Regional və qlobal miqyasda Zəngəzur dəhlizinin işə düşməsi ciddi geosiyasi və geoiqtisadi yeniliklərə təkan verəcək. Zəngəzur dəhlizi Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq statusunu daha da artıracaq. Bu gün beynəlxalq layihələr üçün Azərbaycan ərazisi sözün əsl mənasında regionun nəqliyyat qovşaqlarının habı rolunu oynayır. Zəngəzur dəhlizi bu baxımdan Azərbaycanı bir neçə istiqamətdə region, Asiya və Avropa ilə birləşdirən strateji məkan statusunu ala bilər. Faktiki olaraq, dünyanın böyük gücləri Zəngəzur dəhlizinin bu funksiyasını artıq qəbul edib ona dəstək ifadə edirlər. Dəhliz regional əməkdaşlıq və beynəlxalq layihələrin icrası aspektlərində böyük dövlətlər üçün də əhəmiyyət kəsb edir. Bu marşruta müxtəlif istiqamətlərdə əməkdaşlığın mühüm bəndlərindən biri kimi baxılır. Qeyd etmək lazımdır ki, region dövlətlərinin Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiya şəbəkəsindən səmərəli və koordinasiyalı istifadə edilməsinə imkan verən əməkdaşlıq formatı haqqında təklifin də təşəbbüskarı Azərbaycandır. Bu isə, birincisi, regional təhlükəsizliyin davamlı təminatı, ikincisi, regional əməkdaşlıqla qlobal əməkdaşlıq arasında sağlam əlaqənin yaradılması deməkdir. Bu dəhliz Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsinə imkan verəcəkdir.
Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Lakin bununla belə, hələ də Ermənistanda bəzi dairələr Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan “Əl Cəzirə” kanalına müsahibəsində iddia etdi ki, 10 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizindən heç bir söhbət getmir və yalnız Laçın dəhlizindən bəhs edilir. Halbuki, həmin bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Bu yeni nəqliyyat kommunikasiyaları məhz Zəngəzur dəhlizini özündə ehtiva edir və Ermənistan rəsmi şəkildə üzərinə götürdüyü öhdəliyə müvafiq olaraq sözügedən dəhlizin açılmasını təmin etməlidir. Qeyd edək ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nəzərdə tutulan qaydada icra etməsə, onda Azərbaycan Laçın dəhlizini bağlamaq ixtiyarındadır. Azərbaycan dəfələrlə bununla bağlı haqlı iradını bəyan edib. 16 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məsələyə toxunaraq bildirdi: “Ermənistanın kapitulyasiya aktını imzalamasından ötən bir il yarım ərzində Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır. Biz kommunikasiyaların, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə əlaqənin açılması ilə bağlı Ermənistandan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata riayət edəcəyini gözləyirik. Təəssüf ki, Ermənistanın kapitulyasiya aktını imzalamasının üzərindən artıq bir il yarım keçir, amma bu vaxtadək gediş-gəliş yoxdur. Bu, qəbuledilməzdir. İlk növbədə, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəasının pozulmasıdır. Bu, həmçinin regionda disbalans yaradır, çünki eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürüb. Bir il yarımdır ki, Ermənistan Laçın yolunu bu maneəsiz əlaqə üçün istifadə edir. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq”. Bununla ölkə başçısı Azərbaycanın rəsmi mövqeyini bir daha ifadə etmiş oldu. Əgər Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini pozmağa davam edərsə, onda bu ölkə, eləcə də Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə qalan ermənilər Laçın dəhlizinə həsrət qalacaqlar. Prezident İlham Əliyev də IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı xüsusi olaraq qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir: “Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu, bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”.
23 iyun 2022-ci il tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən münasibətlərin normallaşması fonunda dəhliz məsələsinin hələ də reallaşmamasına toxunan dövlət baçısı qeyd etdi: "Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib".
Ermənistanın başqa çarəsi yoxdur. Zəngəzur dəhlizi ya könüllü olaraq açılacaq, ya da Ermənistan buna məcbur olacaq. Bölgənin gələcəyi çoxtərəfli əməkdaşlıqla əlaqəlidir və Zəngəzur dəhlizinin açılması bu mənada əsas məqamdır. Ermənistanın hərbi-sənaye kompleksi Azərbaycana rəqib olmaq və müqavimət göstərmək iqtidarında deyil. Münaqişənin yenidən başlaması Ermənistanın dünya xəritəsindən tamamilə yox olması deməkdir. Buna görə də, iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 75 faizini təşkil edən Azərbaycanla əməkdaşlıq etmək Ermənistan üçün faydalıdır. Ermənistan Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə demoqrafik problemlər daha da kəskinləşəcək, işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, xaos və özbaşınalıq daha da dərinləşəcək. Buna görə də Ermənistan inkişaf istəyirsə, revanşizmi unutmalı və Azərbaycanın təklif etdiyi əməkdaşlıq formulunu qəbul etməlidir.
Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq, regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Ən əsas amil isə bu dəhlizi reallaşdırmaqla Azərbaycan tarixi ədaləti bərpa edəcək. Dövlət başçısının da vurğuladığı kimi, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir...”. Bu dəhliz Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsinə imkan verəcəkdir. Dəhlizin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Digər vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə imkan verəcək, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq.
Nailə Tağızadə