uğurlu sosial islahatlar proqramının icrası, həssas qruplarla bağlı dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində səylərin daim artırılacağını bildirib.

İclasda qeyd edilib ki, ötən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Bu il üçün onlara daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Cari ilin birinci yarımilində artıq 600-ü təqdim olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olanlara verilib.

Yaxın iki ayda daha 500 mənzil və fərdi ev veriləcək. Ümumilikdə dövlət başçısının tapşırığına uyğun olaraq nazirlik növbədə olan bütün şəhid ailələri və müharibə əlillərini yaxın gələcəkdə mənzil və fərdi evlərlə təmin edəcək.

2022-07-22 / 12:22
Facebook