Qazilərin intiharında “Vyetnam sindromu” izləri - RƏY

 

“Dünyada baş verən müharibələrdən sonra döyüşdən sağ qayıtmış insanlar arasında depressiya, özünəqəsd, post-travmatik stress hallarının baş verdiyinə dair məlumatlar var. Azərbaycan da müharibə dövrü keçən ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsi dövründə qazilərimiz bədənlərinin müxtəlif əzalarını itirib. Anadangəlmə sağlam insanın bir ayın içində əlini, ayağını, gözünü itirməsini birdən-birə qəbul etməsi asan deyil”.

Bu fikirləri klinik-psixoloq Ofelya Məmmədova deyib.

Onun sözlərinə görə, bir insanın əlsiz, ayaqsız, gözsüz yaşamağı psixoloji baxımdan ona tədricən alışdırılmalıdır:

“Tək protez qoymaqla bəzi məhdudiyyətlər aradan götürülsə də, psixoloji baxımdan sağlam deyillərsə qüsurlarını qəbul etməyecəklər. Odur ki, bütün dövr ərzində qazilərə psixoloji yardım göstərilməlidir”.

Psixoloq qeyd edib ki, intiharın da psixologiyası var:

“İnsan qəbul etmədiyi fiziologiyaya görə etiraz edir. Müharibə iştirakçılarının, hərbçilərin müharibə dövründə gördükləri dəhşətlər və yaralar onlar üçün ağır travmadır. Çünki müharibə vaxtı ayağını, qolunu, gözlərini itirənlər var. Eyni zamanda bədənində olan qəlpə yaraları fiziki ağrı verdiyi kimi, psixoloji cəhətdən aldıqları travmalar mənəvi ağrılar yaşadır. Bu gün qazilərimizdə daha çox müşahidə edilən problemlər arasında kontuziya, nitqin itməsi, obsessiv-kompulsiv pozuntular, fobiyalar, travmadan sonrakı stress sindromu və travmatik stress sindromudur”.

O.Məmmədova çıxış yolu olaraq həmin şəxslərin diqqətdən kənarda qalmamalı olduqdlarını bildirib:

“Çünki onların psixologiyası o qədər həssas olur ki, hər xırda bir yanlışlıq, misal olaraq, kiminsə gülüşü və xoşuna gəlmədiyi baxışları onları utandıra və ya əsəbləşdirə bilər. Onların fiziki məhdudiyyətləri özgüvənsizlik yaratdığı üçün özlərini lazımsız və yararsız biri kimi hiss edirlər. Hər kəs çalışmalıdır ki, onlara qarşı hər hansı etinasızlıq yaradacaq hiss kimi başa düşüləcək nəsə yaratmasın. Onlara özlərinin edə biləcəyi kiçik tapşırıqlar vermək lazımdır ki, cəmiyyətə özlərini yararlı hiss etdiklərini düşünsünlər. Özünü lazımsız və tənha hiss edəndə insan intihara meyilli olur. Həmçinin, tərk edildiyini hiss edəndə də bu yola əl atırlar. Bu gün qazilərin çoxu özlərini bu vəziyyətdə hiss edir. Onlar üsyan edib dəyişə bilmədikləri durumları qəbul etmədikləri halda intihara cəhd edirlər. Psixologiyada belə bir deyim var: - insan intihar etmədən öncə onu intihara sürükləyən hər nədirsə onu öldürməlidir”.

Qeyd edək ki, müharibə veteranlarının döyüşlərdə aldığı travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub. Belə ki, 1964-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsindən sonra yüzlərlə müharibə vereranı intihar edib. Mütəxəsislər “Vyetnam sindromu” termini ilə baş verənlərinin görünməyən tərəflərini ortaya çıxarıblar. Hazırda Ukraynada davam edən müharibədə də bu hallara tez-tez rast gəlinir. Belə ki, Ukraynanın Baş hərbi prokuroru Anatoli Matios bildirib ki, Donbasın ilhaqından sonra ən azı 554 hərbçi intihar edib. Onun sözlərinə görə, döyüşlər zamanı 3784 Ukrayna əsgəri həlak olub və belə çıxır ki, öldürülən hər yeddi əsgərə bir nəfər intihar edən düşür.

2022-07-14 / 16:33
Facebook